Azərbaycandan dünya səhiyyəsinə müasirlik örnəyi - Yaxud, "vardır sayəndə bütün dərdlərə dərman,ey TƏBİB!"
Elmi-texnoloji yeniliklər sayəsində az qala hər gün dəyişən müasir dünya,həyatın bütün sahələrində fərqli standartlar yaradır; bu standartlara uyğunlaşmaq və onlarla ayaqlaşmaq, yeni dövrün çağırışlarına cavab vermək – indi insanların da, dövlətlərin də qarşısında dayanan mühüm vəzifələrdən biri, bəlkə də, birincisi budur. Azərbaycanda son illərdə aparılan genişmiqyaslı islahatları da məhz yuxarıdakı reallıq müstəvisində qiymətləndirmək lazımdır. Həmin islahatlar özü ilə müxtəlif sahələrdə yeni dövrün ruhuna və tələblərinə uyğun qərarların verilməsinə gətirib çıxarıb; məsələn, ASAN Xidmətin yaradılması, yaxud TƏBİB-in qurulması kimi. Fikirlərimizi bir az da dəqiqləşdirsək, dəyişən müasir dünyada səhiyyə yalnız əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və müalicə olunması işlərini həyata keçirən sahə deyil, eyni zamanda bu sahədə bir tərəfdən ən son elmi-texnoloji yenilikləri tətbiq etmək, digər tərəfdən isə xidmət səviyyəsini yeni dövrün standartları miqyasına çatdırmaq bacarığıdır. Məhz bu səbəbdən də dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən ASAN Xidmətin qurulması nə qədər unikal hadisədirsə, TƏBİB-in yaradılması da bir o qədər labüd və strateji məsələdir. Və qürur hissi ilə demək olar ki, Azərbaycanın müasir dünya səhiyyəsinə fəxr hissi ilə təqdim edə biləcəyi TƏBİB nümunəsi var. Bu elə bir nümunədir ki, ondan hətta inkişaf etmiş ölkələrin səhiyyə sektorlarının öyrənə, əxz edə biləcəyi çox şey var. İlk baxışda adı çəkilən publik hüquqi şəxsin məqsədi çox sadədir: öz tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək; tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaq. Lakin bu sadə missiya özündə çox mürəkkəb, ağır, məsuliyyətli fəaliyyəti ehtiva edir: bir yandan GƏLƏCƏYƏ BAXIŞ – əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək; digər tərəfdən ÜLVİ MİSSİYA: zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək. Ən əsası isə… Örnək TƏBİB-in dəyəri və dəyərləri... Azərbaycanın müasir dünya səhiyyəsinə ÖRNƏK təşkil edə biləcək TƏBİB artıq yüksək ictimai dəyər qazanmış, eyni zamanda öz dəyərlərini yaratmış bir qurumdur. Bu dəyərlər belə sadalanır: Şəffaflıq Əlçatanlıq Güvənlilik Peşəkarlıq Ədalətlilik Açıq demək lazımdır ki, yuxarıldakı bütün bu dəyərlər silsiləsi 2018-ci ildə yaradılan və cəmi 6 ildir fəaliyyət göstərən TƏBİB-in uğurlu fəaliyyəti nəticəsində real məzmun qazanıb. Yəni TƏBİB adı çəkiləndə artıq şəffaflıq da, əlçatanlıq da, güvənlilik də, peşəkarlıq da, ədalətlilik də mütləq yada düşür. Bir az da konkretləşdirsək, bu qurum qısa zamanda öz elan etdiyi dəyərlərlə birləşib, bütövləşib və elə ona görə də müasir dünya səhiyyəsində ÖRNƏK olmaq, MODEL təşkil etmək iqtidarındadır. Əlbəttə, kimlər üçünsə bunlar gəlişigözəl sözlər ola bilər; lakin xüsusilə Vüqar Qurbanovun 2022-ci ildə TƏBİB-ə icraçı direktor təyinatının reallaşmasından sonra qurumun qarşıya qoyulan məqəsdlər çatmaq istiqamətində atdığı iri və iti addımları görməmək yalnız iki şeydən irəli gələ bilər: ya həqiqətləri görməməkdən – mənəvi korluqdan, ya da həqiqətləri görmək istəməməkdən – xəbislikdən. Lakin bu haqda bir qədər sonra… Hələliksə yalnız aşağıdakı rəqəmlərə göz atmaq kifayətdir ki, TƏBİB-in fundamental fəaliyyətinin gerçək miqyası xeyli dərəcədə aydın olsun (vacib qeyd: həmin rəqəmlər sadəcə 2023-cü ili əhatə edir!): Müraciət sayı: 22 301 393 Xidmət sayı: 70 209 818 Laborator xidmət sayı: 25 997 209 Əməliyyat və prosedur sayı: 332 380 Fikrimizcə əlavə şərhə ehtiyac yoxdur. Rəqəmlər hər şeyi deyir. Müdrik ataların söylədiyi kimi: “Kor – kor, gör – gör”... Vüqar Qurbanov fərqi...
