Kərə yağının qiyməti 1 aydan sonra 50-60 qəpik UCUZLAŞACAQ?

bitmap-img6

Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldıldı

 

Bu qərar dərc edildiyi gündən (bu gündən) 30 gün sonra qüvvəyə minəcək və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Qeyd edək ki, indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və 3 dəfə azaldılıb.
Ekspertlərin fikrincə, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək. Hazırda bu təsirin nə qədər olacağı və nə zamandan etibarən bazarlarda öz əksini tapacağı cəmiyyəti maraqlandıran əsas suallardan biridir.
Bu suala cavab tapmaq məqsədi ilə "Yeni Müsavat”ın müxbiri paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib. Market rəhbərləri mətbuata danışmaqdan imtina etsələr də, məlumat üçün bildiriblər ki, qərar təxminən 1 ay sonra bazara təsir edə bilər. Çünki hələ ki, gömrük rüsumları ilə bağlı azalma tətbiq olunmağa başlamayıb.
Gömrük rüsumlarının azalmasının qiymətlərə nə qədər təsir edəcəyinə gəlincə, market rəhbərləri bildirdilər ki, bu rüsumların azalmasının necə hesablanmasından və həmin dövrə qədər yağın qiymətinin nə qədər qalxacağından asılı olacaq.
Qeyd edək ki, marketlərdə kərə yağının qitymətində nə artım , nə də azalma müşahidə olunmur. "Rahat” marketdə "Wellington” markalı kərə yağının 1 kiloqramı 17.96 manat, "West gold” kərə yağının 1 kiloqramı 18.38 manat, "Golden Kraun” yağının kiloqramı isə 17.96 manatdır. Almaniya istehsalı olan "Gerda” kərə yağının qiyməti isə 20 manatı ötüb, 20.95 manata satılır. 
"Sərfəli” marketdə isə qiymətlər bir qədər ucuzdur. Yeni Zellandiya kər yağı 16,35 manata satılır.
İqtisadçı ekspertlər isə kərə yağına tətbiq olunan gömrük rüsumlarının 3 dəfə azalması ilə bu məhsulun pərakəndə satış qiymətinin necə dəyişəcəyini hesablayıblar.
İqtisadçı ekspert Vüqar Bayramovun hesablaması isə fərqlidir.
O, qərar qüvvəyə mindikdən sonra bazarlarda kərə yağının təxminən 2 manat ucuzlaşacağını bildirib: 
"Rüsumun 3 dəfə və ya 10 faiz azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər".
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bazarda yağın qiyməti 50 qəpik – 1 manat arasıaşağı düşə bilər.
Görünən budur ki, kərə yağının nə qədər ucuzlaşacağı ilə bağlı iqtisadçılar arasında da birmənalı fikir yoxdur. Amma ucuzlaşma mütləq olacaq; nə qədər – bu sual altındadır/Musavat.com.

 






Fikirlər