İkinci Avropa Oyunları 500 milyon dolları verən ölkədə olacaq



 

İkinci Avropa Oyunlarına ev sahiblik etməyə iddialı olan namizədlərin adları açıqlanıb. Qonşu ölkələr Rusiya, Belarus, Türkiyədə 2019-ci ildə Avropa oyunları keçirilə bilər.
Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki bildirib ki, yarışların qrafiki komitənin Albaniyanın paytaxtı Tiranada keçirilən toplantısında təsdiqlənib. Hikki həmçinin qeyd edib ki, Hollandiya maddi durumuna görə ev sahibliyi etməkdən vaz keçib. 
Patrikın sözlərinə görə, yarışların qrafiki indidən müəyyən ediləcək ki, Avropa idman federasiyaları və milli olimpiya komitələri öz təqvimlərini Avropa Oyunlarının təqvimi ilə uzlaşdıra bilsin. Onun fikrincə, yarışların təqviminin müəyyən edilməsi potensial ev sahibləri ilə danışıqları yekunlaşdırmağa kömək edəcək. Hazırda Türkiyə, Rusiya və Belarus ilə danışıqlar aparılır. Yekun nəticə bu ilin oktyabr ayında açıqlanacaq. “2019 yarışları üçün seçim imkanları böyük deyil, qərar simvolik xarakter daşıyacaq”,- deyə Hikki əlavə edib. Avropa Olimpiya Komitəsi 2019-cu il yarışlarının orta əməliyyat büdcəsini 500 milyon dollar səviyyəsində proqnozlaşdırır. "500 milyon dollar real rəqəmdir: Olimpiya Oyunları ilə müqayisədə qitənin 50 ölkəsinin təmsil olunduğu idman tədbirlərinə 500 milyon dollar əməliyyat büdcəsinin müəyyən edilməsi optimal və ağlabatandır”- Patrik Hikki bildirib. (anspress.com)






Fikirlər