“Leş ət” mafiyasını durdurmaq OLMUR

bitmap-img6

Murdar ətlər bu gün ölkə bazarlarında, super və hipermarketlərdə kolbasa və sosis şəklində satılmaqdadır

Azərbaycanda illərdir ki, “leş ət” mafiyasının qarşısının alınması üçün addımlar atılır. Amma “leş ət” mafiyası kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkün olmur ki, olmur. Nədir “leş ət” mafiyasını bu qədər qüdrətli edən? Niyə hüquq-mühafizə orqanları “leş ət” mafiyasının qarşısında aciz görünürlər?
Bugünlərdə Xaçmazda “leş ət” mafiyasına qarşı əməliyyat baş tutdu. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insanın həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə tədbir görülüb.
İlin əvvəlindən bu günə qədər ölkənin dörd bir tərəfindən paytaxta daşınan murdar, mənşəyi bilinməyən ətləri daşıyan onlarla şəxs saxlanılıb. Ümumilikdə isə “leş ət” mafiyasını dayandırmaq mümkün olmur.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “leş ət” mafiyasına qarşı çıxan tək-tük QHT rəhbərlərindəndir. O, dəfələrlə açıqlama verib və deyib ki, hüquq-mühafizə orqanlarının bu sahədə addımları yetərli deyil. İB sədri fikrini bazarlarda piştaxtalara kolbasa şəklində çıxan həmin məhsulların satışının təşkili ilə əsaslandırıb. Qeyd edib ki, belə ətlərin ticarəti ilə məşğul olanlarla yanaşı, həmin ətləri sifariş edənlər də məsuliyyətə cəlb olunmalıdır.
“Leş ət” mafiyasını ayaqda saxlayan səbəblərdən biri və ən başlıcası budur ki, onların satışa çıxardıqları murdar ətlər bu gün ölkə bazarlarında, super və hipermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində çıxmaqdadır.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Bu ilin təkcə 4 ayı ərzində dövriyyədən 70 tona yaxın murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədə tonlarla xəstə heyvanın əti var. Restoranlarda lülə kabab, basdırma şəklində süfrəyə çıxan belə ətlərin satılmasının qarşısını almaq müşkül məsələyə çevrilib. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının səyləri də yetərli görünmür.
Eyyub Hüseynov deyir ki, Mil-Muğan zonasından sonra Xaçmaz rayonu murdar ət satılan rayonlar arasında ilk yerlərdədir: “Xaçmaz, Quba turistlərin, təsadüfi yol keçənlərin dayandığı bir zonadır. Nabran bölgəsində çoxsaylı restoranlar var. Düşünürəm ki, buna görə həmin rayonda tez-tez murdar ət satanların saxlanılması haqda məlumatlar eşidirik. Saatlı, Sabirabadda belə hallar çoxdur. Yaxşı haldır ki, Daxili İşlər Nazirliyi bu sahədə fəal iş aparır. Digər dövlət qurumları isə böyük passivlik nümayiş etdirirlər. Çünki maraqlar konflikti var”.
E.Hüseynov deyir ki, ölkədə istehlakçıların hüquqlarını qoruyan müstəqil dövlət qurumu olmayınca, belə hallar davam edəcək: “Qəzetinizə müsahibəsində İqtisadiyyat Nazirliyinin rəsmisi deyir ki, 1 ay ərzində 400 adda məhsulu yoxlayıblar və nöqsan aşkar etməyiblər. Əlbəttə ki, İqtisadiyyat Nazirliyinin yoxlayıcıları piştaxtaya çıxan mallarda nöqsan aşkar edə bilməzlər. Çünki İqtisadiyyat Nazirliyinin strateji məqsədi iqtisadiyyatı dirçəltmək, biznes qurumlarını nə yolla olur-olsun himayə etməkdir. Nazirliyin tərkibində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hansısa bir biznes qurumunda, qurumun istehsal etdiyi məhsulda nöqsan tapsa belə, buna adekvat tədbir görə bilməz. Son zamanlar həmin xidmətə göndərdiyimiz bütün sorğulara ”gedin, məhkəməyə müraciət edin" deyirlər. O boyda dövlət qurumunda sorğularımızı cavablandıra bilmirlər. Çünki maraqlar konflikti var. Mütləq şəkildə istehlakçı hüquqlarını qoruyan müstəqil dövlət qurumu olmalıdır. Əgər bunu etmək istəmirlərsə, istehlakçı hüquqlarının qorunması Yeni Zelandiyadakı kimi qeyri-hökumət təşkilatlarının öhdəliyinə verilməlidir. Orada QHT-lərin icazəsi olmadan 1 mal belə bazara girə bilməz".
Azərbaycanda kolbasa və sosis çox istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatlarına tələb var.
Azərbaycanda kolbasa və sosis bazarının 80 faizindən artığı yerli şirkətlərin istehsalıdır. Amma yerli şirkətlərin heç biri istehsal etdikləri məhsulun xammallarının haradan alındığını açıqlamağa həvəsli deyillər. Ümumiyyətlə, il ərzində məhsul şəklində bazara çıxardıqları məhsulun ümumi çəkisini də göstərməkdən yayınırlar. Çünki xammal məsələsi yerli şirkətlərin yaralı yeridir. 9 manata sümüklü əti alıb ondan kolbasa istehsal etmək üçün ilk növbədə ət sümükdən təmizlənməlidir. 1 kiloqram ətin 200 qrama yaxın sümüyü çıxdaş olnandan sonra kolbasalıq ət - xammal istehsalçının sərəncamında olur. Bəs həmin ətdən hazırlanan kolbasa və sosisin qiyməti niyə 9 manatı aşmır?
E.Hüseynov mövzu ilə bağlı açıqlamalarında dəfələrlə bildirib ki, əsas məsuliyyətə cəlb edilməli şəxslər həmin ətləri sifariş edənlərdir. AİB sədrinin dediklərindən sitat: “Ən azı müəyyən edə bilərlər ki, tələbkar kimdir. 6-7 ton at-eşşək, murdar, ölmüş heyvanın ətini satandan soruşa bilərlər ki, ay bala, bu qədər at-eşşəyin ətini hara, kimə aparırsan? Bunu niyə soruşmurlar? Soruşurlarsa, niyə tələbkarların cəzalandırılması haqda bir dənə olsun belə məlumat yoxdur? Olsaydı, yəqin ki, bu gün Azərbaycanda ”leş mafiyası" fəaliyyətini bu qədər şəbəkələşdirib genişləndirə bilməzdi. Atın-eşşəyin cəmdəyi azı 100 kiloqram olur. Bazarda ətin kiloqramı 10-12 manatdır. “Leş ət” mafiyası ətin kiloqramını 5 manatdan satır. Hər 100 kiloqram ət üçün 500 manat qazanc var. Belə ətin satışına görə cərimə dəfələrlə azdır. 50-100 manat cərimə ödəyib, yenidən qayıdırlar öz işlərinə. Tələbkarlar böyük biznes sahibləridir. Qanunlarda boşluq var. İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçını 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər".
“Leş ət” mafiyasını ayaqda saxlayan əsas səbəblərdən biri qanunlardakı boşluqdursa, digər bir səbəb də məmur fəaliyyətsizliyidir.(musavat.com)

 

 






Fikirlər