Şəhid atası "Bakı Sağlamlıq Mərkəzi"də əməliyyat olundu - VİDEO
Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı qəhrəman şəhidimiz Azad Hümbətovunun atası Arif Hümbətov "Bakı Sağlamlıq Mərkəzi"də əməliyyat olunub. "AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki, İnvaziv-radioloq Ruslan Əliyev tərəfindən icra olunan əməliyyat uğurlu nəticə ilə yekunlaşıb. Həkimi xəstənin vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağını bildirib. Arif Hümbətovun vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov əməliyyatdan sonra da klinikada müalicəsi davam edən şəhid atasını ziyarət edib, onunla həmsöhbət olub. Vətən Müharibəsi iştirakçısının atası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirib. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Şəhid Azad Arif oğlu Hümbətov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif edilib.