“Yeni parlamentdə 12 partiya təmsilçilik qazanacaq” – Politoloq seçkidən gözləntilərini açıqladı
Politoloq Nəsimi Məmmədli 1 sentyabrda Milli Məclisə (MM) keçiriləcək növbədənkənar seçkilərin nticələri ilə bağlı ehtimalllarını açıqlayıb. “AzPolitika” xəbər verir ki, ekspert “Facebook” hesabındakı paylaşımında VI çağırış MM-in tərkibindən 88 nəfərin (70.4%) yenidən mandat alacağını qeyd edib. “Digər 37 nəfər (29.6%) yeni şəxsin arasında 7 nəfəri daha öncə də deputat olub. 30 şəxs yeni mandat sahibləridir”, - o, əlavə edib. N.Məmmədli hesab edir ki, yeni parlamentdə 12 partiya təmsilçilik qazanacaq: “YAP siyahısı üzrə 69 mandat (55.2%) veriləcək. Bunlardan 51 deputat sonuncu MM-də təmsil olunub. YAP-ın 18 yeni deputatının 6-sı daha öncə də deputat olub. Yeni 12 deputat (10%) mandat alacaq. Bitərəflərin mandatı 42 nəfər (33.6%) olacaq. Bunlardan 29-u sonuncu MM-də təmsil olunub. 13-ü isə yenidir. 11 fərqli partiyadan (içərisində müxalifət də olacaq) 14 nəfər (11.2%) mandat əldə edəcək. Öncəki MM-də təmsil olunan 10 partiyanın 9-u mandatını saxlayacaq. Yeni 3 partiyaya mandat veriləcək. MM-də 12 partiyanın mandatı olacaq”. N.Məmmədlinin sözlərinə görə, yeni mandat alacaq 37 nəfərin 18-i (48.6%) YAP-ın, 6-sı (4.8%) digər 6 partiyanın nümayəndələri olacaq. Onun sözlərinə görə, 13 yeni mandat sahibi isə (35.1%) bitərəflərdir. “Son anda xüsusi gözlənilməz hallar baş verməsə bu ehtimallar dəyişməyəcək”, - o, əlavə edib. Politoloq bildirib ki, indiki deputatlar arasında MM-də faydalı olduqlarını düşündüyü və yenidən deputat görmək istədiyi 9 deputat var. “Yeni namizədlər arasından isə 12 nəfərin deputat olmasını müsbət qarşılayardım. Adları isə açıqlamaq istəmirəm”, - o, qeyd edib.