TƏBİB gənc qurumdur və bu qurumun rəhbərliyinə yeni nəslin nümayəndəsi olan bir kadrın təyinatı əslində az qala hər gün yeniləşən dünyanın çağırışlarına cavab baxımından simvolikdir. Hərçənd, Vüqar müəllim kifayət qədər zəngin təcrübə sahibidir: əvvəla, uzun müddət 5 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-nevroloq kimi fəaliyyət göstərib, yəni tibb sahəsinin DOĞMA ÖVLADIDIR, bu sahənin içində YETİŞİB, PÜXTƏLƏŞİB, səhiyyə sektoruna TAM BƏLƏDDİR; ikincisi, icbari tibbi sığortanın ilk tətbiq olunduğu dövrdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində rəhbər vəzifələrdə çalışıb, 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bu səbəbdən də 2022-ci ildə bu quruma İcraçı direktor təyin edilərkən TƏBİB-də ÖZ FƏRQİNİ ortaya qoyacağına inananlar hədsiz çox idi. Zaman bu inamın boşuna olmadığını təsdiqlədi. Bineyi-qədimdən tibbdə güvən önəmlidir – istənilən xəstənin sağalması üçün ilk növbədə TƏBİB-ə İNANMAQ lazımdır. Vüqar müəllim də məhz cəmiyyətdə bu İNAMı yaratdı və indi TƏBİB də, onun təbibləri də hər il yüz minlərlə insan üçün ÜMİD YERİdir. Bir qədər yuxarıda təqdim etdiyimiz rəqəmlər, ola bilsin, kimlər üçünsə bu həqiqətin statistik güzgüsüdür. Həmin rəqəmlərə qane olmayanlar üçünsə başqa bir güzgü var: ictimaiyyətdə TƏBİB-in fəaliyyəti ilə bağlı təşəkkür əhval-ruhiyyəsi, minnətdarlıq ovqatı! Vüqar Qurbanovun təyinatından keçən çox qısa müddətdə tibb müəssisələrinin dərman təchizatının yaxşılaşdırılmasından onların müasir tibbi avadanlıqlar ilə təminatına, tibb müəssisələrində xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsinin təkmilləşdirilməsindən ilkin səhiyyə xidmətlərində keyfiyyətin artırılması və beynəlxalq təcrübələrin tətbiqinədək atılan addımlar qürurvericidir. Bir sözlə, TƏBİB az vaxtda uzun yol qət edib. Yuxarıda sadalananlarla yanaşı, xarici ölkələrdə təhsil alan və çalışan həmvətənlərimizin ölkə səhiyyəsinə qazandırılması, tibb və qeyri-tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi,təlimlərə cəlb olunması üçün genişmiqyaslı işlər görülməsi; tibb müəssisələrində müasir yanaşmalarla yeni tendensiyaların izlənilməsi, həmçinin xəstəxana idarəedilməsində innovativ yeniliklərin diqqətdə saxlanılması... Bütün bunlar və sadalamadığımız digər çoxsaylı fundamental işlər Azərbaycanın müasir dünya səhiyyəsinə TÖHFƏSİ olan TƏBİB MODELİNİN nə qədər uğurlu alındığının, nə qədər mütərəqqi addım olduğunun göstəricisidir. TƏBİB-in də, təbabətin də çarə tapa bilmədiyi XƏSTƏLİK… Ancaq təəssüf ki, yuxarıda da qeyd etdiyimiz kimi, TƏBİB-in qısa müddətdə əldə etdiyi uğurlar, onun rəhbərliyinin imza atdığı nailiyyətləri şübhə altına almağa çalışanlara da rast gəlinir. Bunun səbəbi hər nədirsə – həqiqətləri görməməyə dəlalət edən mənəvi korluqmu, yoxsa həqiqətləri görmək istəməməyə dəlalət edən xəbislikmi? – istənilən halda böhtan və iftiradan bəslənənlərin RUHİ XƏSTƏLİYİNƏ işarədir. Və nə yazıq ki, təbabət elmi nə qədər inkişaf etsə də, bu xəstəliyə tutulanları sağaltmaqda acizdir. Əlbəttə, arzulayardıq ki, Qazanılmış İnsaf Çatışmazlığı Sindromundan əziyyət çəkən həmin böhtançılar TƏBİB-in təklif etdiyi tibbi xidmətlərdən faydalanmaqla MƏNƏVİ SAĞLAMLIQLARINA qovuşsunlar, qara piarla, gerçəkliyi danmaqla yalnız özlərini gözdən saldıqlarını anlasınlar. Lakin belələrinə hələ ki, nə TƏBİB çarə edə bilər, nə təbiblər… Bununla belə, nə yaxşı ki, cəmiyyətin mütləq əksəriyyətini təşkil edən SAĞLAM İNSANLAR ruhu yalanla, iftira ilə ZƏHƏRLƏNMİŞLƏRİN qaralama, ləkələmə kampaniyalarının iç üznü də, əsl məqsədini də yaxşı görür və bilir. Ona görə də nə yalan ayaq açıb yeriyir, nə də yeganə missiyası XALQA və DÖVLƏTƏ xidmət olanlara zərrəcə çamur yapışır. Pislərin pisliyi özünə qalır. Yamanlar öz yamanlıqlarında çürüyüb gedirlər. TƏBİB isə öz MÜQƏDDƏS YOLUNA və ÜLVİ MİSSİYASINA davam edir: sağaldır və yaşadır! Bizə qalan da insanların ömrünü uzadan bu quruma əbədiyaşarlıq arzulamaqdır. Azər NƏCƏF, AzerTaym.az saytının baş redaktoru.