ABŞ-ın "erməni gözlüyü" Qafqazı Qərbdən uzaqlaşdırır: Azərbaycan-Çin tərəfdaşlığı regionu Qlobal Cənuba çəkir

ABŞ-ın "erməni gözlüyü" Qafqazı Qərbdən uzaqlaşdırır: Azərbaycan-Çin tərəfdaşlığı regionu Qlobal Cənuba çəkir

Cənubi Qafqazda Ermənistan üzərindən Rusiya ilə amansız rəqabətdə olan ABŞ və Avropa Birliyi indi Çinin timsalında yeni rəqiblə qarşılamaq təhlükəsi ilə üzləşib... Azərbaycan bu regionda həm şəriksiz geopolitik iradə sahibi, həm də rəsmi Pekinin strateji tərəfdaşı olduğundan, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda Çinə məğlub da ola bilər...
Cənubi Qafqaz əsl "nifaq alması"na çevrilməyə başlayıb. Belə ki, dünya nəhəngləri bu regiona can atırlar. İndi Cənubi Qafqazın geopolitik və geoiqtisadi önəmini məhz öz maraqları çərçivəsində hesablamağa çalışan nəhəng dövlətlərin sırası durmadan genişlənir. Və bu, istər-istəməz Cənubi Qafqaz regionunu ətrafında hibrid münaqişə vəziyyəti yaradır, geostrateji qarşıdurmanı daha da gərginləşdirir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazın həm lider, həm də açar dövləti rolunda məhz Azərbaycan çıxış edir. Hazırda rəsmi Bakının geopolitik iradəsindən yan keçməklə, bu regionda hansısa strateji hədəflərə can atmaq əvvəlcədən iflasa məhkum cəhdlərdir. Yəni, Cənubi Qafqazda maraqları olan supergüclərin məhz Azərbaycanla anlaşması qaçılmaz xarakter daşıyır. Və bu məsələdə hər hansı supergücün istisna təşkil etmədiyi də inkaredilməz reallıqdır.

Maraqlıdır ki, rəsmi Bakı Cənubi Qafqaz məkanında geopolitik, geostrateji və geoiqtisadi əməkdaşlıq şansı veriləcək regiondan kənar dövlətlərə olduqca həssas yanaşır. Yəni, hər hansı dövlətə onun beynəlxalq mövqeyinə görə güzəştə getmək niyyətində deyil. Eyni zamanda, rəsmi Bakı açıq ermənipərəst mövqedən çıxış edən Fransa istisna olmaqla, heç dövlətə də regional əməkdaşlıq məsələsində bloklama sanksiyası tətbiq etmir. Və bu, Azərbaycanın xarici siyasət kursunda geopolitik balans taktikasına sadiq olduğunu göstərir.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycan-ABŞ münasibətlərinin bəzi sahələr üzrə inkişaf etdirməyə hazır olduğunu bəyan edib. Yəni, rəsmi Bakı Ağ Evə Azərbaycanın maraqlarına problem yaradılmayacağı təqdirdə, ABŞ-la münasibətləri daha yüksək mərhələyə keçirmək istəyini biruzə verir. Və bu baxımdan, iki ölkə arasında əlaqələrin inkişaf istiqamətləri indi məhz Ağ Evin rəsmi Bakının mesajlarına verəcəyi reaksiyanın keyfiyyətindən asılıdır.

Ancaq hələlik okeanın o tayından Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə keçirtməyə imkan yarada biləcək pozitiv siqnallar gözləmək sadəlövhlük olardı. Çünki Ağ Ev hələ də Cənubi Qafqaza məhz "erməni gözü" ilə baxıb, amerikalı düşüncəsini reallaşdırmağa çalışır. Halbuki, Ağ Evdə artıq anlamalıdırlar ki, amerikalı düşüncəsi "erməni gözü" ilə ortaya çıxan məntiqsiz vizyon üzərindən Cənubi Qafqazda ABŞ-ın maraqlarını təmin edə bilməz.

Hər halda, Cənubi Qafqazda yekun sülh sazişinin imzalanmasına can atan Ağ Evin yanlış taktika seçdiyi qətiyyən şübhə doğurmur. Çünki ABŞ həm tələsir, həm də daha çox bloklayıcı effekti olan erməni narrativlərini ön plana çıxartmağa çalışır. Nəticədə Azərbaycanı özündən narazı salır və rəsmi Bakını müqavimət taktikasına keçmək məcburiyyətində buraxır. Və belə situasiyada isə Ağ Ev Azərbaycana qarşı effektiv olmadığı artıq təsdiqlənmiş həm təzyiq, həm də şantaj metoduna möhtac qalır.

