SUMQAYITda nə baş verir – PREZİdentin MÜŞAVİRƏDƏ vurğuladığı məqamlar...

“Bütün bu işlər ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədi daşıyır” - ekspert

Son zamanlar Sumqayıtda sürətli abadlıq işləri aparılır, parklar salınır, yollar çəkilir. Sakinlər də bildirirlər ki, son bir neçə ildə Sumqayıtın əsas problemlərindən olan binaların zirzəmilərindən çirkab suların çəkilməsi, dam örtüklərinin yenilənməsi, yolların çəkilməsi onların həyat tərzinə müsbət təsir  göstərib.

Prezident İlham Əliyev  Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqlə çıxış edən zaman Sumqayıtda baş verən yeniliklərə diqqət çəkmişdi. Ölkə başçısı Sumqayıtla bağlı aşağıdakıları söyləmişdi:

"Sumqayıt Kimya Sənaye Parkında  işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər".

Eyvaz Qocayev ile ilgili görsel sonucu

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Eyvaz Qocayev də “Yeni Müsavat” açıqlamasında Sumqayıtda görülən işlər barəsində danışıb. O bildirib ki, son dövrlər Sumqayıtda çox sürətli şəkildə abadlıq-quruculuq işləri həyata keçirilib: “Bunu həm sosial-mədəni, həm də iqtisadi sahədə görə bilərik. Şəhər infrastrukturunun yenilənməsi ilə bağlı geniş işlər görülür. Bildiyiniz kimi, 2016-cı ildə Sumqayıtda bir çox layihələr həyata keçirilib. Qısa müddətdə Sumqayıt bulvarı istifadəyə verildi, Heydər Əliyev parkında abadlıq-quruculuq işləri həyata keçirildi və orada Heydər Əliyev Mərkəzinin də əsası qoyuldu. Həmin parkın ərazisində Uşaq-incəsənət, şahmat məktəbi də istifadəyə verildi. Uzun müddət təmir olunmayan Sumqayıt Dövlət Dram Teatrı da təmir olunaraq, teatr sevərlər üçün yenidən açıldı. Bununla yanaşı, Sumqayıtda yol infrastrukturunun da yenilənməsi istiqamətində də mühüm işlər görüldü. Şəhərin əsas giriş yolları hər iki tərəfdən genişləndirilərək tamamilə yenidən quruldu. Həmçinin cənab prezidentin sərəncamı ilə Sumqayıtda çoxmənzilli binaların dam örtükləri, lift təsərrüfatının yenilənməsi, aqlay örtüklərlə üzlənməsi işləri görüldü. 2017-ci illərdə də bu işlər davam etdirildi. Cənab prezidentin 15 dekabrda Sumqayıt şəhərinə səfəri zamanı yeni sənaye müəssisəsələri istifadəyə verildi və eyni zamanda gələcəkdə fəaliyyət göstərəcək müəssisələrin təməli qoyuldu. Bununla yanaşı, Sumqayıt şəhərində Bayraq muzeyi, Yeni Azərbaycan Partiyasının yeni inzibati binası istifadəyə verildi. Uzun müddətdir təmirsiz qalan ”Kimyaçılar" Mədəniyyət Sarayı da əsaslı şəkildə təmir olunaraq şəhər sakinlərinin ixtiyarına verildi. Bu gün də Sumqayıtda abadlıq-quruculuq işləri davam etdirilir. 2018-ci ildə qarşıya qoyulmuş hədəflər var və bu hədəflərə çatmaq üçün işlər davam etdiriləcək. Onu da qeyd edim ki, cənab prezident Sumqayıt şəhərində 105 liftin yenidən bərpası üçün vəsait ayırıb. Bu istiqamətdə və çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, məhəllə daxili yolların asfaltlanması və ümumiyyətlə, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdiriləcək".

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Sumqayıtda sənaye müəssisələrinin yaradılması iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində aparılan işlərin bir parçasıdır:

Fikrət Yusifov ile ilgili görsel sonucu

“Real sektorun inkişafı istiqamətində hökumətin proqram hədəfləri var. Bu müəssisələrin açılması da hədəflərin reallaşdırılması istiqamətində görülən işlərdir. İndiyə qədər nefti xam şəkildə satırdıqsa, artıq neftdən hazırlanan məhsulların həm daxili, həm xarici bazarlara çıxarılması hədəflənib. Sumqayıtda müəssisələrin açılması da bu məqsədləri güdür. Yerlərdə sənaye zonalarının yaradılması, yeni müəssisələrin qurulması nəticə etibarilə iqtisadiyyatın  neftdən asılılığının optimal həddə endirilməsini hədəfləyir. Son iki il ərzində iqtisadiyyatın inkişafında böyük yol xəritələri hazırlanıb. 2017-ci ildə qeyri-neft sektorunda ixracın həcmi 2016-cı illə müqayisədə təxminən 25 faizə qədər artıb. Bu rəqəm artıq onu deməyə əsas verir ki, real sektorun inkişafı istiqamətində görülən tədbirlər tədricən öz nəticələrini verməyə başlayır. Bütün bu görülən işlərin hamısının hədəfi ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirməkdir. İqtisadiyyat neftdən asılı olduğu vəziyyətdə ölkənin maliyyə vəziyyəti də bilavasitə neftdən asılı olur. Biz bunun çətinliklərini 2015-ci ildə manatın iki dəfə kəskin ucuzlaşması fonunda gördük. Ona görə də hökumət də bu vəziyyətə təkrar düşməmək üçün addımları hədəfləyib. Yaxın bir neçə il ərzində qeyri-neft sektorunda ixracın həcmini bir neçə dəfələrlər artırmalıyıq ki, ölkənin maliyyə durumunun neftdən asılılığını aşağı sala bilək”.

 “Yeni Müsavat”






Fikirlər