Keçmiş deputat Elxan Süleymanovun təsisçisi və sədri olduğu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) İctimai Birliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsinin təfərrüatları məlum olub.
Məlumatda bildirilir ki,AVCİYA-nın meriyanı məhkəməyə verməsi Nəsimi rayonu ərazisində birliyin əmlakının, daha dəqiqi Elxan Süleymanova məxsus mülkün sökülməsidir.
Sökütü Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Elxan Süleymanov isə bunu qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib.
Məlumat üçün deyək ki, AVCİYA-nın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Vahid Məhkəmə Portalında məhkəmə çəkişməsinin səbəbi kimi torpaq mübahisəsi göstərilib.
Bu arada qeyd edək ki, Elxan Süleymanova məxsus mülkün yerləşdiyi ərazidə başqa qalmaqallı hadisə də yaşanır. Söhbət "İnvest.M Construction” MMC-nin "yaşıl soyqırım” həyata keçirməsindən gedir.
Bu barədə hələ cari ilin əvvəlində mediada məlumat yayılmışdı. Bildirilirdi ki, şirkət Nəsimi rayonunun Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında tikinti işləri ilə əlaqədar ərazidəki ağacları qanunsuz olaraq kəsib.
Ərazidə tikinti aparılmasına isə Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib. Maraqlıdır ki, şirkətin rəhbəri Cavid Musayevin adından Bakının icra başçısı Eldar Əzizovun adına yazılan məktubda ərazidə yaşıllığın olmadığı qeyd edilib. Meriya isə bununla bağlı ya araşdırma aparmayıb, ya da qanunsuzluğu görməzdən gəlib.
Çünki ərazidə yaşıllığın məhv edilməsi artıq sübut olunub və toplanmış faktlar Baş Prokuroluğa göndərilib.
Qaynarinfo