Qurban həftəsi başladı: nə olar, nə olmaz? - tövsiyələr

Rəsul Mirhəşimli: ““Qurbanlıq ət satılır” adı altında bu bayramın təntənəsini alver predmetinə çevirmək olmaz”

İyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.  Hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Məscid imamlarının öz camaatına uyğun vaxt təyin edə bilməsi mümkündür. Odur ki, namaz rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec qılına bilər.

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a şərhində bildirdi ki, Qurban bayramı İslam dinində iki vacib bayramdan biridir: “Bu bayram hicri-qəməri təqvimi üzrə Zilhiccə ayının 10-da müsəlman aləmində böyük coşqu ilə qeyd edilir. Qurban kəsmək simvol olaraq mahiyyətini Qurani-Kərimdən alır, Hz.İbrahimin (ə) yuxusunda gördüklərini gerçəkləşdirmək istədiyi, Allahın peyğəmbərinə əta etdiyi qurbanlıq ənənəsinin hikmətindən alır.

Qurban sözünün mənası “yaxınlaşmaq” kökündən gəlir, yəni bu ibadətin əsas anlamı Allaha yaxınlaşmaqdır. Hər işində Allahı vəkil edən, həyatına bəxş edilən nemətlərə görə şükür edən hər kəs bu bayramın gerçək anlamını dərk edir. Bütün ibadətlər Allahla bəndə arasında gerçəkləşir. Qurbanlıq bir də o ibadətdəndir ki, müsəlmanlar imkanı olmayan insanları bu bayram günündə qurbanlıq payı ilə sevindirməyi niyyət edir. Dinimizin təşviq etdiyi yardımlaşmaq mesajı bir də Qurban bayramı zamanı daha geniş şəkildə özünü göstərir. 

Hər işində Allaha təvəkkül edən bəndə bu bayramda bir daha Allaha yönəlir, yardım etməklə Rəbbinin razılığını qazanmaq istəyir. İnsanın Rəbbi də buyurur: “Mənə yönəlin ki, işlərinizi həll edim”.

Resul.jpeg (154 KB)

Rəsul Mirhəşimli

R.Mirhəşimli vurğuladı ki, Qurban bayramı ən əsası Həcc ziyarətində özünün böyük təntənəsi ilə zühur edir: “Dünyanın hər yerindən imkanı olan müsəlmanlar bu vacib ibadəti yerinə yetirmək üçün Məkkəyə yollanır. Həccdə olmayan, maddi imkanı normal olan müsəlmanlar da qurbanlıq heyvan kəsə bilər. Lakin bu ibadət həcdə olmayan müsəlmana vacib deyil. Qurbanlıq heyvanların kəsilməsində əsas şərt onu Allahın adına kəsməkdir. Hansısa probleminin həllini niyyət edib, bu səbəbdən qurban kəsməyə bu bayram günlərində icazə verilmir. 

Qurbanlıq heyvanların seçilməsi ilə bağlı islam fiqhi konkret göstərişlər ortaya qoyur. Ümid edirəm ki, qurban kəsən müsəlmanlar da bununla bağlı yetərincə məlumata malikdir. Böyük baş heyvanları şərikli qurban kəsmək icazəsi də var.

Dini göstərişlərə görə əqli cəhətdən sağlam, azad, maddi cəhətdən qurban kəsməyə imkanı olan müsəlmanlar Yaradanın razılığını qazanmaq üçün qurban kəsməklə Uca Allaha yaxınlaşır, həm də maddi durumu yetərli olmadığı üçün qurban kəsə bilməyənlərə yardım edir. Bu ibadət ruhunda Allaha yaxınlıq, xalqa fədakarlıq anlayışı var. Qurban kəsmək müsəlmanın lazım gəldikdə bütün varlığını Allah yolunda qurban verməyə hazır olduğuna işarədir.

