REGİONDA MÜHARİBƏ QORXUSU – Rusiya Türkiyə ilə necə hesablaşacaq?



Bu gün Türkiyə hava məkanına daxil olan Rusiyaya məxsus hərbi təyyarənin vurulması regionda vəziyyəti gərginləşdirib.

Rusiya tərəfi təyyarənin vurulmasıyla barışa bilmir, Türkiyə isə sərhədlərinin pozulma halının birinci dəfə olmadığını, bu məsələylə bağlı dəfələrlə xəbərdarlı etdiklərini bildirməklə, haqlı olduqlarını bəyan edirlər. Putin Təhlükəsizlik Şurasının İclasını çağırıb, rəsmi Ankara da gərgin görünür. Qardaş Türkiyədə Rusiyanın onlara hücum edə biləcəyi versiyasının olması barədə xəbərlər dolaşır. Dünya mətbuatı isə bu olayın üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyi ehtimalını tirajlayır. 
Təyyarənin vurulması müharibəyə gətirib çıxara bilərmi? 
Politoloq Zərdüşt Əlizadə AzNews.az-a açıqlamasında bildirib ki, Rusiyanın hələ ki, Türkiyəyə hücum eləmək fikri yoxdur: “Sadəcə Rusiya təyyarəsi bundan əvvəl Suriyada əməliyyatlar zamanı Türkiyənin hava məkanını pozub. Türkiyə Rusiyaya xəbərdarlıq elədi ki, fakt təkrar olunmasın. Bu da təkrar olundu. Türkiyə də öz hava məkanını qorumaq üçün rus təyyarəsini vurub saldı. Yəqin ki, Rusiya bundan nəticə çıxaracaq”.

Politolq Qabil Hüseynli isə qeyd edib ki, bu məsələ üçüncü dünya müharibəsinə gətirib çıxarda bilər: “Rusiya təyyarəsi sərhədi keçib, Türkiyə ərazisinə daxil olub. Bundan əvvəl də bir neçə dəfə rus təyyarələri Türkiyənin sərhədini pozub. Bu dəfə isə iki türk vətəndaşı yaralanıb. Rusiya tərəfi iddia edir ki, təyyarə sərhədi keçməyib, biz onu sübut edə bilərik. Türkiyə isə hadisənin videogörüntülərini yayıb. O görüntülərdən də görünür ki, təyyarə Türkiyə ərazisinə daxil olub. Bu hadisə bir daha göstərir ki, Rusiya bölgədə hegemonluq iddiasına düşüb və Türkiyə kimi bir qocaman dövlətlə də hesablaşmır. Belə olan halda vəziyyət gərginləşir. Düzdür, bir təyyarədən ötrü Rusiya Türkiyə münasibətlərində hər hansı bir qarşıdurmanın meydana gəlməsinə inanmıram. Bunu hər iki dövlət danışıqlar yolu ilə çözə bilərlər. Lavrov bəyanat verib və bu bəyanat o qədər də sərt deyil. Amma Rusiyanın o bölgədə ən yaxşı münasibətləri olan bir Türkiyə var. Belə olan halda məsələ ancaq beynəlxalq məhkəməyə çıxarıla və təzminat tələb oluna bilər. Rusiya NATO-nun üzvü olan bir ölkə ilə savaşa girmək istəsə, bu ona baha başa gələcək. Vəziyyətin gərginləşəcəyi qənaətində deyiləm. Müəyyən söz dueli yaşana və fikir ayrılığı yarana bilər. Sonda hər iki dövlət tərəfindən komissiya formalaşdırılaraq, məsələnin mənzərəsini bilib ondan sonra qərar verilə bilər. Türkiyə qarşı savaş NATO-ya qarşı savaşdır. NATO dərhal köməyə gələcək, bu da dünya müharibəsi deməkdir. Türkiyənin baş naziri ruslara bildirmişdi ki, ehtiyyatsızlığınız üçüncü dünya savaşına gətirib çıxara bilər”.






Fikirlər