Ərdoğan: “Dünya ABŞ-dan İBARƏT DEYİL, biz İRANLA...”

Ərdoğan: “Dünya ABŞ-dan ibarət deyil, biz İranla...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da həbsdə olan türkiyəli iş adamı Rza Zərrab və "Xalqbank"ın rəhbərlərindən olan Mehmet Hakan Atillanın məhkəmə prosesi ilə bağlı danışıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan sanksiyaları pozmadığını bildirib.

“Məhkəmə prosesində hansı qərar çıxırsa-çıxsın, biz doğru şeyləri etdik, sanksiyaları pozmadıq. Biz ABŞ qarşısında bu məsələdə hər hansı öhdəlik götürmədik. Dünya təkcə ABŞ-dan ibarət deyil. İranla ticarət və enerji məsələlərində əməkdaşlığımız var”, - Türkiyə prezidenti deyib.

Qeyd edək ki, dünən keçirilən məhkəmə prosesində Rza Zərrab ittihamları qəbul edib. O, Mehmet Hakan Atillanın işində şahid qismində danışıb.

Atillanın vəkili Viktor Rokko bildirib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınmaq hüququ əldə edib.

İrana qarşı sanksiyaları pozma, çirkli pulların yuyulması və digər bir çox maddələrlə ittiham edilən azərbaycanlı milyarder ifadəsində bunları deyib:

“Prokurorluq qarşısında 3 öhdəliyim var: Həqiqəti demək, ABŞ hökuməti ilə əməkdaşlıq etmək və bir daha cinayət törətməmək. Həbs olunduğumda çox qorxmuşdum deyə, həqiqəti söyləyə bilmədim. Prokurorluqla əməkdaşlıq həbsdən çıxmağın ən rahat yoludur”.

Zərrab planlarının həyata keçməsi üçün sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verdiyini bildirib:

"Zəfər Çağlayanla əlaqə yaratdım. Nazir idi. Ona 45-50 milyon arasında rüşvət ödədim. Çağlayan İranla qurulan ticari əlaqələrə görə 50 faiz pay istədi".

Qeyd edək ki, Rza Zərrab və Mehmet Hakan İranın xeyrinə çirkli pulları yumaqda ittiham edilirlər.

Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.






Fikirlər