"JİRİNOVSKİ siyasi karyerasını BİTİRDİ SOBÇAK isə..."

Putinin yeni prezidentlik dönəmində Rusiyanın prinsipial mövqeyində heç bir dəyişiklik olmayacaq.

Axar.az xəbər verir ki, bunu "Apostrof" saytına açıqlamasında Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib.

"Putin 18 ildir indiki siyasətini israrla davam etdirirsə, niyə onu birdən-birə dəyişməlidir? Bu dəfə o, sonuncu prezidentlik dönəmini yaşayır. Məncə, Putinin özü də belə düşünür. Bundan sonra hansısa monarxiya ssenarisi, hansısa dövlət şurasının və ya xalq lideri statusunun yaradılması ssenarisinə cəhdlər ola bilər. İnanmıram ki, Putin Konstitusiyada kobud dəyişikliklərə getsin. Hazırda əsas məsələ onun özünün şəxsi təhlükəsizliyinin təmin edilməsidir. Bunu necə edəcəyi isə böyük sualdır. Ola bilsin ki, o öz varisini axtarmaq, Qərblə uzlaşmaq və digər vasitələrlə bunu etsin.

Sobçakın bu seçkidə dördüncü yer tutması onun üçün böyük uğurdur. Seçkidə qarşılarına qoyduqları tapşırıqları üç namizəd tam icra edə bildi. Bu, Putin, Qrudinin və Sobçakdır. Putin qalib gəldi, Qrudinin ikinci yeri tutdu, Sobçak isə dördlükdə qərarlaşdı. Uduzan Vladimir Jirinovski və Qriqori Yavlinskidir. Bununla da Jirinovski siyasi karyerasını bitirdi. Uduzanlar arasında Aleksey Navalnı da yer aldı. Navalnı aktivliyin aşağı salınması üçün kütləvi kampaniya təşkil edə bilmədi. Nəticədə biz prezident seçkisində rekord aktivlik müşahidə etdik.

Sobçakın siyasi gələcəyi var. Dmitri Qudkovla (eks-deputat - red.) Sobçak partiya yaratdıqdan sonra Qudkov Moskvadakı mer seçkisinə gedəcək. Əgər Navalnı onlara mane olmasa və müxalif kəsimə təsir etməsə, Qudkovun qalib gəlmək şansları böyükdür. Sobçak isə Sankt-Peterburqda mer olmaq üçün yaxşı şanslara sahibdir. O, artıq siyasi arenada mühüm oyunçuya çevrilir", - deyə o bildirib.






Fikirlər