Əliyevin STRATEJİ PLANLARI reallaşır, Putinin "pis sülhü" olmayacaq: Paşinyan Zəngəzur dəhlizini ANONS etdi
Cənubi Qafqaz əsas gündəm mövzusudur. İndi bu regionda baş verənlər və yaranmış vəziyyət beynəlxalq səviyyədə intensiv şəkildə müzakirə edilməkdədir. Bu mövzu hətta MDB dövlət başçılarının online sammitində də kənarda qalmayıb. Rusiya prezidenti Vladimir Putin öz çıxışı zamanı "Pis sülh, yaxşı müharibədən daha yaxşıdır" ifadəsini dilə gətirib. Əlbəttə ki, Kreml sahibi region dövlətləri başçılarının diqqətini sülh və sabitliyin əhəmiyyətə çəkməyə çalışıb. Ancaq bu ifadənin bir söz oyunu xarakteri daşımaqla yanaşı, uğursuz bir müqayisə olduğu da şübhə doğurmur. Məsələ ondadır ki, əslində, pis sülh müharibədən daha pisdir. Çünki, pis sülh yeni savaş təhlükəsiylə yanaşı, həm də gərginlik və inkişaf imkanlarının qapadılması ilə müşayiət olunur. Mövcud problemi dondurub, gələcək nəsillərə saxlayır, nə vaxtsa, potensial yeni savaş mənbəyi rolunu oynayır. Üstəlik, ən azı müharibə qədər, hətta savaşdan da daha çox zərər verir.
Azərbaycanda prezident V.Putinin "yaxşı müharibə"dən daha yaxşı hesab etdiyi "pis sülh" şəraitində yaşamaq təcrübəsi artıq var. Həm də az, nə çox, düz 30 il davam etmiş bu "təcrübə" Azərbaycana 10 milyardlarla dollar ziyan vurub, bir milyona yaxın insan yurd-yuvasından didərgin həyatı yaşayıb. Və bu proses təəssüf ki, hələ də davam edir. Yaxşı müharibəyə gəldikdəsə, savaşın yaxşısı və yaxud pisi olmur. Savaş ya uğurlu, ya da uğursuz olur. Azərbaycan bunun da təcrübəsinə malikdir. Birinci Qarabağ savaşı Azərbaycan üçün uğursuz olmuşdu. Nəticədə Azərbaycan 30 il ərzində Kreml sahibinin öldüyü "pis sülh" şəraitində yaşamaq məcburiyyətində qalmışdı. Sonra 27 sentyabr 2020-ci ildə II Qarabağ savaşı başlandı. Bu dəfə savaş Azərbaycan üçün uğurlu oldu və tarixi qələbə qazandı. Nəticədə 30 illik "pis sülh" dövrü sona çatmış oldu. Azərbaycan 30 il davam edən "pis sülh" dövründə nizamlanmayan əsas problemini məhz cəmisi 44 günlük uğurlu, yəni, "yaxşı savaş" sayəsində həll edə bildi. Fərq göz qabağındadır. Yəni, öz ərazi bütövlüyünü cəmisi 44 gün ərzində bərpa edən Azərbaycan yeni inkişaf mərhələsinə keçmək şansı qazandı. İndi Azərbaycanın bu şansını yenidən savaşdan yaxşı hesab edilən "pis sülh" termini altında bloklanmasına cəhd göstərmək tamamilə yersizdir. Çünki Azərbaycan yenidən növbəti 30 ili "pis sülh" şəraitində keçirtmək niyyətində deyil. Əksinə, rəsmi Bakı savaş meydanında qazanılan tarixi hərbi zəfəri diplomatik sahədə də reallaşdırmaq əzmindədir. Və Azərbaycanın haqqı olan bütün strateji hədəfləri reallığa çevirməkdə qərarlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının sammitində çıxışında verdiyi mesajlar da bunu təsdiqləyir. Azərbaycan Prezidenti rəsmi Bakının Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bəyan edib. Ancaq dövlət başçısı qeyd edib ki, bu proses qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasına və sülh sazişinin imzalanmasına qədər inkişaf etdirilməlidir. Azərbaycan Prezidenti "Qarabağ münaqişəsi artıq keçmişdə qaldı" deməklə, "pis sülh" ssenarisinə imkan verilməyəcəyini də dolayısı ilə eyham vurub. Yəni, rəsmi Bakı bu mövzunun yenidən gündəmə gətirilərək, onilliklər ilə davam edə biləcək mənasız müzakirələrə imkan vermək niyyətindən çox uzaqdır. Və bu, artıq birmənalı şəkildə rəsmi Bakının müzakirə mövzuları sırasında yer almır. Əksinə, Prezident İlham Əliyev Ermənistan ilə diplomatik təmasların yekun sülh sazişinin imzalanması ilə yekunlaşdırılmaslnda israrlıdır. Və bunun Ermənistan üçün də önəmli şans olduğunu birmənalı şəkildə vurğulayıb: "Ümid edirik ki, Ermənistan bu tarixi şansdan istifadə edəcək". Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın MDB sammitindəki çıxışında da müəyyən müsbət mesajlar yer alıb. O, bildirib ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir. Bu, baş verəcəyi təqdirdə, Ermənistan Azərbaycan ərazisindən keçən Rusiya və İrana həm dəmiryolu, həm də avtomobil marşrutları qazanacaq: "Azərbaycan isə Ermənistan ərazisindən Naxçıvana dəmiryolu və avtomobil əlaqəsi əldə etmiş olacaq".
