Türkiyəni yeni savaşa çəkirlər: Ağ Ev rəsmi Ankaraya niyə “tələ” qurur

Rəsmi Afinanı təxribatlara cəsarətləndirən ABŞ-ın Türkiyə-Yunanıstan savaşı törədəcək hərbi-siyasi proseslərdə əsas stimulverici ölkə rolunda çıxış etməsi olduqca müəmmalı görünür… Halbuki, bu müharibə baş verərsə, NATO dağılmaq təhlükəsi ilə üzləşəcək, Rusiyaya qarşı beynəlxalq koalisiya parçalanacaq və Kreml Ukrayna savaşında qüvvələr nisbətini öz xeyrinə dəyişmək şansı qazanacaq…

Ukrayna savaşı dünyada hərbi-siyasi münasibətləri son həddə qədər gərginləşdirib. Bu savaşın daha da genişlənərək, daha çox ölkənin birbaşa iştirak etdiyi müharibəyə çevrilmə ehtimalı reallıqdan o qədər də uzaq görünmür. Hazırda mövcud olan beynəlxalq situasiya üçüncü dünya savaşının hər an rəsmən başlaya biləcəyindən xəbər verir.

Ancaq dünyada təhlükəsizliyi, sülhü və sabitliyi birbaşa təhdid edən problemlərin sırası yalnız Ukrayna savaşı ilə məhdudlaşmır. Belə ki, son vaxtlar Türkiyə və Yunanıstan arasında da ziddiyyətlər dərinləşib. Və hazırda bu iki qonşu ölkə arasında münasibətlər savaşöncəsi duruma çox yaxındır.

Onu da qeyd etmək lazımdır ki, bir neçə il əvvəl də təxminən oxşar situasiya yaranmışdı. Fransa başda olmaqla, bəzi Qərbi Avropa ölkələrinin dəstəyindən cəsarətlənən Yunanıstan Türkiyəyə qarşı hərbi güc nümayişinə cəhd göstərmişdi. Yunanıstan və Fransa hərbi gəmiləri Türkiyənin ərazi sularına daxil olmağa çalışmışdı.

Təbii ki, həmin dövrdə rəsmi Ankara Yunanıstan və Fransanın hərbi-syasi təxribatlarına olduqca qətiyyətli reaksiya verdi. Türkiyənin hərbi donanması Yunanıstan-Fransa döyüş gəmilərini neytral bölgədə qarşıladı. Türkiyə hərbi donanması qarşı tərəflə silahlı toqquşmaya belə, hazır olduğunu nümayiş etdirdi. Nəticədə Yunanıstan-Fransa hərbi gəmiləri Türkiyə donanmasının qarşısından biabırçılıqla geri çəkilib, qaçdılar.

1600693291_1600693273275.png (348 KB)

Son vaxtlar isə Yunanıstan oxşar hərbi-siyasi təxribatları bir qədər fərqli məzmunda yenidən təkrarlamağa çalışır. Ancaq rəsmi Afinanın bu dəfə cəsarəti ABŞ-ın verdiyi dəstəkdən aldığı da müşahidə edilir. Halbuki, Yunanıstan baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə sonuncu rəsmi səfərindən sonra iki qonşu ölkə arasında münasibətlər nisbətən normallaşmağa başlamışdı.

Buna baxmayaraq, Yunanıstan baş naziri Kiriakos Mitsotakisin bir müddət öncə reallaşdırdığı ABŞ səfərinin nəticələri vəziyyəti yenidən mənfiyə doğru dəyişdi. Yunanıstan baş naziri ABŞ Konqresində xüsusi alqışlarla qarşılandı və Türkiyənin ünvanına yolverilməz ifadələr işlətdi. Və bununla da Türkiyə-Yunanıstan münasibətləri yenidən savaş təhlükəsi yarada biləcək həddə çatıb.

Maraqlıdır ki, Yunanıstan baş nazirinin son davranışları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyası ilə qarşılaşıb. Hətta Türkiyə lideri bundan sonra Kiriakos Mitsotakis adlı baş nazir və ya siyasətçi tanımadığını bəyan edib. Yunanıstan baş naziri Kiriakos Mitsotakisun Türkiyədə səfərdə olarkən, imzalanmış bütün anlaşmaları pozduğunu əsas gətirən prezident R.T.Ərdoğan daha heç vaxt onunla hər hansı məsələni müzakirə etməyəcəyini vurğulayıb.

Belə anlaşılır ki, Türkiyə lideri Yunanıstan baş nazirini hətta rəsmi Ankaranın beynəlxalq siyasi opponentləri sırasından belə, silib. Ona görə də, indi Türkiyə və Yunanıstan arasında siyasi-diplomatik kanallar qapadılmış kimi görünür. Halbuki, rəsmi Afina yaxınlaşan seçkilər ərəfəsində Türkiyə ilə gərginliyin nisbətən düşürülməsində və hətta tərəflər arasında siyasi müzakirə imkanlarının mövcudluğunda da maraqlıdır.

