Zakir Həsənovun əsgərlərlə yemək yeməsini “populizm” adlandıranlara hərbi ekspertdən ETİRAZ

Zakir Həsənovun əsgərlərlə yemək yeməsini “populizm” adlandıranlara hərbi ekspertdən etiraz

“Nazirin əsgərlərlə bir yerdə yemək yeməsi çox müsbət haldır”

 

2013-cü ildən Azərbaycanın müdafiə naziri olan general-polkovnik Zakir Həsənov  sələfindən bir çox davranışlarına, iş taktikasına görə fərqlənir. Elə həftə olmur ki, nazir hansısa hərbi hissədə əsgərlərlə və zabitlərlə görüşməsin. Müdafiə naziri cəbhə xəttində, birbaşa düşmənlə təmas xəttində olan əsgər və zabitlərlə tez-tez görüşür, əsgər kazarmalarına gedir, əsgərlərlə birlikdə yemək yeyir. Zakir Həsənovun bu iş prinsipi cəmiyyətdə əvvəldən rəğbətlə qarşılanır. Ancaq istisnalar da yox deyil. Belə ki, bəzi sosial şəbəkə iştirakçıları və jurnalistlər müdafiə nazirinin əsgərlərlə birlikdə yemək yeməsini və bunun tez-tez təkrarlanmasını, hər dəfədə efirə verilməsini populizm kimi qiymətləndirirlər. Son günlər bu cür fikirlərə rast gəlməkdəyik.  
Hərbi ekspertlər isə müdafiə nazirinin əsgərlərlə tez-tez şəxsən görüşməsini, bir yerdə yemək yeməsini populistlik adlandıranların yanlış fikirdə olduğunu bildirirlər. 
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müharibə aparan bir ölkənin müdafiə naziri kabinetdən daha çox səngər şəraitində, əsgərlərin yanında olmalıdır. Hətta Müdafiə Nazirliyinin özü cəbhə bölgəsinə müəyyən qədər yaxın ərazidə olsa daha yaxşıdır: “İndiki müdafiə naziri və baş qərargah rəisi vaxtaşırı, hər həftə bir neçə hərbi hissəyə baş çəkirlər, səngərdə əsgərlərlə görüşürlər. Nazirin əsgərlərlə bir yerdə yemək yeməsi də çox müsbət haldır. Nazirin bu addımını tənqid etmək doğru yanaşma deyil. Əsgərlər üçün müdafiə nazirinin onlarla birlikdə olması, onlarla bir masada əyləşib yemək yeməsi sadə məsələ deyil. Bu, əsgərlərdə ruh yüksəkliyi yaradır. Nazirin əsgərlərin nə ilə qidalanması ilə, hansı şəraitdə yatması, səngərdəki durumu ilə şəxsən yerində tanış olması çox yaxşı haldır. 
Lakin bəzi ciddi məsələlər var ki, mən bunları da Azərbaycanın, ordumuzun maraqları naminə deməliyəm. Ermənistan kimi məkrli düşmənlə üz-üzə olan, ətrafında onu istəməyən başqa dövlətlərin də olduğu Azərbaycanın müdafiə nazirinin, baş qərargah rəisinin, briqada komandirinin, birləşmə komandirinin eyni vaxtda eyni səngərdə, cəbhə xəttində eyni vaxtda eyni nöqtədə olması müharibə şəraitində hərbin qanunlarına uyğun deyil. Mən bunu bir neçə dəfə vurğulamışam ki, məkrli düşmən bundan hər an istifadə edə bilər və Allah uzaq eləsin, ölkəmiz çox ciddi zərbə almış olar. Azərbaycanın qanına susamış bir düşmənlə üz-üzəyik. Düşmən fürsətdən istifadə edə bilər. Mən cəmi bir-iki cümlə ilə fikrimi bildirdim, geniş izahatlı danışmağa lüzum görmürəm. Müdafiə Nazirliyinin rəhbərliyi də şübhəsiz ki, mənim nəyi vurğuladığımı bilir. Son dərəcə ehtiyatlı və diqqətli olmaq lazımdır. Mən bu narahatlığımı Prezident Administrasiyasının yüksək rütbəli şəxsləri ilə görüşümdə də bildirmişəm".
Image result for Üzeyir Cəfərov
Ü.Cəfərov dedi ki, informasiya siyasətində operativlik məsələsinə də daha çox diqqət ayrılması vacibdir. Müharibə şəraitində olan ölkənin bütün xidmətləri 24 saat gözlərini qırpmadan hazır vəziyyətdə olmalıdır:“Düşmənin istənilən an təxribatı olur. Bəzən biz heç də xoşagəlməyən məlumatla üzləşirik. Düşmənə sərf eləyən və düşmənin yaydığı o məlumat bütün dünyanı dolaşandan sonra növbəti gün Müdafiə Nazirliyinin və yaxud da digər müvafiq strukturların reaksiya verməsi artıq bizim hadisələrin ardınca sürünməyimiz mənzərəsini yaradır. Ümumilikdə götürəndə təbliğat işi pis qurulmayıb, qeyd etdiyimiz bəzi nüanslar da düzəlsə daha yaxşı olar. İndiki dövrdə müharibə təkcə silahla deyil, həm də informasiya ilə aparılır. Media ilə sıx işləmək işin zərərinə yox, xeyrinədir. Bizim tənqidlərimizi də dostyana, Azərbaycanın, ordumuzun maraqları xatirinə deyilmiş fikirlər olaraq qəbul etmək lazımdır”.    






Fikirlər