ƏLİYEV Paşinyanın görüş təklifini qəbul edəcəkmi: Erməni baş nazir yenə hiyləgər plan qurmağa çalışır

Rəsmi Bakı Qarabağ mövzusunu heç bir halda, Ermənistan baş naziri ilə müzakirə etməz; Nikol Paşinyanın “Azərbaycanla danışıqları bərpa etmək üçün ATƏT-in Minsk Qrupundan təklif gözləyirik” açıqlaması isə belə bir görüşün olma ehtimalını ümumiyyətlə, bloklayır...

Son günlər Cənubi Qafqaz regionunda gərginlik böhranlı həddə qədər artıb. Üçtərəfli anlaşmaların icrası kifayət qədər ciddi təhlükə qarşısında qalıb. Və bu durumun yeni savaşa yol açma ehtimalı da daha inandırıcı görüntülər almağa başlayıb.

Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların icrasından açıq-aşkar yayınmağa çalışır. Azərbaycan-Ermənistan sərhədlərində hərbi-siyasi təxribatları israrla davam etdirir. Hətta öz hərbi-siyasi avantüralarını Azərbaycan ərazisinə də keçirtməyə çalışır.

Təbii ki, rəsmi Bakı buna uzun müddət səbrli yanaşa bilməzdi. Ona görə də Azərbaycan Müdafiə Nazirliyinin həm Rusiya sülhməramlı qüvvələrinə, həm də təxribatçı Ermənistana açıq mətnlə sərt xəbərdarlıq etməsi o qədər də gözlənilməz olmadı. Rəsmi Bakı bu xəbərdarlıqla Kremlə Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunduğunu xatırlatdı. Eyni zamanda rəsmi İrəvana da Ermənistan ordusunun qalıqları bölgədən - Azərbaycan ərazisindən çıxarılmayacağı təqdirdə, sərt addımların atıla biləcəyinin mesajını verdi.

 

1537783711_azerbaycan-ordusu.jpg (63 KB)

Belə anlaşılır ki, rəsmi Bakı hərbi əməlyyatlara başlamaq ərəfəsində həm Rusiyaya, həm də Ermənistana sonuncu dəfə baş verə biləcəklərin məsuliyyətini izah etməyə çalışdı. Rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgədən darmadağın edilmiş Ermənistan ordusunun qalıqlarının dərhal çıxarılmasının əvəzinə oraya üstəlıik, əlavə erməni hərbi qüvvələrinin daşınmasına seyirçi qalmayacağını biruzə verdi. Yəni, regionda əsas söz sahibi olan Azərbaycanın səbri tükəndi və öz hərbi-siyasi iradəsini nümayiş etdirdi.

Bundan sonra rəsmi Bakının atacağı növbəti addım böyük ehtimalla hərbi xarakterli ola bilər. Üçtərəfli anlaşmaların yerinə yetilməməsinə reaksiya Azərbaycan ordusunun Xankındi və ərtaf bölgədə antiterror əməliyyatlarına başlaması ilə veriləcək. Və deyəsən, Paşinyan hakimiyyəti rəsmi Bakının qərarlı olduğunu artıq hiss etməyə başlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin son iclasında verdiyi açıqlamaların məzmunu da bunu təsdiqləyir. Belə ki, erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib. Və şübhəsiz ki, bu, rəsmi İrəvanın Azərbaycanın “dəmir yumruğu”na növbəti dəfə tuş gəlmək təhlükəsinin yaratdığı narahatlıqdan qaynaqlanır.

Ancaq rəsmi Bakının erməni baş nazirin görüş təklifinə ciddi yanaşacağı hələlik o qədər də inandırıcı görünmür. Çünki, erməni baş nazir Azərbaycan Prezidenti ilə Qarabağdakı vəziyyəti və regiondakı situasiyanı müzakirə etmək niyyətində olduğunu vurğulayıb. Bu niyyətsə, məsələni qəlizləşdirməklə yanaşı, görüş təklifinin ciddiliyini hələlik şübhə altında buraxır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Məsələ ondadır ki, erməni baş nazir Cənubi Qafqaz regionundakı situasiyanı Azərbaycan Prezidenti ilə müzakirə edə bilər. Yəni, onun Azərbaycan Prezidenti ilə müzakirə etmək istədiyi mövzunun ikinci hissəsi ilə bağlı elə bir problem ortaya çıxmaz. Ancaq mövzunun birinci hissəsi Ermənistan baş naziri N.Paşinyanın boyunu bir xeyli aşır.

