PREZİDENT PUTİNİN ƏN AĞIR SINAĞI – “Neftin qiyməti prezidentə qəsddir”

 

Prime Minister Vladimir Putin looks on d

Proloq: Prezident Putinin doğuluşu

Rusiyanın ilk prezidenti Boris Yeltsin gözlənilmədən 31 dekabr 1999-cu ildə istefa verdiyini açıqladı və onun səlahiyyətləri baş nazir Vladimir Putinə keçdi. 2000-ci ilin mart ayında Putin prezident seçkilərində qalib gəldi.

2000-ci ilin iyulunda prezident Putin Kremldə ilk dəfə Federal Məclisə müraciətlə çıxış etdi. O, böyük Rusiyanın bərpasını bəyan edərək, bildirdi ki, əgər güclü dövlət qurulmazsa, ölkə parçalanacaq və xalq bundan ziyan çəkəcək. Putin öz qarşısında mərkəzləşdirilmiş hakimiyyətə malik dövlət qurulmasını məqsəd qoydu. Putin iki müddət hakimiyyətdə oldu və 2008-ci ilin mayında, Rusiya konstitusiyasına uyğun olaraq, prezident postunu tərk etdi. Yalnız müvəqqəti. Dmitri Medvedyev prezident seçildi. Dörd ildən sonra 7 may 2012-ci ildə Putin yenidən – üçüncü dəfə Rusiya prezidenti oldu. Əvvəlki prezident Dmitri Medvedyevə baş nazir postu təklif edildi.
Üçüncü dəfə prezident olan Putin, 12 dekabr 2012-ci ildə Konstitusiya günündə Federal məclisə müraciətində Rusiyanın 21-ci əsrdəki inkişaf vektorunun Şərqə tərəf çevriləcəyini bildirdi.

2013-cü ildəki Federal Məclisə müracitəində, Putin Sibir və Uzaq Şərqin inkişafının 21-ci əsrin milli ptioriteti olacağı barəsində danışdı.

2013-cü ilin payızında Ukrayna böhranı başladı və 2014-cü ilin martında Rusiya Krımı özünə birləşdirdi. Qərb isə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdikdən sonra Putin Qərb ölkələri ilə vəziyyəti kəskinləşdirməyə doğru getdi.

Onun 2014-cü ildəki Federal Məclisə müraciəti zamanı Rusiya artıq sanksiyalar altındaydı. Bu çıxışında Putin neft və qaz layihələrinə toxunmadı. O, Rusiyanın inkişafından danışdı və Krımın ilhaq olunmasına bəraət qazandırdı.
Hər il olduğu kimi, prezident Putin 2015-ci ilin 3 dekabrında növbəti dəfə Federal Məclis qarşısında dayanmışdı. O, bu dəfə kəskin şəkildə Türkiyəni günahlandırdı, amma Ukrayna və ABŞ-la münasibətlərə toxunmadı.

- Neftin qiymətinin oynaqlığı

11 avqust 2015-ci ildə ABŞ Enerji Nazirliyi enerjidaşıyıcıları bazarı ilə bağlı qısamüddətli proqnoz dərc etmişdi və burada 2015-ci ilin iyul məruzəsindəki proqnoza nisbətən, neftin qiyməti xeyli aşağı salınmışdı.

ABŞ enerji informasiyası idarəsi 12 yanvar 2016-cı il tarixində qısamüddətlı proqnoz dərc edib. Dərc olunmuş həmin məlumata görə, 2017-ci ildə neftin qiyməti yüksələməyə başlayacaq. Qərbi Texas neftinin (WTI) qiyməti – 47 dollar, Brent markasının qiyməti isə 50 dollar olacaq.

2016-cı ildə İran iqtisadi sanksiyalardan azad edilib. Proqnozlora görə irəlidə neft və qaz təklifi artacaq. Maraqlıdır, görəsən bu ABŞ-ın enerji məlumatları idarəsinin 9 fevralda açıqlanacaq proqnozunda öz əksini necə tapacaq?

