İŞİD-dən qorxmaq üçün 5 ciddi səbəb

İŞİD-dən qorxmaq üçün 5 ciddi səbəbDüşmənin cəbhə xəttində intiharçı avtomobil partlayışlarının törədilməsindən tutmuş qorxu yaradılması məqsədilə müharibə əsirlərinin qətliam edilməsinədək “İslam Dövləti” (İŞİD) yaraqlıları döyüş meydanında özlərinin nə qəddar və bacarıqlı olduqlarını nümayiş etdiriblər

Bu qüvvəni qorxulu edən beş mühüm amil var.

İntiharçı bomba partlayışları

“Əl-Qaidə”dən “Taliban”adək intiharçı bomba partlayışlarını bir çox silahlı qruplaşmalar törədirlər. Lakin onlardan heç biri döyüş meydanında bu üsuldan İŞİD yaraqlıları qədər intensiv istifadə etmir.

“Onların intihar partlayışları törətmək arzusunda olan çox sayda döyüşçüləri var” - deyir Beyrutdakı Yaxın Şərq və Körfəz İnstitutundan hərbi analitik Riad Kahvaji.

Yaraqlılar hücum edərkən,- xüsusilə də yaşayış məntəqələrində,- intiharçı avtomobil partlayışlarından səmtləndirilən raket zərbələri kimi istifadə edir. Bunun ardınca onlar kütləvi partlayış törədir və böyük canlı qüvvə ilə düşmən mövqelərini basırlar.

“Bu, lap koalisiya təyyarələrinin mükəmməl raketlərinə bənzəyir. Fərq burasındadır ki, burada dəqiqlik daha çoxdur və qəfillik elementi var. Bu da onların düşmənlərinin ürəyinə xof salır” - deyə Riad Kahvaji bildirir.

Yaraqlıların intiharçı qəsd törətmək istəyən bu qədər döyüşçüsü hardandır?

R.Kahvaji deyir ki, yeni səfərbərliyə alınanlar, onların ideoloji sədaqəti və psixoloji vəziyyətləri nəzərə alınaraq bələdçiləri tərəfindən diqqətlə saf-çürük edilirlər və bundan sonra onlardan “məqsədəuyğun şəkildə” istifadə olunur: “Belə görünür ki, onların bu döyüşçüləri qiymətləndirmək üçün öz sistemləri var. Onlar baxırlar ki, döyüşçülərdən hansı daha çox ekstremistdir və intihar törətməyə qabildir. Belələrini seçir və lazım gəldikdə istifadə edirlər”.

Xof taktikası

İntihar bombalarından başqa İŞİD yaraqlıları düşməni özünün ifrat qəddar imicini yaratmaqla qorxutmağa çalışır.

Bütün dünya girovların başlarının kəsilməsindən sarsılmışdı. Lakin yaraqlılar döyüş meydanlarındakı düşmənlərinə qarşı ayrı taktikadan istifadə edirlər. Bu, əsirlərin cəbhə xətti boyunca, düşmənlərin gözləri qarşısında, açıq şəkildə kütləvi edam edilməsidir.

“Onlar hücuma keçməzdən əvvəl özlərinin bir neçə hərbi əsirini düşmənin görə biləcəyi bir şəkildə qətlə yetirir və xof yaradırlar” - deyə R.Kahvaji əlavə edir.

Onların döyüşdən əvvəl öldürdükləri əsirlər həm Suriya ordusunun, həm də özlərinə rəqib bildikləri dünyəvi müxalifətin Azad Suriya Ordusunun əsgərləridir.

Eyni zamanda əsirlərin edam görüntülərini internetlə yayırlar. İyun ayında onlar yüzlərlə İraq ordusu əsgərinin Tikritdə edam edilməsini göstərən videonu yaymışdılar.

Avqust ayında onlar tərəfindən internetdə Raqqa əyalətində 120 Suriya əsgərinin edamını nümayiş etdirən video yayılmışdı.

İŞİD döyüşçüləri xofdan həmçinin dinc əhaliyə qarşı istifadə edir. Onlar qeyri-sünni icmalarının yaşadıqları yerləri zəbt edəndə arabir hərbi yaşda olan kişiləri oğurlayır və güllələyirlər. Onlar, məsələn, yezidi icmasının gənc qadınları oğurlayır və seks qulları kimi satırlar.

Bü cür rəftardan qorxu, dinc əhalini İŞİD döyüşçülərinin hələ əraziyə yaxınlaşmasından əvvəl doğma yurdlarından qaçmağa sövq edir.

Yüksək hərəkətlilik

İŞİD yaraqlıları olduqca hərəkətlidir. Onlar öz döyüşçülərini yük avtomibillərində kiçik qruplarla və yüksək sürətlə döyüşə göndərirlər. Bu da beynəlxalq koalisiya qüvvələrinin onlara havadan zərbə endirməsini çətinləşdirir. Məhz buna görə də Qərb rəsmiləri qrupa yalnız hava zərbələri ilə üstün gəlməyin mümkünsüzlüyündən danışırlar.

Analitiklər bildirir ki, İŞİD yaraqlıları Suriya və İraq ordularından tankları ələ keçirsələr də onlardan müntəzəm qaydada istifadə etmirlər.

“İŞİD yaraqlıları tanklardan yalnız təbliğat görüntülərində istifadə edirlər. Onlar tanklardan döyüş meydanlarında istifadə etmirlər, çünki tankı havadan bircə raketlə məhv etmək olar” - deyə Fransanın Lion şəhərindəki Gremmo Araşdırma Mərkəzindən Suriya üzrə ekspert Fabrisiya Blanş izah verir.

