Dənizin içərisində yenidən qurulan rayondan REPORTAJ, FOTOLAR, VİDEO

Bakının Pirallahı rayonu (adası) yenidən qurulur və buranın gələcəkdə tanınmış turizm zonasına çevriləcəyi bildirilir. 

Son dövrlər Bakıda ard-arda keçirilən beynəlxalq yarışlar nəticəsində ölkəyə turist axını güclənib. Bu baxımdan artıq ölkədə turizm üçün yararlı yerlərdə abadlıq və quruculuq işləri aparılır, parklar salınır, digər müvafiq addımlar atılır. 
Bölgələrimizlə bərabər, paytaxtda da turizm zonası kimi yararlı yerlər az deyil. Onlardan biri də Pirallahı rayonudur...
Pirallahı rayonunda 16392 nəfər yaşayır. Yerli əhali əsasən azərbaycanlılar olsa da, burada ləzgi, tatar, rus, avar, və başqa xalqların nümayəndələri də yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş 232 ailə -884 nəfər soydaşımız hazırda rayonun pansionat, sanatoriya və uşaq düşərgələrində, bağ sahələrində məskunlaşmışlar.
Mayın 11-də Pirallahıdakı Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı oldu. Açılış mərasimində prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər və görülən işlərlə tanış oldular. 
Musavat.com-un əməkdaşı olaraq biz də Pirallahı da olub, görülən və görülməkdə olan işlər barəsində daha detallı məlumat əldə edib.
Müşahidə etdik ki, hazırda Pirallahının girişində çox qızğın quruculuq işləri aparılır. Yol çəkilir, park salınır və ərazi demək olar ki, tamamilə yenidən qurulur. Artıq Pirallahı ilə Abşeron yarımadasını birləşdirən yeni körpü də tam şəkildə istifadəyə verilib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir. Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir.
Sakinlərlə söhbətimiz zamanı öyrəndik ki, körpü salınmazdan öncə onların vəziyyəti heç də yaxşı olmayıb. Belə ki, əvvəllər körpünün yerində yol olduğu üçün dəniz suları yolu tez-tez yararsız vəziyyətə salırmış. Qış aylarında isə yol donduğu üçün buradan keçmək mümkün deyilmiş. İndi isə artıq onların bu cür problemləri yoxdur. Tikilən yeni körpünün altından gəmilərin də keçməsi nəzərdə tutulub ki, bu, həm də ərazinin ümumi görünüşünə müsbət rəng qatır.
Biz də həmin körpüdən keçib, Pirallahı ərazisinə daxil olduq. Körpüdən dərhal sonra Pirallahıda dəniz kənarında yeni park salınır. Bu parkda sakinlərin istirahəti üçün şəraitin qurulması ilə yanaşı, balıqçılığın inkişafı baxımından da işlər görülməkdədir. Öyrəndik ki, parkın 15 iyun tarixində açılışı nəzərdə tutulub.
Söhbət etdiyimiz tikintidən məsul şəxs olan Elçin İbrahimov park ərazisində nələrin tikiləcəyi ilə bağlı məlumat verdi. E.İbrahimov bildirdi ki, əsas məqsəd burada insanların rahatlığını təmin etmək və Pirallahını daha da cəlbedici zonaya çevirməkdir: “Parkın girişində böyük balıq bazarı olacaq ki, hazırda tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda balıqçıların da fəaliyyəti nəzərə alınıb və qayıqların dayanması üçün də xüsusi yer tikilməkdədir. Park ərazisində həmçinin balıq yetişdirmə kompleksi də fəaliyyət göstərəcək. Həmin kompleksin artıq bünövrəsi qazılıb, yaxın günlərdə təməli qoyulacaq. Bu istiqamətdə də qızğın işlər gedir. Parkda sakinlərin rahatlığını və istirahətini təmin etmək üçün də xeyli işlər görülüb. Belə ki, burada uşaqların əyləncəsi üçün xüsusi trenajorlar, qurğular quraşdırılıb. Düşünürük ki, bütün işləri iyunun 15-nə qədər yekunlaşdıraq. Bunun üçün də əlimizdən gələni edirik”.
Müşahidə etdik ki, parkda yaşıllaşdırma, tikinti və digər işlər üçün ayrıca xüsusi qrup yaradılıb. Parkın hələ açılışı olmadığı üçün sakinlərin ixtiyarına verilməyib. Sakinlərlə söhbət etdiyimiz zaman öyrəndik ki, onlar tikinti işlərindən razıdırlar. Ancaq narazı olduqları məqamlar da var. 
Pirallahı sakini Rasim Babayev musavat.com-a bildirdi ki, yeni yol çəkiləndən sonra şəhərə gediş-gəlişləri xeyli asanlaşıb: “Gördüyünüz park ərazisi bir neçə il öncə çox bərbad bir vəziyyətdə idi. Bura sanki xarabalığı xatırladırdı. Sadəcə olaraq bu ərazidə bir köhnə şadlıq evi vardı. Bu şadlıq evindən başqa isə heç bir tikili mövcud deyildi. Eyni zamanda yolumuz da bərbad vəziyyətdə idi. Yağışda palçıq, yayda da toz-torpaq əlindən ərazidən çətinliklə keçə bilirdik. Sağ olsunlar ki, bu cür işlər görürlər. Əvvəllər yolu buradan keçən maşını tez sürüb qaçmağa çalışırdısa, indi fikir veririk ki, hər kəs dayanır, şəkil çəkdirir, ətrafa tamaşa edir. Düşünürük ki, bir neçə il sonra bura Antalya olacaq. Görülən işlər bunu deməyə əsas verir. Biz sakinlər də bundan təbii ki, razıyıq. Şəhərə getməyimiz də problem deyil. 150 nömrəli marşrut xəttindən hər 15 dəqiqədən bir avtobus işləyir ki, onun vasitəsilə rahat şəkildə mərkəzə gedə bilirik. Yeni çəkilən yol isə Pirallahının sonuna qədər davam edir”.
Sakin Pərviz Əsgərov isə hesab edir ki, bu kimi işlər görülsə də işsizlik probleminin həlli istiqamətində addımlar atılmır: “Bu kimi yerlərin tikilməsi təbii ki, yaxşıdır. Ancaq camaatın işsizlik problemi var. Burada zavodlar, iş yerləri açılarsa əhali daha çox sevinər. Ümid edirik ki, bu problem də nəzərə alınacaq. Pirallahı görməli, istirahət etməli yerdir. Gələcəkdə bura turizm zonasına çevrilərsə, insanlarımız da işlə təmin olunarlar. Mənim əsas arzum bax budur”.
Pirallahının girişində xeyli sayda balıqçılar da olur. Onlar yeni tikilən körpünün ətrafında toplanıb, balıq tuturlar. Söhbət etdiyimiz balıqçılar bildirdilər ki, yeni salınan park onların da ürəyincədir. 
Balıqçı Həsən bildirdi ki, əvvəllər bu ərazidə yalnız balıqçılar olarmış: “Deyilənə görə, burada balıqçıların da qayıqlar vasitəsilə hərəkəti üçün şərait yaradılacaq. Bu hal bizim də işimizi asanlaşdıracaq. Bizim çörəyimiz buradan çıxır, yeni tikilən bazara bizi də buraxsalar, yaxşı olar”.
 

 






Fikirlər