Qərb Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Konfrans keçirilib - YEKUN
Qərb Universitetinin təşkilatçılığı ilə iyunun 1-də başlayan “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda dünən başlamış Beynəlxalq Elmi Konfrans bu gün bölmə iclaslarında işini davam etdirib. Bölmə iclasları “Müasir Avropa və islam dininə münasibət”, “Cənubi Qafqaz regionunda xalqların milli özünütəsdiq məsələləri” və “İslam həmrəyliyi zamanın çağırışıdır” istiqamətlərini əhatə edib. ABŞ-ın İndiana Universitetinin professoru Viliam Fierman, Misirli tədqiqatçı, Siyasət və İnformasiya Tədqiqatlarının Dialoq Mərkəzində Asiya Araşdırmaları sektorunun rəhbəri Əhməd Abdo Tərabik, Qahirə Universitetinin tədqiqatçısı Əhməd İbrahim Dərviş Muhəmməd, Özbəkistanlı tədqiqatçı Şuxrat Salamov, Rusiyanın Ural Federal Dövlət Universitetinin professoru Aleksandr Nestrov, Gürcüstanın Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya, Qərb Universitetinin professoru Fikrət Sadıxov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov və başqalarının məruzələrində islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olmasından bəhs olunub, müzakirələr aparılıb. Bölmə iclaslarından sonra bağlanış mərasimi keçirilib. Bölmə moderatorları edilmiş mühazirələr, aparılmış müzakirələr barədə məlumat veriblər. Bölmələrdə elmi və ictimai əhəmiyyət kəsb edən mühazirələrin, olduqca səmərəli müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Bilidirilib ki, Qərb Universiteti yüksək səviyyədə təşkil etdiyi bu konfransla eyni zamanda bir sıra vacib problemlərin müzakirəsi üçün evsahibliyi edib. Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir ədəbi-bədii kompazisiya ilə davam edib. Məlumat üçün bildirək ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar və siyasi xadimlər iştirak edirlər. Tədqiqatçılar Qərb Universitetin təşkilatçılığı ilə keçirilən bu konfransın regional problemlərin həllinin, eləcə də xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemlərinin müzakirəsi baxımından yaxşı platforma olduğunu qeyd ediblər. Çıxışçılar yüksək səviyyədə təşkil olunmuş konfransda müzakirəyə çıxarılmış məsələlərlə bağlı səmərəli nəticələr əldə olunacağına əminliklərini ifadə ediblər. Əlavə edək ki, Konfrans ərəfəsində dünyanın tanınmış təqdqiqatçılarının iştirakı ilə Qərb Universitetində bir sıra seminar, treyninq və mühazirələr təşkil olunub. Konfrans zəngin mədəni proqramla da müşayiət olunur, xarici qonaqlar Azərbaycanın tarixi və mədəni irsini əks etdirən bir çox məkanları ziyarət edib, müxtəlif tədbirlərə qatılıblar. İki gün öncə qonaqlar Bakıda – İçərişəhərlə, Şirvanşahlar Sarayı və Azərbaycan Xalça Muzeyi ilə tanış olublar, daha sonra Heydər Əliyev Mərkəzində və Azərbaycan Tarix Muzeyində olublar. Xarici tədqiqatçılar Azərbaycanın qədim tarixi irsi barədə məlumatları olduqca maraqla qarşılayıb, topladıqları informasiyaları öz ölkələrində bölüşəcəklərini bildiriblər.