"Nə qədər ki, Gülən ABŞ-da oturub, ABŞ-Türkiyə münasibətləri düzəlməyəcək" — POLİTOLOQ

"Nə qədər ki, Gülən ABŞ-da oturub, ABŞ-Türkiyə münasibətləri düzəlməyəcək" — Politoloq

ABŞ-ın atom bombalarını Türkiyədən çıxaracağı barədə xəbərlər yayılıb.

Türkiyədəki NATO-nun İncirlik hərbi hava bazasında saxlanan atom bombaları SSRİ ilə "soyuq müharibə" illərində buraya yerləşdirilib. Hazırda İncirlikdə 50 ədəd B61 tipli atom bombasının olduğu bildirilir.

Son zamanlar, xüsusən də 15 iyul hakimiyyət çevrilişinə cəhddən sonra Türkiyə ilə ABŞ arasında soyuqluq yaranmağa başladı. Son günlər Qərblə Türkiyə arsında münasibətlər ciddi şəkildə gərginləşib.

ABŞ-Türkiyə münasibətləri barədə politoloq İlqar Vəlizadə Ölkə.Az-a danışıb:

""The Washington Post" qəzetində ABŞ komandanlığı Türkiyədəki atom bombalarının və nüvə başlıqlarının bu ölkədən çıxarıla biləcəyi barədə xəbərin yayılması müəyyən dairələrin Türkiyəyə bir mesajıdır. Bu informasiyaya çox ciddi yanaşmaq da düzgün olmazdı. Bu bir mesajdır ki, əgər Türkiyə xüsusi olaraq ABŞ-la bağlı siyasətini düzgün korrektə etməsə, bu cür addımlar ata bilər.

İncirliklə bağlı ABŞ-la Türkiyə arasında razılaşma 1970-ci illərin əvvəlində olub. İncirlik təkcə ABŞ-ın deyil, NATO-nun regionda mühüm dayağıdır. Bu bütün vaxtlarda belə olmuşdu. Çox güman ki, yenə də elə olacaq. İncirlik bazası vahid sistemin bir elementidir. İncirlik bazası Yaxın Şərqdə NATO-nun mühüm dayaq məntəqələrindən biridir. İncirliklə bağlı daha ciddi proseslər getməlidir ki, NATO-nun, ABŞ-ın planları dəyişin.

Türkiyə-NATO, Türkiyə-Qərb münasibətlərinin gərginləşməsinin səbəbi odur ki, Türkiyənin mövqeyi son 10-15 ildə regionda dəyişib. Buna görə də, Türkiyə özünə qarşı adekvat münasibət gözləyir. Türkiyə gözləyir ki, NATO çox həssas bölgədə, çox ciddi proseslərin baş verdiyi bölgədə özünə diqqətш artacaq, yardımlar gələcək və rəsmi Ankara NATO-nun planlarında indikindən daha mühüm rol oynaya biləcək.

Baltikyani ölkələr üçün NATO-nun xüsusi proqramı var. Bu proqram fəaliyyətdədir. Bu proqram Baltikyani ölkələr üçün yardım, birgə təlimlərin aparılmasını nəzərdə tutur. Təxminən belə bir proqram Türkiyə ilə də həyata keçirilə bilər. NATO-nun Türkiyəyə diqqətsizliyi müşahidə olunur və bu da əlbəttə ki, rəsmi Ankaranın xoşuna gəlmir.

Nə qədər ki, vəziyyət dəyişməsə, ziddiyətlər ortadan qalxmasa, Türkiyə-NATO münasibətləri soyuq qalacaq. Fətullah Gülənlə bağlı hadisə ABŞ-Türkiyə münasibətlərinə çox mənfi təsir edib. Nə qədər ki, Gülən ABŞ-da oturub, onun şəbəkəsi ABŞ-dan müəyyən dəstək alır, inanmıram ki, vəizyyət köklü surətdə dəyişsin"".






Fikirlər