Göründüyü kimi, erməni baş nazir əslində, Zəngəzur dəhlizinin açıla biləcəyindən danışır. Onun bu açıqlaması müəyyən mənada, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağının dolayısı ilə anons edilməsi anlamı daşıyır. Ermənistan baş naziri Azərbaycan ilə yekun sülh sazişinin imzalanmasına da hazır olduğunu gizlətməyib. Sadəcə, o, öz mövqeyini rəsmi Bakının açıqladığı modeldən nisbətən fərqləndirməyə çalışıb. Çünki rəsmi Bakı bütün regional proseslərin Rusiyanın vasitəçiliyi ilə cərəyan etməsinə üstünlük verir. Erməni baş nazir isə Azərbaycan ilə yekun sülh sazişinin imzalanması prosesinin məhz Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi üzərindən reallaşdırılmasını gündəmə gətirir. Burada da bir neçə önəmli məqam diqqəti çəkir. Belə ki, erməni baş nazir Rusiyanın da həmsədr olduğu Minsk Qrupunun yenidən prosesə ortaq edilməsinin Ermənistana əlavə manevr imkanları qazandıra biləcəyini düşünür. Çünki, iki həmsədr ölkənin - ABŞ və Fransanın Ermənistana dəstək verə biləcəyinə ümid bəsləyir. Və bu modelin Türkiyənin regionda proseslərə təsirini zəiflədə biləcəyini hesaba qatır. Digər tərəfdən, Minsk Qrupu həmsədrlərinin missiyasını sadəcə, yekun sülh sazişinin müzakirəsi ilə məhdudlaşdırmaqla, Azərbaycanın bu qurumun fəaliyyətinə müqavimətini neytrallaşdırmağa çalışır. Çünki, erməni baş nazir həmsədrlərin iştirakı ilə "Qarabağ münaqişəsi" ilə bağlı hər hansı mövzunun müzakirəsində hələlik israr etmir. Ola bilsin ki, bu mövzunu gələcək manevrlər üçün müvəqqəti olaraq, arxa planda saxlayır. Və bu, yenə də erməni hiyləgərliyinin əlaməti kimi diqqəti çəkir.
Eyni zamanda, erməni baş nazir Rusiyanın Minsk Qrupunu Cənubi Qafqazda cərəyan edən proseslərə şərik qoşmaq istəmədiyini də bilməmiş deyil. Ona görə də, "Ermənistan Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə Rusiyanın dəstək verəcəyinə ümid bəsləyir" deməklə, Kremlin qəzəbini neytrallaşdıra biləcəyini düşünür. Və bu baxımdan, rəsmi İrəvan reallaşdırılmasından yayına bilmədiyi proseslərdə əlavə manevr imkanları qazanmağa can atır. Ancaq artıq tam dəqiqliyi ilə aydındır ki, Ermənistan mövcud geopolitik şərtlərə və reallıqlara müqavimət göstərmək imkanlarını tamamilə itirmiş durumdadır. İndi rəsmi İrəvan Azərbaycanın hegemon mövqeyi və diqtə etdiyi şərtlər ilə barışmağa başlayıb. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin strateji planları artıq reallığa çevrilmək üzrədir. Hər halda, baş nazir Nikol Paşinyan Ermənistanın, eləcə də bəzi kənar dövlətlərin reallaşdırılmasına müqavimət göstərməyə çalışdığı Zəngəzur dəhlizinin açıla biləcəyini artıq rəsmən dilə gətirib. Bundan sonra geopolitik proseslərin istiqamətlərinin daha çox danışıqlar masası arxasında müəyyən ediləcəyi tamamilə inandırıcı görünür. (Musavat.com) Ermənistan mövcud geopolitik şərtlərə və reallıqlara müqavimət göstərmək imkanlarını tamamilə itirmiş durumdadır; İndi rəsmi İrəvan Minsk Qrupunun dəstəyini arxasına almağa can atsa da, Azərbaycanın hegemon mövqeyi və diqtə etdiyi şərtlər ilə barışmağa başlayıb...