TİFLİSDƏ daha irimiqyaslı aksiyanın KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR

Gürcüstanın paytaxtı Tiflisdə, parlament binasının qarşısında toplaşan etirazçılar bu gün daha böyük miqyaslı aksiyanın keçirilməsinə hazırlaşırlar.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları hələlik çadırlarda yerləşiblər.

"Biz yağışda islanmamaq üçün çadırlar qurduq. Zaza (öldürülən yeniyetmənin atası-red) və tərəfdarları burdan getməyəcəklər. Sabah (bu gün - red) bura Gürcüstanın bütün regionlarından gələcəklər və saat 16:00-da dünənkindən də iri miqyaslı aksiya başlayacaq", - deyə aksiyaçılardan biri bildirib.

Bildirilir ki, güclü yağış səbəbindən parlamentin yerləşdiyi Rustavelli prospektində adam azdır. Daha əvvəl ölkənin Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirilib. Bundan sonra baş prokuror İrakli Şotadze istefaya gedib.

Kütləvi aksiyanın təşəbbüskarı qışda Tiflisin mərkəzindəki davada qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidzedir. O, hesab edir ki, prokurorluq bu işlə bağlı qeyri-obyektiv təhqiqat aparıb və insidentin iştirakçılarından birini – sabiq prokurorun oğlunu gizlədib.

Cümə axşamı məhkəmə müttəhimlərdən birinə bəraət qazandırıb. Digər müttəhimə qarşı ittiham yüngülləşdirilib.

Bu səbəbdən də ölkənin Baş Prokurorluğu qarşısında aksiya keçirilib və etiraz tədbiri parlamentin binası qarşısında davam etdirilir.






Fikirlər