- Prezident Putin neft qiymətləri üzərində duruş gətirir

Putin hakimiyyətə gələndə neftin bir bareli 20 dollar idi. Sonradan qiymətlər yuxarıya doğru hərəkət etdi. Neft qiymətlərinə söykənən Rusiya iqtisadiyyatı neft asılılığı modelindən qurtula bilmədi. Əksinə, onun karbohidrogenlərdən asılılığı daha da artdı. 2000–ci illərin birinci yarısında Rusiya iqtisadiyyatı neft və qazın qiymətinin yüksəlməsi və bu məhsulların ixrac həcminin artırılması sayəsində inkişaf etdi. 1992-ci ildə enerjidaşıyıcılarının ixracdakı ümumi payı 45% təşkil edirdi. Son illər isə bu göstərici 70%-dir.

2000-ci ildə Putin prezident olan zaman, neft və qaz sektorundan büdcəyə vergi daxilolmaları ümumi gəlirlərin 20 %-ni təşkil edirdi. Lakin bu pay artmağa başladı və son illər isə bu göstərici 50%-dən yuxarıdır.

Rusiyada neft qiymətlərindən məhz Vladimir Putin həzz alıb. Problem 2014-cü ilin ikinci yarısında neftin qiymətinin düşməsindən sonra başlayıb. 2015-ci il üçün neftin bir barelinin orta qiyməti 50 dollar olub. Əgər faiz hesabı ilə yanaşsaq, bu, tarix boyu ən böyük düşüşdür – 47 %. 1998-ci ildəki böhran zamanı bu göstərici 33%, 2008-ci ildəki böhranda isə 36% olmuşdu. Ona görə də qiymətdəki enmənin nə qədər ciddi olmasını və onun neft çıxaran ölkələrə necə zərbə vurduğunu təsəvvür etmək heç də çətin deyil.

- Rusiya iqtisadiyyatının “Axilles dabanı”

Rusiya iqtisadiyyatı neftlə qurlumuş qəsrdir. Büdcənin təxminən yarısı və Ümumi Daxili Məhsulun (ÜDM) 10 faizi neft və qazdan yığılan vergilərdən ibarətdir. Bundan əlavə ümumi ixracatın 70 faizi yanacaq və enerji məhsullarının payına düşürsə, onda neftin aşağı qiyməti Rusiya büdcəsinə güclü zərbə deməkdir. Rusiyanın “Axilles dabanı” onun iqtisadiyyatıdır. Daha dəqiq ifadə ilə desək, iqtisadiyyatın bərbadlığı onun tamamilə təbii resurslardan asılı olmasındadır. Bu cür iqtisadiyyat neftlə tikilmiş qəsrdir. MDB ölkələri arasında Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Azərbaycan enerji dövlətləridir. Azərbaycanda büdcənin 70%-ni neft və qaz doldurur. Həm də ki, bu məhsullar ixracatın 90%-ni təşkil edir. Türkmənistanda da eyni vəziyyətdir.

Bütün bu ölkələr neft üzərində qurulmuş qəsrlərin klassik örnəkləridir. Əlbəttə, bu Yaxın Şərq ölkələrinə də aidir.

- Aşağı neft qiymətləri Rusiyanın büdcədə düzəliş aparmasını çətinləşdirir

İlk öncə Rusiya hökuməti tərəfindən hazırlanmış büdcə layihəsinə Dövlət Duması baxır. Duma tərəfindən baxıldıqdan sonra büdcə layihəsi Federasiya Şurasına göndərilir. Nəhayət, bütün bunların sonunda büdcəni prezident öz imzası ilə təsdiq etməlidir.

Rusiya hökuməti 2016-ci ildəki büdcədə neftin qiymətini 50 dollar səviyyəsində götürüb. Hökumət öz büdcə layihəsini 23 oktyabr 2015–ci ildə Dumaya təqdim edib. 4 dekabrda Duma bu büdcəni bir dolların 63,3 rubla bərabər olması məzənnəsi ilə götürülməsi, ÜDM-in 0,7 % böyüməsi, inflyasiyanın isə 6,4 % təşkil edəcəyi şərti ilə qəbul edib. 9 dekabrda büdcə layihəsi Federasiya Şurası tərəfindən qəbul olunub. Putin isə bu büdcəni 14 dekabr tarixində imzalayıb və nəticədə, o, təsdiq edilib.

