Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik TƏŞKİL EDİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq aprelin 8-də Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə aksiyası keçirilib.

AzerTaym.az xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə İtaliyadan gətirilmiş 1000-ə yaxın Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib.

Aksiyada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar, rayon rəhbərliyi iştirak edib.

Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.

Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, Yeni Azərbaycan Partiyası hər il müxtəlif aksiyalar keçirir. Bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyalarının keçirilməsi mühüm yer tutur. Partiyanın bu ənənəsinin artıq böyük bir tarixi var. Biz ayrı-ayrı vaxtlarda Bakının müxtəlif guşələrində çoxlu sayda ağaclar əkmişik. Nərimanovda bir neçə il bundan əvvəl əkdiyimiz ağaclar artıq böyüyüb və rayonun ekologiyasına müsbət təsirini göstərir.

Baş nazirin müavini deyib ki, ümummilli lider Heydər Əliyev ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə böyük önəm verir. Çünki təmiz ekologiya, təbiət hər bir insanın sağlamlığı üçün çox vacibdir və bu işə mühüm töhfə verən kampaniyalardan biri də ağacların əkilməsidir.

Qeyd edək ki, sözügedən ərazidə mütəmadi şəkildə abadlıq işləri aparılır, ekoloji qaydalara uyğun olaraq ağaclara qulluq edilir, eyni zamanda, dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl işlər görülür.






Fikirlər