Yeni qalmaqallı qanun: magistrlər HƏRBİ XİDMƏTƏ getsin, getməsin?

Yeni qalmaqallı qanun: magistrlər hərbi xidmətə getsin, getməsin?

Zahid Oruc: “Qanunvericilikdən o müddəanın çıxarılmasını normal sayıram”; Etibar Əliyev: “Hansısa ölkənin qanununun surətinin təsdiq olunması elmimizə heç nə verməyəcək” 

Firudin Cəlilov: “Bu, millətin gələcəyini baltalamaq deməkdir”

Ölkəmiz hazırda müharibə şəraitindədir. Aprel ayının əvvəllərində baş verən hadisələrdən sonra hər an səfərbərlik elan oluna biləcəyi də istisna deyil. Belə bir vəziyyətdə təbii ki, hərbi xidmət keçmək, hərbi qaydalarla tanış olmaq hər kəsin borcudur. 
Ancaq ölkəmizə güclü hərbçilər, əsgərlər lazım olduğu kimi, alimlər, savadlı insanlar da lazımdır. 
 
Əvvəllər magistratura və doktoranturada əyani təhsil alan oğlanlar həqiqi hərbi xidmətə çağırılmır, təhsilini başa vurduqdan sonra orduya gedirdilər. Onlar da əsasən zabit kimi xidmət keçirdilər. Ancaq indi bu qanun ləğv edilib. 
Belə ki, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “Trend”ə açıqlamasında bu məsələnin layihədən çıxarılmasının səbəbinin təmas xəttində gərginliklərin artması ilə bağlı olduğunu bildirib. O, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsinin düzgün olmadığını deyib. İ.Həbibbəyli əlavə edib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər.
 
