ADU-da yeni fakültə açıldı...

ADU-da yeni fakültə açıldı...Azərbaycan Dillər Universitetində (ADU) universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun 17 iyun 2015-ci il tarixli 66 saylı əmrinə müvafiq olaraq 2015/2016-cı tədris ilindən ayrıca struktur kimi “Magistratura və Doktorantura” fakültəsi fəaliyyət göstərəcək.

Bu barədə Modern.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekanlıq ali təhsil müəssisəsinin fakültəsi haqqında əsasnamənin şərtlərinə uyğun şəkildə fəaliyyətə başlayacaq.

“Ölkəmizdə təhsilin ikinci və üçüncü pillələrində, yəni magistratura və doktoranturada məzunlara elmi dərəcə verildiyinə, onlar müdafiə etdikləri tədqiqat işlərinin nəticələrinə uyğun olaraq “magistr” və “fəlsəfə doktoru” elmi dərəcələri aldıqlarına görə magistratura pilləsinin universitetdə fəaliyyət göstərən beş fakültənin nəzdində fəaliyyət göstərməsi kimi yeknəsəkliyi aradan qaldırmaq məqsədilə hər iki pillənin bir qurumda birləşdirilərək fəaliyyət göstərməsinin daha faydalı və effektli olması rəhbərlik tərəfindən məqsədəuyğun hesab edilib.

Fakültə özündə birləşdirdiyi elmin iki pilləsində tədris prosesinin təşkilinə, dərs yüklərinin ayrı-ayrı kafedralar üzrə bölünməsinə, cədvəllərin hazırlanmasına nəzarət edəcək. Bununla yanaşı, dekanlıq I kursa daxil olmuş magistrantların dissertasiya işlərinin mövzularının təsdiqi, eyni zamanda II kursun sonunda həmin tədqiqat işlərinin müdafiəsi ilə bağlı bütün işlərin həlli məsələlərinə cavabdehdir. Yeni fakültəyə universitetin İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi Zərinə Aslanova rəhbərlik edəcək”.


Qeyd edək ki, 2014/2015-ci tədris ilindən universitetdə magistratura şöbəsinin fəaliyyətinə ümumi nəzarət Elmi hissə tərəfindən həyata keçirilməyə başlayıb. Magistratura şöbəsi Elmi hissənin tabeçiliyinə verildikdən sonra bir sıra işlər həyata keçirilib. Bunlardan magistrantlar üçün elmi-metodiki vəsait hazırlanıb nəşr edilərək bütün dekanlıqlara, kafedralara və magistrlərə paylanılması, elə ilk gündən dissertasiya işlərinin mövzularının təsdiqi, elmi rəhbərin təyin olunması və s. məsələlərin həyata keçirilməsini tənzimləyən koordinasiya şurası fəaliyyətə başlayıb.

Onu da bildirək ki, ADU-da 300-dən artıq magistrant, 200-dən artıq doktorant təhsillərini, eyni zamanda elmi tədqiqat işləri sahəsində fəaliyyətlərini davam etdirir.






Fikirlər