Şəki rayonunda SEL körpünü dağıtdı

Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib.

“Kanal S” xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb.

Kiş çayının üzərində yerləşən və Kiş kəndini mavi yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə mavi yanacağın verilişi dayandırılıb.

Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb. Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb.

Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə də ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xəttlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb.

Kiş kəndinin əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyəti qurumlar hadisə baş verən əraziyə baxış keçirib. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır.






Fikirlər