Bir də onu qeyd edim ki, Qurban bayramı günlərində bəzi ət dükanlarında satılan ətin üzərində “Qurbanlıq ət satılır” lövhəsinə rast gəlmək olur. Bu, dinimizin qurban kəsmək barədə qaydalarına tamamilə ziddir. Çünki qurban kəsilən ət heç bir halda satıla bilməz. Qurban kəsib, kəsilən heyvanın ətindən pay vermək maddi cəhətdən imkanı aşağı olan insanları sevindirmək üçün nəzərdə tutulur. “Qurbanlıq ət satılır” adı altında bu bayramın təntənəsini alver predmetinə çevirmək olmaz.

Allah bu bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin. Allah bütün müsəlmanlara qurban kəsə bilmək imkanı nəsib etsin!"

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

 Ceyhun Məmmədov

Mövzu ilə əlaqədar millət vəkili Ceyhun Məmmədovun da fikirlərini öyrəndik. Millət vəkili “Yeni Müsavat”a açıqlamasında bayramla bağlı tövsiyələrini bölüşdü: “Hər il olduğu kimi, bu il də qurban kəsdirməyi planlaşdırıram. İmkanı olan hər bir müsəlman bu fürsətdən istifadə edərək qurban kəsməlidir və imkansız şəxslərə paylamalıdır. Bütün imkanlı şəxslərə ilk növbədə qohum-əqrəbaya, ikinci növbədə isə imkansızlara qurban payı verməyi tövsiyə edirəm. Bunun çox böyük savabı var. Elə insanlar var ki, qurbanlıq ətə ehtiyacı var. Heç də hər kəsin qurban kəsməyə imkanı yoxdur. O cümlədən hər kəsin ət yemək imkanı yoxdur. Bu mənada bu böyük bir savabdır. Bu dinimizin bizə verdiyi böyük bir lütfdür. Təəssüf ki, bəzi hallarda qurbanı kəsən şəxs onu yalnız özü yeyir. Dinimizə görə qurbanın üç yerə bölünməsi tövsiyə olunur: bir hissəsi özünə, bir hissəsi qohumlara, bir hissəsi isə qonşulara paylanmalıdır. Eyni zamanda gigiyenik qaydalara riayət etməyi tövsiyə edirəm. Dinimizə görə mütləq nəzərə alınası məsələlərdən biri də heyvanın digər heyvanların yanında kəsilməməsidir. Bu günahdır. Həmçinin heyvanları kəsərkən onlara əziyyət vermək olmaz. Bu da dinimizin ən önəmli tələblərindən biridir. Dinimizin, bayramların bizə yaratdığı imkanlardan və fürsətlərdən  düzgün şəkildə yararlanmağa çalışmalıyıq. Allah hər kəsə qurban kəsməyi qismət eləsin! Allah hər kəsin qurbanını qəbul etsin!”

Tural Abbaslı seçkilərdə kimə səs verəcək? - Özü AÇIQLADI

Tural Abbaslı 

AĞ Partiya sədri Tural Abbaslı isə “Yeni Müsavat”a mövzu ilə bağlı bunları dedi: “Allahın izni ilə qurban kəsmək niyyətim var. Çünki İslamın iki müqəddəs bayramı var - Ramazan və Qurban. Qurban bayramında imkanı olan şəxslərin qurban kəsməsi fərzdir. Bu, hər bir müsəlmanın borcudur. Son 4-5 ildə gücüm çatan qədər qurban kəsirəm. Bu,  həm Allahın əmrini icra etmək, həm də imkansız ailələrə dəstək deməkdir. Allah hər kəsin ibadətini, orucunu, qurbanını qəbul etsin!” 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) mətbuata verilən məlumata görə, Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcək.

Qeyd olunub ki, 16-17 iyunda qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək.

Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində agentlik tərəfindən monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı geniş ictimaiyyətə açıqlanacaq. Bu ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınmaqla bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə müvafiq satış şəbəkələrində həyata keçiriləcək.

Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən agentliyin "1003" Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.






Fikirlər