İraqın şiə döyüşçüləri İŞİD-in tankını məhv edib. 2 sentyabr, 2014

O həmçinin qeyd edir ki, İŞİD yaraqlıları zəbt etdikləri şəhərlərdə, məsələn, Suriyanın Raqqa şəhərində olduğu kimi, yerli əhali ilə qaynayıb-qarışır. Bu isə dinc əhalinin həyatını riskə qoymadan onlara qarşı hava zərbələri endirilməsini çətinləşdirir. Çünki belə zərbələr yaraqlılara adamlar cəlb etmək imkanı verə bilər.

“Əgər siz evləri bombardman edirsinizsə, çox tezliklə dinc əhalinin güclü narazılığı ilə üzləşəcəksiniz. Onlar deyəcəklər ki, bu, İslam üzərinə yeni səlib yürüşüdür və amerikalılar da israillilərin Qəzzada etdiklərin kimi adamları öldürürlər. Beləliklə də biz psixoloji müharibədə çox tez uduza bilərik” - F.Blanş bildirir.

Beynəlxalq miqyas

İŞİD yaraqlıları şimali İraq üzərinə uğurlu hücumlarının nəticəsində öz sıralarını 10 min döyüşçüdən haradasa 20-30 min döyüşçüyə çatdırıb.

Yeni səfərbər olunanların əksəriyyəti bu yaraqlı qrupa müttəfiqlik elan edən başqa dəstələrin üzvləridir. Lakin ekstremist qrup həm də Avropa daxil olmaqla bütün dünyadan minlərlə cihadçı cəlb etmək iqtidarındadır.

“Bu, müasir tarixdə əcnəbi müsəlman döyüşçülərin xaricdəki döyüş meydanına yüzlərlə, bəlkə də minlərlə ölçülən ən böyük axınıdır” - deyə Londondakı Royal United Services İnstitutundan araşdırmaçı Şaşank Coşi bildirir.

İraqda qaçqın düşmüş yezidi kürd ailəsi. 24 sentyabr, 2014

Ş.Coşi qeyd edir ki, çox sayda əcnəbinin Suriyaya getməsi həm də bu ölkənin Avropanın çox yaxınlığında olması və oraya Türkiyədən keçib getməyin asanlığı ilə bağlıdır. Əfqanıstan, Somali və ya Yəməndəki cihadlara qoşulmaq bu qədər asan deyildi.

Lakin İŞİD yaraqlıları səfərbərlik məsələsində həm də ona görə uğur qazana bilib ki, onlar Suriyadakı müharibəyə sünni və şiələr arasında axirət müharibəsi donunu geydirib. Burada Dəməşq və Bağdadın sünni ərəblərin qədim düşməni olan İran tərəfindən dəstəklənməsi faktoru da rol oynayıb.

“Avropadan olan sünni müsəlmanları cəlb edən məhz budur. Onlar bəlkə də başqa vaxtlarda bundan çəkinərdilər. Lakin onların Suriyada 3 ildir ki, müşahidə etdikləri iztirablar, kütləvi qətliamlar və hava zərbələri İŞİD yaraqlılarına “əl-Qaidə”nin heç vaxt malik olmadığı səfərbərlik alətini verib” - deyir Ş.Coşi.

Suriyada və İraqda fiziki ərazilər zəbt etməklə İŞİD yaraqlıları həmçinin cihad ideyasına ikinci həyat verib.

““Əl-Qaidə” həmişə öz diqqətini uzaqdakı düşmənə qarşı məsafədən törədilən terrorçu aktlarına yönəldirdi və asan hədəf olmamaq üçün ərazi zəbt etməkdən çəkinirdi. İŞİD-in xilafət elan etməsi və diqqətini yaxın düşmənə yönəltməsi və ərazilər zəbt etməsi isə “əl-Qaidə”nin illərlə davam edən mövqeyindən sonra yenilikçi bir ideya idi” - deyə Ş.Coşi bildirir.

Şərqi Suriyada və İraqda bu qruplaşma özünü həmçinin sünnilərin başqa bir düşməndən kürdlərdən müdafiəçisi kimi təqdim edir. O, sıralarını ərəblərin belə bir qorxusu üzərində genişləndirir ki, iyul ayında neftlə zəngin Kərkük regionunu ələ keçirən kürdlər ərəb torpağında öz müstəqil dövlətlərini qurmaq istəyirlər.

Qan bağları

Və nəhayət, İŞİD yaraqlıları keçmişlərdə buraxdıqları səhvlərdən dərs çıxarıblar. Bu səhvlərdən biri də sünni tayfaları ilə birbaşa nüfuz rəqabətinə girilməsi idi.

Bundan bacarıqla istifadə edən ABŞ qüvvələri tayfa qiyamını - “Sünni oyanışı”nı silahlandıra və maliyyələşdirıə bilmiş və tayfalar 2006-cı ildə islamçıları uğurla geri oturtmuşdular.

Əvəzində bu gün İŞİD yaraqlılarının lideri Əbu Bəkr əl-Bağdadi tayfa liderləri ilə əlaqələr qurmağa çalışır. O, bunu ənənəvi ərəb adət-ənənəsi ilə edir.

“Məsələn, o, tayfa başçısından öz qızını İŞİD yaraqlılarının rəhbərlərindən birinə ərə verməyı xahiş edir. Beləliklə, qruplaşma ilə tayfa arasında izdivac əlaqəsi yaranır. O, həmçinin tayfa başçısından öz oğlunu yaraqlıların sıralarına verməyi xahiş edir. Beləliklə, yerli tayfalarla qruplaşma arasında qan qohumluğu yaranır. Əgər tayfa müqavimət göstərsə, o, tayfa üzvlərinin hamısını qırır” - deyə Blanş əlavə edir.(virtualaz.org)






Fikirlər