Çünki Qarabağ Azərbaycan ərazisidir. Yəni, Ermənistana heç bir aiddiyyatı yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev də lideri olduğu ölkənin ərazisi ilə bağlı heç bir məsələni Ermənistanın baş naziri ilə müzakirə etməz. Və bu məsələ ilə bağlı erməni baş nazirlə müzakirə ediləcək heç bi mövzu artıq qalmayıb.

Azərbaycan Prezidenti heç bir “status”un olmayacağını qəti şəkildə bəyanlayıb. Prezident İlham Əliyev Xankəndi və ətraf bölgənin Azərbaycanın Qarabağ iqtisadi regionuna daxil olunması barədə də Fərman imzalayıb. Yəni, bu mövzu artıq çoxdan qapanıb.

Bu məsələ ilə bağlı Ermənistanın edə biləcəyi o qədər də çox şey qalmayıb. Rəsmi İrəvan bundan sonra heç bir şərt irəli sürmədən dərhal üçtərəfli anlaşmaların icrasına başlamalıdır. Xankəndi və ətraf bölgədəki Ermənistan ordusunun qalıqlarını bölgədən çıxartmalıdır. Buna pararlel olaraq da, bölgədə olan Araik Arutyunyanın separatçı dəstəsini Ermənistana geri çəkməlidir.

Bundan sonra Azərbaycan və Ermənistan arasında aparılacaq danışıqların əsas mövzuları isə sərhədlərin delimitisiyası və ardınca isə demarkasiyasi ola bilər. Məhz bu proses yekunlaşdıqdan sonra regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına da növbə çatacağını düşünmək olar. Və bu, yalnız Zəngəzur dəhlizinin açılmasına paralel şəkildə baş verə bilər.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Ancaq erməni baş nazirin açıqlamalarının məzmununa diqqət etdikdə, onun yenə də siyasi avantüraya can atdığı müşahidə edilir. Belə ki, Nikol Paşinyan bir tərəfdən "Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır” deyir. Digər tərəfdən isə “ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözləyirik. Biz ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa da hazırıq” əlavəsini edir.

Belə anlaşılır ki, erməni baş nazir yenə də siyasi avantüra ilə məşğuldur. Onun Azərbaycanla danışıqları bərpa etmək üçün “ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözləməsini” başqa cür izah etmək çətindir. Çünki, Azərbaycanla danışıqların bərpa edilməsində Minsk Qrupunun hansı rolu oynaya biləcəyini təsəvvür etmək mümkün deyil.

Məsələ ondadır ki, rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasının sona çatdığı qənaətindədir. Həmsədrlər 30 il öz vasitəçilik missiyalarının öhdəsindən gələ bilməyiblər. Nəticədə Azərbaycan münaqişəni həmsədrlərin iştirakı olmadan özü həll etmək məcburiyyətində qalıb. İndi rəsmi Bakının həmsədrlərin vasutəçiliyi ilə Ermənistanla hər hansı məsələnin həllini növbəti 30 ili sərf etmək niyyətində deyil. Ona görə də, Azərbaycan həmsədrlərin iştirakı olmadan birbaşa danışıqlara üstünlük verdiyini qətiyyən gizlətmir.

prezident-yumruq-kollaj.jpg (819 KB)

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, Paşinyan hakimiyyəti rəsmi Bakının son sərt xəbərdarlığından narahat olub. Azərbaycanın hər an hərbi əməliyyatlara başlaya biləcəyindən qorxur. Və rəsmi Bakı ilə danışıqları bərpa etməyə hazır olduğunu bəyanlayır.

Ancaq Paşinyan hakimiyyəti rəsmi Bakı ilə birbağa danışıqların Ermənistan üçün o qədər də asan olmayacağını və Ermənistanın savaşda məğlub olan ölkə kimi Azərbaycanın bütün şərtlərini qəbul etmək məcburiyyətində qalacağını anlayır.

Ona görə də yenidən siyasi avantüraya əl atır. Yəni, Ermənistanı himayə edən həmsədr ölkələri danışıqlar prosesinə qatmaqla, özünə beynəlxalq dəstək sistemi qurmağa çalışır. Əgər, bu, mümkün olmazsa, “danışıqları bərpa etmək” məsələsi ətrafında yeni gündəm yaratmaqla, vaxt qazana biləcəyinə ümid bəsləyir.  /“Yeni Müsavat” Media Qrupu

 
 






Fikirlər