Ukrayna üçün sülhməramlı qüvvələr yaradılır - Rusiyanı naraharat edəcək addım
Böyük Britaniya müharibədən sonrakı mərhələdə Ukraynada sülhün təmin olunması üçün beynəlxalq sülhməramlı missiyanın yaradılmasını öz gündəliyinə daxil edib. “AzPolitika” xəbər verir ki, bu barədə Britaniyanın keçmiş müdafiə nazirləri Qrant Şapps və Qavin Uilyamson bildiriblər. Şapps bildirib ki, sülhməramlı missiya Ukraynanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər. “Böyük Britaniya Ukraynanın cəsur mübarizəsinə dəstəyini artırmalı və Kiyevə NATO-ya üzvlük üçün tam dəstəyi verməlidir”, - deyə Şapps bildirib. Qavin Uilyamson isə vurğulayıb ki, Ukraynanın təhlükəsizliyinin bərqərar olması təkcə diplomatiya yolu ilə deyil, həm də meydanda konkret addımlar atmaqla mümkündür. Uilyamson NATO-nun Ukraynada etibarlı tərəfdaş kimi çıxış etməsinin həyati əhəmiyyət daşıdığını deyib. Qeyd edək ki. sülhməramlı qüvvə ideyası ilk dəfə 2024-cü ilin fevralında Fransa Prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilib. “Wall Street Journal”-ın yazdığına görə, ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp da bu ideyanı dəstəkləyir, lakin Amerika əsgərlərinin bu missiyada iştirak etməyəcəyini bildirir. “Reuters”in məlumatına görə, sülhməramlı missiya ilə bağlı Avropa ölkələri arasında danışıqlar davam edir. Almaniya, İngiltərə, Fransa, İtaliya və Polşanın töhfələri ilə 40 min nəfərlik bir qüvvənin formalaşdırılması planlaşdırılır. Bununla belə, ekspertlər Ukraynanı Rusiyanın mümkün hücumlarından effektiv şəkildə qorumaq üçün ən azı 100 min əsgərin lazım olacağını proqnozlaşdırırlar. Bildirilir ki, Ukraynada sülhü təmin etmək üçün Avropa ölkələrinin bu təklifi necə həyata keçirəcəyi qarşıdakı dövrdə formalaşacaq.