Maraqlıdır ki, Ağ Evin Azərbaycana təzyiq göstərib, rəsmi Bakını şantaj etməyə çalışması ilk növbədə ABŞ-ın geostrateji maraqlarına zərbə vurur. Hər halda, rəsmi Bakı Ağ Evin təzyiq və şantajlarından Azərbaycanı yayındırmaq məcburiyyətindədir. Ona görə də, rəsmi Bakının son vaxtlar Qlobal Cənuba doğru istiqamət alması qətiyyən təəccüblü deyil. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Qlobal Cənubla daha sıx əməkdaşlıq Azərbaycana genişmiqyaslı geoiqtisadi perspektivlər vəd edir. Bu baxımdan, rəsmi Bakının son addımları ABŞ və Qərbə birbaşa xəbərdarlıq mesajı da sayıla bilər.

Məsələ ondadır ki, ABŞ və Avropa Birliyinin Azərbaycana yönəlik mövqeyini məhz üçüncü tərəf - Ermənistan üzərindən müəyyən etməsi rəsmi Bakının səbrini tükətməyə başlayıb. Ona görə də, rəsmi Bakı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS istiqamətində yönəldilməsinə üstünlük verir. Azərbaycanın yaxın vaxtlarda bu iki önəmli beynəlxalq qurumda öz hüquqi statusunu yüksəltməyə çalışacağı artıq qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, rəsmi Bakı həm ŞƏT, həm də BRİCS daxilində həlledici siyasi iradə sahibi olan Çin ilə də yaxınlaşır. Rəsmi Pekin Azərbaycanın ŞƏT və BRİCS sıralarına qatılmaq qərarından məmnundur, dəstək verməyə də hazırdır. Üstəlik, Azərbaycan və Çin arasında artıq strateji tərəfdaşlıq barədə saziş də imzalanıb. Və ən əsası isə rəsmi Pekin, ABŞ-Avropa Birliyi cütlüyündən fərqli olaraq, Azərbaycan-Çin münasibətlərinə üçüncü dövlətin - Ermənistan üzərindən, "erməni gözü" ilə baxmır.

Azərbaycan-Çin strateji tərəfdaşlığı indi hər iki tərəf üçün sərfəlidir və böyük önəm daşıyır. Çünki Azərbaycan Qərb-Şərq və Şimal-Cənub geoiqtisadi dəhlizlərinin üzərində yerləşir. Dünya bazarında böyük iqtisadi-ticari paya malik olan Çin bu iki dəhlizin fəaliyyətində birbaşa maraqlıdır. Bu baxımdan, Azərbaycan rəsmi Pekin üçün həm də əvəzolunmaz strateji tərəfdaş sayıla bilər. Və bu strateji tərəfdaşlıqdan həm ABŞ-ın, həm də Avropa Birliyinin ciddi şəkildə narahat olduğu da qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Çin Orta Asiya ölkələrinə də sərmayə yatırmış ölkədir. Çin təkcə Qazaxıstan iqtisadiyyatna 25 milyard dollardan çox investisiya yatırıb. Eyni zamanda, rəsmi Pekinin Türkiyə də daxil olmaqla, Türk Dövlətləri Təşkilatının bütün üzvləri ilə çox yaxın münasibətləri mövcuddur. İndi Türk coğrafiyasının, eləcə də, Cənubi Qafqazın önəmli təmsilçisi olan Azərbaycanla yaxınlaşma Çinin yeni geopolitik üstünlüklər qazanması anlamı daşıyır. Və Azərbaycan ərazisindən keçən marşrutlarda Çinin birbaşa iştirakı Cənubi Qafqazda fərqli geostrateji reallıqlara yol aça bilər.

Belə anlaşılır ki, "erməni gözlüklü" ABŞ və Avropa Birliyi Cənubi Qafqazda hazırda Rusiya ilə geopolitik rəqabət aparsa da, indi yeni problemlə üzləşmək üzrədir. Belə ki, ABŞ və Avropa Birliyi Cənub Qafqazda Çinin timsalında yeni rəqiblə qarşılamaq təhlükəsi ilə üzləşib.

Cənubi Qafqazın geopolitik iradə sahibi məhz Azərbaycan olduğundan ABŞ və Avropa Birliyi Cənubi Qafqazda Çinə məğlub da ola bilər. Və bu baxımdan, həm Ağ Ev, həm də Brüssel Cənubi Qafqazda geostrateji hədəflərinə çatmaq istəyirsə, onda "erməni gözlüyü"ndən xilas olub, reallığa yaxınlaşmağa tələsməlidir.(Yeni Müsavat)






Fikirlər