LEŞ ƏT mafiyası yenə İŞ BAŞINDA

Onlarla mübarizə niyə effekt vermir?

Leş ət mafiyası yenidən iş başındadır. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Balakən, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyib. Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Картинки по запросу Leş ət mafiyası

Zaman-zaman mətbuatda bu cür məlumatlar yer alır. Yarım ton at ətinin satışa aparılarkən saxlanılması o deməkdir ki, bazarda bu cür ətlərə tələbat var və onlar heç də həmişə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmır. Diqqətdən yayınan və “məhsul”unu bazara çıxartmağa nail olan işbazlar da az deyil. Nəticədə bu cür ətlər ət məhsulları istehsalçıları tərəfindən alınır və kolbasa sexlərinə, kafe və restoranlara verilir. 

Bəs ət mafiyasının kökünü necə kəsmək olar? Necə etmək olar ki, onların bu fəaliyyətinə tamamilə son qoyulsun?

Картинки по запросу Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında isə qeyd etdi ki, bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə və nəzarətin artırılmasına ehtiyac var: “Bu insanlar nə haqla o ətləri insanlara yedizdirirlər? Hamımız müsəlmanıq, at ətini, murdar ətləri, ölmüş heyvanların ətini gətirib insanlara yedizdirirlər. Bunun qarşısını almağa maksimum çalışırlar. Hüquq-mühafizə orqanları , Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarələri çalışırlar ki, bu halların qarşısını alsınlar. Ancaq bu halları ortaya çıxartmaq çox çətindir. İnsan özü də başa düşməlidir ki, pul xətrinə başqa insanları zəhərləmək olmaz. Bu sahədə sərt qanunlar var, ancaq onları daha da sərtləşdirməyə ehtiyac var ki, zərərçəkənlər olmasın. Bu ətlər daha çox əhaliyə ictimai iaşə obyektləri vasitəsilə yedizdirilir, leş ət satanlar kafe və restoranlarla əlbir işləyirlər. Bu obyektlərin sahibləri də həmin ətlərdən istifadə etməməlidirlər. Birincisi, hüquq-mühafizə orqanları bu sahədə çox ciddi işləməlidirlər, yerli sahə müvəkkilləri bu işdə fəal olmalıdırlar. Çünki onlar hər şeydən məlumatlı olurlar. İkincisi də, bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin birbaşa səlahiyyətində olan məsələdir. Onlar normal işləyirlər, keyfiyyət məsələsinə nəzarət edirlər. Ancaq hu sahədə işi gücləndirmək lazımdır”.

Картинки по запросу Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, leş ətinin bazara ayaq açmasının bir neçə səbəbi var: “Birinci səbəbi odur ki, hökumətin normal istehlakçı siyasəti yoxdur. Hökumət birtərəfli siyasət aparır, kim nə istəyirsə satır, istehlakçıdan pul çıxarır. Dövlət nə qədər ki, üzünü istehlakçılara doğru çevirməyib, vəziyyət belə də olacaq. İkincisi, dövlət orqanları arasında bu işə qarşı vahid və sinxron şəkildə aparılan bir mübarizə yoxdur. Ən effektiv mübarizəni DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Onlar bu faktları sənədləşdirir, ekspertizaya verir, cinayət işi qaldırıb lazımi addımlar atır. Lakin Baytarlıq Komitəsi bunu müəyyən etdikdən sonra həmin şəxsi 200 manat cərimə edib buraxır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi televiziyada çıxış edir ki, it ətini də, eşşək ətini də satmaq olar, bir şərtlə ki, üstünə adları yazılsın, istehlakçılar aldadılmasın. Bu anormal haldır. Vahid dövlət siyasəti yoxdur. 20 ildir ki, Azad İstehlakçılar Birliyi bu hallarla mübarizə aparır. Ölkədə böyük ”leşyığanlar şəbəkəsi" var. Hər biri leş ətləri satır və bu ətlər ən prestijli yerlərə də gedib çıxır. Bu məsələdə əsas mübarizəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparsa, effektli nəticə əldə etmək olar". 

Ekspertin sözlərinə görə, leş ətləri hər yerdə satıla bilər: “Normal ət satışı yerlərində sağlam ətlərin içinə qarışdırılıb satıla bilər. Onların müəyyən edilməsi çox çətindir. Düzdür, ölkədə bunu müəyyən etmək üçün laboratoriya var, ancaq nazirlik rəsmisi icazə verir ki, hər cür ət satmaq olar. Ona görə də iş adamları bundan istifadə edirlər. Respublikanın hər yerində yerli orqanlara tapşırıq verilməlidir ki, leş əti satanların qarşısı alınsın. Ətin qiymətinin bahalaşması da bazarda ucuz ətlərə tələbatı artırıb. Bazarda defisit yarananda keyfiyyətsizlik meydana çıxır. Tələb təklifi üstələyəndə keyfiyyətsiz və təhlükəli mallar meydana çıxır. Bunun qarşısını almaq üçün dövlət radikal addımlar atmalıdır. Ölkədə qida təhlükəsizliyi agentliyinin yaradılması gözlənilir. Ancaq mən bu qurumun fəaliyyəti ilə bağlı da pessimist mövqedəyəm. Çünki orada heç bir iş aparılmır, ictimai müzakirə getmir. Ancaq qohum-əqrəba üçün iş yeri kimi istifadə olunur”. 
Musavat.com


 






Fikirlər