MƏRKƏZİ BANKA YENİ BAŞ DİREKTOR TƏYİN EDİLDİ - Vüsal Xəlilov kimdir? + FOTO (Yenilənib)

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Vüsal Cahangir oğlu Xəlilov 2024-cü ilin may ayından etibarən Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Vüsal Cahangir oğlu Xəlilov 1987-cı ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

2008-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirmişdir. 2015-ci ildə ADA Universiteti və "Maastricth School of Management" birgə EMBA proqramına daxil olmuşdur. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir. 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin "Maliyyə Sektorunda Rəqəmsal Transformasiya", 2021-ci ildə isə Harvard Business School-un "Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqdisadiyyat" istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə etmişdir. O, həmçinin 2014-cü ildə Oracle şirkətinin təşkilatın arxitekturası üzrə "OCM" sertifikatına da yiyələnmişdir. 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində "Tətbiqi Psixologiya" ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.

Əmək fəaliyyətinə 2009-cu ildə "ICL" MMC-də texniki mütəxəssis vəzifəsilə başlamışdır. 2010-2011-ci illərdə "İnfosecurity" MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışmışdır. 2011-2016-cı illərdə "Azercell Telekom" MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri vəzifələrində çalışmışdır.

2018-2020-ci illərdə "PAŞA Bank" ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın Texnologiya blokunun baş direktoru vəzifəsində işləmişdir.

2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Evlidir, üç övladı var.

***

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Akif Mustafa oğlu Bağırov 2024-cü ilin may ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib, hazırda həmin vəzifədə çalışır.

Bundan əlavə, Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın baş direktoru təyin edilib.






Fikirlər