Büdcə müzakirələri gedən ərəfədə neftin qiyməti düşməkdəydi. 2015-ci ilin 9 dekabrında “Urals” markalı neftin qiyməti 36 dollar olub. Elə həmin gün baş nazir Dmitri Medvedyev deyib ki, neftin qiymətinin aşağı düşməsinin davam etməsi ilə əlaqədar, hökumətin B və C planları var.

2014-cü ildə qəbul olunmuş büdcədə neftin qiyməti 100 dollardan götürülürdü, amma sonradan düzəliş edib 50 dollara saldılar. Qazaxıstan büdcədə neftin qiymətini 40 dollardan, Azərbaycan 50 dollardan götürüb. Ancaq indi onlar bu rəqəmlərdə düzəliş aparırlar. Belə ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov neftin qiymətini 25 dollardan götürməyi təklif edir.

- Epiloq: Prezident Putin üçün ən ciddi sınaq

Neftin qiymətinin aşağı düşməsi fonunda Putin 2016-cı il büdcəsində düzəlişlər edilməsini tapşırıb. Hökumət büdcə xərclərinin 10% azaldılmasının mümkünlüyünü müzakirə edəcəyini qərara alıb.

Rusiya Federasiyası İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev bildirib ki, düzəlişlər bir barel neftin qiymətinin 25 dollar, rublun məzənnəsini isə bir dollara nisbətdə 80 rubl ətrafında olmaq şərti ilə götürülməsindən ibarət olacaq. Maliyyə naziri Anton Siluanov isə deyib ki, büdcədə düzəliş aparılması layihəsi 2016-cı ili mart ayından əvvəl olmayacaq.

Beynəlxalq siyasət üzrə ixtisaslaşmış bəzi ekspertlər və alimlər konspiroloji nəzəriyyədən danışaraq deyirlər: ”Neftin qiymətinin düşməsi prezident Putini hakimiyyətdən salmaq üçün bir qəsddir. Lakin bu çox sadəlövh düşüncədir”.

Həqiqətən də ucuz neft Rusiya iqtisadiyyatına zərbə vurub, ancaq bu sadəcə olaraq, yalnız nəticədir. Axı bu cür maliyyə zərbəsini bütün neft-qaz hasil edən ölkələr alıblar.

Belə demək olar ki, Rusiya iqtisadiyyatı və prezident Putin özlərini daha çox küncə sıxışdırırlar. Əgər neftin qiyməti aşağı səviyyədə qalarsa, onda vəziyyəti heç C planı da xilas edə bilməyəcək.

2016-cı ildə hökumət 2017-ci ilin büdcə layihəsinin hazırlığına başlayacaq. Əgər Ehtiyat Fondundakı vəsait əriyərsə, onda Putin öz prezidentlik tarixinin ən böyük iqtisadi böhranı ilə qarşılaşacaq.

2016-cı ilin sentyabrında Rusiyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Əvvəl bu seçkilərin dekabr ayında keçirilməsi planlaşdırılmışdı. Seçki tarixinin geriyə sürüşdürülməsinin səbəbi büdcənin qəbulu ilə bağlıdır. Çünki 2017-ci ilin büdcəsi rusiyalıların həyatına neqativ təsir göstərə bilər. Ona görə də, seçkilərin keçirilməsi vaxtını elə salıblar ki, bu, 2017-ci ilin büdcəsinin qəbul olunduğu dekabr günlərinə təsadüf etməsin.

Yeltsinin prezidentliyi dövründə neftin bir barelinin qiyməti 10 dollar civarındaydı. Dövlət büdcəsinin mənbəyi tükəndiyinə görə, Yeltsin gözlənilmədən istefa verdi.

Neftin qiyməti prezident Yeltsini ağladıb, Putini isə güldürüb. Neftin yüksək qiymətinin bəhrəsindən istifadə edən Putin, indi ən ciddi sınaq qarşısındadır. (“JB Press” – Yaponiya)

 "AzPOLİTİKAinfo"






Fikirlər