Bəs bu nə dərəcədə düzgün bir qərardır? Axı müharibəni yalnız döyüşlə deyil, eyni zamanda bilik və savadla da qazanmaq olar.
Deputat Zahid Oruc bunun çox doğru bir qərar olduğunu dedi: “Müharibə səngərdə təkcə tanklar, toplarla aparılmır. Həmin texnologiyanı hərəkətə gətirən beyinlərdi. İstənilən halda alimlər, elm adamları arasında da bir mübarizə mühiti mövcuddur. Ona görə də alimlərimizin yaşının həddən artıq çox olması, onları əvəz edə biləcək gənc alimlərimizin sayca məhdudluğu, o cümlədən elmdəki fasiləsizlik prinsipinin tələbi, həmçinin müasir texnoloji qurğuların hamısının nano-texnologiyalarla və elektron sistemlərlə təchiz olunması fonunda biz düşünürdük ki, bu möhlət hüquqları işin xeyrinə olardı. Onsuz da magistratura, doktorantura pilləsində olan insanların sayı 10 minlərlə deyil. İndi vətən müharibəsi anlayışı cəmiyyətdə bu şəkildə mövcud olarkən kimsə o iddiada olmur ki, elm yolunda addımlayanlara möhlət verilməsini təklif etsin”.
Z.Oruc bu istiqamətdə iki təklifinin olduğunu dedi: “Birinci yol odur ki, sovet dövründəki kimi ali təhsilə qəbul olunandan sonra - hələ elmi işlərinə başlamamış bu insanlar hərbi xidmətə yola düşə bilərlər. Hərbi xidmətdə 1 illik dövrü başa vurar, bu kişilik məktəbini keçib geri qayıdıb təhsildə fasiləsiz qaydada  davam edərlər. İkinci yol isə ondan ibarətdir ki, 4 il ali təhsil alan şəxs, sadəcə, məktəbli partasından hərbi xidmətə yola düşənlərdən özünün beyninə, zəkasına, idrakına görə fərqlənir. Belə olan təqdirdə onları  ixtisas üzrə xidmətdə nəzərə almaq lazımdır. Yəni bu gün həkim, mühəndis, humanitar sahə üzrə onları orduya cəlb edəndə gələcəkdə təhsilini davam etdirmək istəməyəcəklər. Həm də nəyəsə sıfırdan başlamış olacaqlar. Ona görə də mən çox arzulayıram ki, biz bundan sonrakı dövrü hökumət strukturları, silahlı qüvvələr, parlament bir araya gələrək qoşun növlərindən asılı olaraq əsgərin təhsili nəzərə alınsın. Onlara ucdantutma digər şəxslərlə bərabərlik işarəsi qoyulması yanlışlıq olardı. Biz istəyirik ki, elm sahəsinə də hərbi sfera kimi təhlükəsizlik mənasında münasibət göstərilsin. Gerçəkdən də təhsil almış şəxslər ölkənin real hərbi gücünə çevrilmiş olar”.
Təhsil ekspertləri isə bu məsələ ilə bağlı birmənalı düşünmür.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, möhlət hüququnun verilməsi əslində “Elm haqqında” qanunun əsas müddəalarından biri olmalıdır: “Azərbaycanda indiyə qədər ”Elm haqqında" qanun qəbul olunmayıb. Hətta postsovet məkanına daxil olan ölkələrin əksəriyyətində bu var. “Elm haqqında” qanunun əsas maddələrindən biri magistratura və doktorantura pilləsində təhsil alanlara möhlət hüququnun verilməsi olmalıdır. Çünki ali təhsilin iki pilləsi magistratura və doktorantura sırf elmi tədqiqatla bağlıdır. Mövcud qaydalara görə hər bir ali məktəbin bakalavr pilləsinin məzunlarının 20%-ə qədəri magistraturaya qəbul oluna bilərlər. Əslində bu normal göstəricidir. Lakin ikipilləli imtahanlardan sonra çox vaxt plan yerləri boş qalır. Son zamanlar atılan səhv addımlardan biri də magistratura təhsilinin yalnız əyani formada həyata keçirilməsi ilə bağlı qəbul olunmuş qərar oldu. Bunun özü də xeyli sayda gəncin elmlə məşğul olmasının qarşısını aldı. Bir sözlə, oğlanların elmlə məşğul olmalarının qarşısında maneələr çoxdur. Elm bütün ölkələrin inkişafının əsas hərəkətverici qüvvəsidir və elmi tədqiqatlara kişi cinsindən olan şəxslərin meyl etməsi təbiidir. Hamıya məlumdur ki, qadınların müəyyən dövrdən sonra elmlə məşğul olmaq imkanları azalır. Gənclərə möhlət hüququnun verilməməsi onların elmi tədqiqatlarla davamlı məşğul olmalarına zərbə vurur. Elə fənlər var ki, həmin fənlərə yalnız oğlanlar üz tuturlar. Maneələr həmin fənlər üzrə elmi kadrların hazırlanmasına öz təsirini göstərir". 
Ekspert bildirdi ki, möhlət məsələsinə geniş ictimaiyyət öz münasibətini bildirməlidir: “Elmin vəziyyəti bizə bəllidir. Möhlət hüququnun götürülməsindən demək olar ki, 10 il vaxt keçir. Bu, açıq-aşkar gənclərin elmə marağını  azaldıb. Bütün hallarda ali məktəblərdə istedadlı şəxslərin magistratura və doktoranturada təhsili vacibdir. Hər kəs bu imkandan istifadə edə bilmir. Ordu sıralarına cəlb olunacaq gənclərimizin sayı kifayət qədərdir. Ali Hərbi Məktəb hərbi mütəxəssislər yetişdirir. Hər il orta məktəb məzunlarının təxminən 30 faizi ali məktəblərə daxil olur. Yerdə qalanların kiçik bir kəsimi peşə təhsili məktəblərinə daxil olsalar da ordu sıralarına çağırılırlar.  Əhalinin böyük kəsimi üçün  ”Elm haqqında" qanun magistratura pilləsinə möhlət hüququnun verilməsi baxımından maraqlı görünürdü. Hansısa ölkənin qanununun surətinin təsdiq olunması elmimizə heç nə verməyəcək. Bu qanunun yazılması zamanı orduda əsgər çatışmazlığından daha çox ölkədə elmin vəziyyəti nəzərə alınmalı idi".
 
Sabiq təhsil naziri Firudin Cəlilov bu qərarın millətin gələcəyini baltalamaq olduğunu dedi: “Gəncləri təhsildən ayırıb hərbi xidmətə aparmaq o deməkdir ki, o artıq elm dalınca getmək imkanını itirir. Qayıdandan sonra bəzən bərpa olunmaqda çox böyük problemlər olur. Mən dəfələrlə demişəm ki, gənclərin elm dalınca getməyinin qabağını kəsmək doğru deyil. Bunu qanundan çıxarmaqla böyük səhv edirlər. Millətin gələcəyi naminə bunu etməzdilər. Gənclərin elmə gedən yolunu artıq bir neçə yerdən bağlayıblar. Biri ali attestasiya komissiyasıdır. Məsələni elə qəlizləşdiriblər ki, gənclər gedib müdafiə edə bilmirlər. İkinci, elmi şuralarda elmi araşdırma etmək istəyən gənclərin qarşısını min bəhanə ilə kəsirlər. Bu da üçüncüdür ki, gənclərin möhlət hüququnu əllərindən alırlar. Bu da millətin gələcəyini baltalamaq deməkdir”.

 AzerTaym.az






Fikirlər