143135.jpg (135 KB)

Maraqlıdır ki, Yunanıstan müxalifəti Mitsotakis hökumətini Türkiyə ilə arzuolunmaz savaş təhlükəsi vəd edən ziddiyyətlərin dərinləşdirilməsində ittiham edir. Üstəlik, Yunanıstan müxalifəti baş nazir Kiriakos Mitsotakisu Türkiyə ilə anlaşmaları pozmaqda suçlamaqla, rəsmi Ankaranın haqlı olduğuna da eyham vurmuş olur. Və hazırda Türkiyə ilə hərbi-siyasi gərginlik Yunanıstan müxalifəti üçün Mitsotakis hökuməti üzərində seçki qələbəsi şanslarını artıran əsas siyasi faktorlardan hesab olunur.

Məsələ ondadır ki, Türkiyə və Yunanıstan arasındakı anlaşmaya görə, Egey dənizindəki kimə məxsus olduğu hələlik mübahisəli olan adalarda hərbi bazalar yerləşdirilə bilməz. Ancaq rəsmi Afina bu anlaşmanı kobud şəkildə pozub. Belə ki, Türkiyə sərhədlərinə çox yaxın bölgədə yerləşən adaların əksəriyyətində Yunanıstanın hərbi bazaları yaradılıb. Üstəlik də, rəsmi Afina həmin adalarda və onların ətrafında ABŞ-ın yeni hərbi bazalarının yaradılmasına razılıq verib.

Ona görə də, hazırda rəsmi Ankara Yunanıstan bu davranışının məntiqli izahatını tələb edir. Xüsusilə də adalarda yaradılan yeni Yunanıstan və ABŞ hərbi bazalarının kimə qarşı olduğu ilə maraqlanır. Rəsmi Afina bu hərbi bazaların birmənalı şəkildə Yunanıstanın müdafiəsi və təhlükəsizliyinə hədəfləndiyini vurğulayır. Türkiyə siyasi dairələrisə, rəsmi Afinadan buna olan hərbi ehtiyacın sübuta yetirilməsində israrlıdır. Və Yunanıstanın verdiyi siyasi izahata güvənmədiyini də qətiyyən gizlətmir.

Rəsmi Ankara birmənalı şəkildə hesab edir ki, adalardakı Yunanıstan və ABŞ hərbi bazaları Türkiyəyə qarşı yaradılıb. Ona görə də, ən qısa zaman içərisində hərbi bazaların ləğv olunmasını, adaların silahsızlaşdırılmasını tələb edir. Əks halda, Yunanıstanın bu davranışlarına Türkiyənin hər an adekvat və sərt reaksiya vermək hüququna malik olduğunu xatırladır. Hətta rəsmi Ankara tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, Türkiyənin qarşı tərəfə həlledici hərbi zərbə endirməkdən çəkinməyəcəyini də qətiyyən gizlətmir.

yunan-turk-savash.JPG (80 KB)

Bütün bunlar onu göstərir ki, Türkiyə-Yunanıstan münasibətləri hazırda savaşöncəsi duruma çox yaxındır. Yəni, münasibətləri kəskin hərbi-siyasi ziddiyyətlər içərisində olan iki qonşu ölkə arasında hər an silahlı toqquşmanın baş verə biləcəyi qətiyyən istisna deyil. Və belə bir savaş həm bütün dünya, həm də Rusiyaya qarşı birləşmiş Qərb dövlətləri üçün sarsıdıcı nəticələr vəd edir.

Məsələ ondadır ki, Türkiyə-Yunanıstan müharibəsi Ukrayna savaşından daha dağıdıcı potensiala malik ola bilər. Bu savaş bir tərəfdən Rusiyaya qarşı beynəlxalq koalisiyanı parçalamış olacaq. Nəticədə Ukrayna savaşında Rusiyanın üstünlüyü ələ keçirtməsinə yol açacaq. Digər tərəfdənsə, NATO-nun da gələcək taleyi ciddi təhlükə qarşısında qalacaq. Çünki, hər iki qonşu ölkə NATO-ya üzvdür.

Əgər, belə savaş baş verərsə, NATO-nun daxilində müharibənin başlanmasından danışmaq lazım gələcək. NATO-da ən güclü ikinci orduya sahib Türkiyə ilə Yunanıstan və rəsmi Afinanın bəzi tərəfdaşlarının arasında hərbi toqquşmalar bu qurumun dağılmasının əsasını qoya bilər. Və bu baxımdan, Türkiyə-Yunanıstan savaşının kimə daha çox sərfəli olduğunu düşünərkən, ilk məmnun olacaq ölkə statusunda Rusiya diqqəti çəkir.

Ancaq bütün bunlara baxmayaraq, ABŞ-ın Türkiyə-Yunanıstan savaşı törədəcək hərbi-siyasi proseslərdə əsas stimulverici ölkə qismində çıxış etməsi də maraq doğurur. Hər halda, rəsmi Afinanın Ağ Evdən verilən tam və intensiv dəstəyə güvənərək, aqressivləşdiyi də inkaredilməz reallıqdır. Ona görə də hesab etmək olar ki, ABŞ da Türkiyə-Yunanıstan savaşında maraqlı tərəf rolunu oynayır. Ola bilsin ki, Ağ Evin maraqları ilə hesablaşmaqdan imtina edən Türkiyəyə qarşı Yunanıstanla müharibə törətməklə, yeni “tələ” qurmağa cəhd göstərilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər