Nərimanov İcra Şöbəsinin qanunsuzluğu zərərçəkənləri AYAĞA QALDIRDI...
Şərti olaraq “MTN işi”adlanan cinayət işi üzrə zərərçəkən Nərimonov rayon İcra Şöbəsinin qanunsuzluğundan narazıdırlar. Zərərçəkənlər İcra Şöbəsi rəhbərliyinin qanunsuz olaraq məhkəmə hökmünə müdaxilə etməyə hazırlaşdırığını deyirlər. Bildirirlər ki, Ədliyyə Nazirliyi də baş verən qanunuzluğun qarşısını almağa tələsmir. “Bir çoxumuzun yaşı 70-ə çatıb. Hər birimiz bir zamanlar Milli Təhlükəsizlik Nazirliyində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin qanunsuz əməlləri ilə üz-üzə qalmış, ağır günlər yaşamışıq. Bu gün də Nərimanov rayon İcra Şöbəsi ləğv olunuş MTN-nin roluna girib. 2022-ci ildə Bakı Hərbi Məhkəməsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin barəsində hökm çıxarıb. Eyni zamanda məhkəmə bizlərin - 16 nəfər zərərçəkmiş şəxsin mülki iddialarını da təmin edib. İş üzrə hələ ibtidai istintaq dövründə Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının hərracdan satılaraq biz zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsinə qərar verilib. Digər zərərçəkənlər isə məhkəmə dövründə mülki iddia verməyiblər. Onlardan biri də Cavidan Hacıyevdir. İndi isə Cavidan Hacıyev Elçin Muradovun dəstəyi ilə, Ədliyyə Nazirliyində oturan rəhbər şəxslərin köməyi ilə biz zərərçəkənlərə aid olan vəsaitə şərik çıxmağa çalışırlar. Ədliyyə Nazirliyinə gedirik, ümid edirik ki, cənab nazir Fərid Əhmədov bu qanunsuzluğu durduracaq”, - zərərçəkən Əfsəl Həsənəliyevin sözləridir. Zərərçəkən Hüseyn Səfərov deyir ki, Cavidan Hacıyev müxtəlif banklardan 70 milyon dollar kredit götürərək qaytarmadığına görə həbsdə olub: “Bu adam Mövlam Şıxəliyevin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinə cəzaçəkmə müəssisəsindən əli qandallı gətirilmişdi. Məhkəmədə Mövlam Şıxəliyevə qarşı hər hansı bir şikayətinin olmadığını açıqladı. Eyni zamanda Mövlam Şıxəliyevə qarşı hər hansı bir mülki iddiasının olmadığını da bəyan etdi. Halbuki biz zərərçəkənlər illərlə məhkəmələrə gedib-gəlmişik, bizə qarşı cinayət törətmiş Mövlam Şıxəliyevin layiqli cəzasına çatdırılması üçün mövqeyimizi açılamışıq. Eyni zamanda Mövlam Şıxəliyevin bizlərə vurduğu ziyanın ödənilməsi üçün mülki iddialar qaldırmışıq. Məhkəmələr haqlı olduğumuzu təsdiq edib, bizə vuruluş zərərin mülki iddialarımız üzrə ödənilməsi qərarı verilib. Lakin uzun müddət – 2 ildən bir qədər artıq icra işinin təşkili və hərracın keçirilməsi müxtəlif səbəblərə görə baş tutmadı. Halbuki, müsadirə olunan əmlakların hərracdan satılaraq zərərçəkənlərə ödənilməsi Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur. Məcbur qalıb məhkəməyə üz tutduq və məhkəmə qərarından sonra, 7 mart 2024-cü ildə nəhayət ki, hərrac baş tutdu və əmlaklar hərracdan satılmağa başladı. Bu gün əmlakların əhəmiyyətli hissəsi satılıb və əldə olunan vəsait Nərimanov Rayon İcra Şöbəsinin hesabına köçürülüb. Bu zaman Cavidan Hacıyevin Elçin Muradovun hüquq şirkətinin nümayəndəsi Pərviz adlı(əvvəllər Şəmkir İcra Şöbəsində çalışıb, qanunsuz fəaliyyətinə görə vəzifəsindən uzaqlaşdırılıb) şəxsin iştirakı ilə məhkəməyə müraciət etdilər. Bakı Hərbi Məhkəməsindən hökmün mülki iddialar hissəsi ilə bağlı izah istədilər. Tələb bu idi ki, Cavidan Hacıyevi də mülki iddiaçı qismində biz zərərçəkənlərlə bağlı məhkəmə hökmünə pərçimləsinlər. Başqa sözlə desək, hökmə Cavidan Hacıyevi salmaq üçün qanunsuz “yamaq” vursunlar. Məhkəmə Cavidan Hacıyevin qanunsuz izah tələbini araşdırdı və rədd etdi. Bu dəfə Cavidan Hacıyev Bakı Apellyasiya Məhkəməsinə eyni məzmunlu izah tələbi ilə müraciət etdi. Məhkəmə bu tələbi də araşdırdı və qanunsuz, əsassız olması səbəbindən rədd etdi. Eyni zamanda mülki iddialar üzrə, bizə vurulan zərərin əvəzi olaraq Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklarının satışından ödənməli olan vəsaitin dərhal ödənməsi qərarı verildi. 1 aya yaxındır ki, Elçin Muradov ədliyyə nazirinə qanunsuz və əsassız təzyiq göstərməklə bizə ödənilməli olan zərər əvəzi vəsaitin ödənməsinin qarşısını alır. Tələb edir ki, heç bir qanuni əsas olmasa da, Cavidan Hacıyevi də biz zərərçəkənlərin sırasına salsınlar. Elçin Muradov Cavidan Hacıyev adlı zərərçəkənin üzərindən biz zərərçəkənlərə çatacaq vəsaitə əl qoymağa çalışır. Bunun üçün hətta yeni təyin olunan ədliyyə nazirinə ciddi təzyiqlər göstərir”. Hüseyn Səfərov bildirib ki, ölkə rəhbərliyinə də müraciət etməklə Elçin Muradovun Azərbaycan məhkəmələrinin çıxardığı qərarlara qanunsuz müdaxiləsinin qarşısının alınmasını istəyib: “Elçin Muradovun məhkəmələrin işinə qanunsuz müdaxiləsinin qarşısının alınmalıdır ki, Bakı Hərbi Məhkəməsinin 2022-ci ildə Azərbaycan Respublikası adından çıxardığı hökmün mülki iddia hissənin də icrası nəhayət ki, təmin edilsin”. Hüseyn Səfərov deyib ki, Ədliyyə Nazirliyinə gedərək nazirlə görüşüb qanunsuz müdaxilələrə son verilməsini tələb edəcəklər. /Musavat.com