DEPUTAT YAZIÇIYA DƏSTƏK OLACAQ: "KƏNANI TAPIB, ƏTRAFLI SÖHBƏT EDƏCƏM"

Qələm dostları da Kənan Hacıya kömək üçün hazır olduqlarını deyiblər

 

Tanınmış şair-yazıçı Kənan Hacının vəziyyəti ağırdır. Uzun illərdir Hepatit C virusundan əziyyət çəkən yazar sherg.az dözümünün də bir limiti olduğunu və artıq hər şeydən bezdiyini, yorulduğunu deyib: "Bu yaşa, bu səviyyəyə çatmışam, yazılarıma görə mənim minimum ehtiyaclarımı ödəməyə yetəcək qonorarı verən yoxdu. Ağır xəstəliklə çarpışdığım bir vaxtda işdən də uzaqlaşdırdılar”. Səhhətinin gedib fiziki işlə məşğul olmasına imkan vermədiyini vurğulayan K. Hacı kreditə götürdüyü maşının pulunu ödəməkdən ötrü "taksovatlıq" eləmək məcburiyyətində qalıb.
Kənan Hacıya kömək üçün yazarların hansısa formada kampaniya başlatması və ya imza toplayaraq dövlətə müraciət etməsi ilə bağlı fikirlərini öyrənmək üçün bir neçə yazara müraciət etdik.
Bu yaxınlarda Kənan Hacının yazdığı bir statusu oxuduğunu və ona çox pis təsir etdiyini deyən yazar Sevinc Elsevərin sözlərinə görə, Kənan Hacının kitablarını yüksək tirajla çap edib, xeyriyyə aksiyası keçirmək ən uyğun variantdır:
"Vallah, nə deyim? Kənan hələ təzə xəstələnəndə mən feysbukda çağırış etmişdim ki, nəşriyyatlardan biri Kənanın kitabını yüksək tirajla vursun, oxucular da alsın. 5 min, 10 min oxucu xeyriyyə kompaniyasına qoşulurmuş kimi kitab alsa, Kənanı müalicə etdirmək olar. Sonra hamı yazdı ki, bu Azərbaycan reallığında utopiyadır. Mən biləni Kənanın müalicəsinə görə yazıçı Elçinə müraciət olunmuşdu. Sonra bilmədim o söhbətin sonu necə qurtardı? Dövlət mütləq Kənanın qayğısına qalmalıdı. Təkcə yazıçının yox , elə hər bir vətəndaşının. İmza toplansa, mən hazıram. İmza ataq. Təki qələm yoldaşımız öz sağlığına qovuşsun!”
Kitab satışı söhbətində kifayət qədər ciddi olduğunu vurğulayan Sevinc xanım "Şərq”ə deyib ki, feysbukda az qala hər adamın dostluğunda 5 min adam var: 
"5 min adam kitab alsa, Kənana kömək olmazmı? Həm bu yazıçının özü üçün də stimul olar. Amma bizdə insanlar kitaba, yazıçıya çox laqeyddirlər. Bir şou biznes ulduzu Kənanın vəziyyətində olsa, belə laqeyd münasibət göstərməzlər. Bu, acı bir reallıqdır. Amma Kənana demək istəyirəm ki, ruhdan düşməsin. Güclü olsun! Həyat eşqini itirməsin! Bu çətin dövrlərdən onu ancaq yazıb-yaratmaq qurtara bilər. Hər gün daha çox yazsın. Ancaq yazmaq barədə düşünsün! Bir qələm adamına yazmaq, yaratmaq böyük dərmandı. O eşqdən tutub xilas olunmağa çalışsın. Nəinki özünü ruhdan salsın! Hər şey yaxşı olacaq!”
Yazıçı Şərif Ağayar da Kənan Hacıya əlindən gəldiyi qədər kömək etməyə hazır olduğunu deyib: 
"Təəssüf ki, heç bir kömək edə bilmirəm. Nə deyim? Əgər hər hansı kampaniya olsa, əlimdən gələni etməyə hazıram”.
Kampaniyaların və ümumi müraciətlərin əleyhinə olduğunu vurğulayan millət vəkili Aqil Abbas isə "Şərq”ə açıqlamasında rayondan qayıdan kimi Kənan Hacıya dəstək olacağını və bir ziyalı, dost olaraq onun işsizlik problemini aradan qaldırmaq üçün əlindən gələni edəcəyini deyib: 
"Kənan çox istedadlı yazardı. Onun xətrini çox istəyirəm. Hazırda Ağcabədidəyəm. Gələn ki, Kənanı tapıb, onunla ətraflı söhbət edəcəm ki, görək ona necə kömək edə bilərik. Dost- tanışlara da xəbər salıb, tezliklə bir nəticə əldə edəcəyimə ümid edirəm”.
Kənan Hacının "yazılarıma görə mənim minimum ehtiyaclarımı ödəməyə yetəcək qonorarı verən yoxdu” ifadəsinə toxunan A. Abbas hesab edir ki, hər bir media orqanı müəllifin əməyinin bəhrəsini verməlidir: 
"Qonarar verməyən sayta isə yazı yazmağa dəyməz. Sizin qəzet yazılara görə qonarar vermir? Əlbəttə, verir. "Ədalət” qəzeti də hər bir yazı müəllifinə qonarar verir, ona yazsın! "525-ci” qəzet də qonarar verir ona yazsın!”.
Kənan Hacının bir müddət "Ədalət” qəzeti ilə əməkdaşlıq etdiyini vurğulayan A. Abbasın sözlərinə görə, sonradan o öz istəyi ilə "Ədaləti” tərk edib: 
"Kənan bizimlə işləyəndə ona maaş da verirdik. Amma cavandılar, bəzən 5-10 manat artıq pula susayıb daimi iş yerlərini başqa qurumlara dəyişirlər. Vəziyyətə baxaram, əgər mümkün olsa, Kənanı yenidən işə də götürərəm. Ad çəkməyəcəm, istedadlı gənclərimizdən birinin sosial şəbəkədə işsizliklə bağlı statusunu gördüm və elə səhəri gün onun probemini həll elədim. Hazırda jurnalist kimi çox fəal işlər görür, arada bizim qəzetə də yazır”.

 






Fikirlər