FHN-nin üç vəzifəli şəxsi niyə işdən çıxarılıb və onları kim əvəz edəcək?

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti və Tibb Mərkəzinin üç vəzifəli şəxsinin vəzifədən çıxarılmasının səbəbi məlum olub.
Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi, mayor Anar Ələkbərov, Tibb Mərkəzinin maliyyə şöbəsinin rəisi, mayor İlham İmanov və Tibb Xidmətinin dərman və innovasiya şöbəsinin rəisi, polkovnik-leytenant Rəşad Feyzullayevin vəzifədən uzaqlaşdırılmasına səbəb maliyyə pozuntularının aşkarlanmasıdır. 
 
Bundan əvvəl Anar Ələkbərov fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin köməkçisi və "Medistyle Hospital”da maliyyə məsələləri üzrə direktor vəzifəsində çalışıb. Yeri gəlmişkən, hazırda Dövlət Vergi Xidməti tərəfindən "Medistyle Hospital”da yoxlamaların aparıldığı da deyilir. 
 
 
Qəşəm Məmmədov 
Anar Ələkbərov, İlham İmanov və Rəşad Feyzullayevin rəis olduqları qurumlarda ötən il FHN-nin nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli Qəşəm Məmmədovun tapşırığı ilə yoxlama aparılıb. Aparılan yoxlamalarda ciddi pozuntular aşkarlanmasa da, onlar vəzifələrindən kənarlaşdırılıblar. 
 
 
Pərviz Vəliyev 
FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyev, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva və FHN-nin Tibb Xidməti ümumi şöbəsinin rəisi, mayor Sevər Hacıyeva da yoxlamalarda iştirak ediblər. 
 
 
Sevər Hacıyeva 
Hazırda Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi vəzifəsinə namizədlərin də adı məlum olub. 
Əldə etdiyimiz məlumata görə, sözügedən vəzifəyə Tibb Xidmətinin maliyyə şöbəsinin rəisinin baş köməkçisi Leyla Zamanova və ya maliyyə şöbəsinin rəisinin köməkçisi İlqar Əfəndiyevin gətiriləcəyi ehtimal edilir. 
İlqar Əfəndiyev barəsində qeyd: O, fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun yaxın adamıdır. Onun xidmətdə əsas işi mənzili olmayan işçilərə dövlət vəsaiti hesabına mənzil kirayə haqlarının verilməsidir. 
 
Onu da qeyd edək ki, bir müddət əvvəl Qaynarinfo-da "FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulu alırlar…” başlığı ilə yazı dərc edilmişdi. 
Xidmətin rəisi Pərviz Vəliyev Bakıda və rayonlarda kifayət qədər böyük biznesə, mülklərə malik olmasına baxmayaraq, dövlətin mənzil-kirayə pulundan yararlanması faktı aşkarlanıb. Evi ola-ola xidmətin vəzifəli zabitləri Tural Musayev, Fərid Mirzəyevə də dövlət vəsaiti hesabına mənzil kirayə haqlarının verildiyi məlum olub. 
Bütün bu işlər isə İ.Əfəndiyevin icazəsi ilə həyata keçirilir. 
Tibb Xidmətinin maliyyə şöbəsi rəisinin baş köməkçisi Leyla Zamanovanın yaxın qohumları Dövlət Gömrük Komitəsində və təmsil etdiyi qurumda yüksək vəzifədə çalışırlar. Bu barədə növbəti yazımızda...   *Qaynarinfo






Fikirlər