Tədbirdə bayrağımız tərs asıldı: mərkəz rəhbəri üzr istədi (FOTOLAR)

Tədbirdə bayrağımız tərs asıldı: mərkəz rəhbəri üzr istədi 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə iyulun 28-də İsmayıllının İvanovka kəndində mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I Beynəlxalq elmi-praktik seminar keçirib.

Tədbirdə Türkiyənin Yunis Əmrə İnstitutu ilə memorandum da imzalanıb.
Diaspora.az  xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət bayrağı tərsinə asılıb. Belə ki, memorandum imzalanan masanın üstündə olan bayrağımız təşkilatçılar tərəfindən səhv asılıb. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin əyləşdiyi masada bayrağımız yaşıl, qırmızı və göy rənglərdə görünür. Masaüstü kiçik dirəkdə üçrəngli bayrağımız tərsinə asılıb.
A.Usubəliyev AFN-ə açıqlamasında bunun heç bir bəraəti olmayan hal olduğunu dedi: "Mən xəbər tutan kimi dərhal əməkdaşlarımıza dedim, bildirdilər ki, mağazadan bu formada alınıb. Təbii ki, bu da bizə haqq qazandırmır. Bizim bütün fəaliyyətimiz zatən bayrağımızın uca tutulmasına yönəlib. Biz necə olur-olsun o bayrağı masanın üzərinə elə qoymalı deyildik. Bizim imzaladığımız əməkdaşlıq müqaviləsinin əsas predmetlərindən biri də elə azərbaycançılığın təbliğidir. Bu, texniki səhv, böyük yanlışlıqdır. Nə tədbir lazımdır bizim tərəfimizdən görüləcək. Mən məsuliyyəti əməkdaşların üzərinə də qoya bilmərəm, çünki sonucda o masanın arxasında mən özüm oturmuşam. Mən onu görməli idim. Amma həyəcan, tədbirin reallaşdırılması gərginliyi və s. mənim diqqətimi yayındırıb. Heç bir halda özümüzə bəraət qazandırmıram. Bayraq "Tarqovı"da Nizami küçəsində ofis ləvazimatları mağazasından alınıb, mən əməkdaşımızı göndərdim mağazaya desin ki, bayrağı düzəltsinlər, bizdən başqa heç kim bu duruma düşməsin. Mən hər kəsdən bu yanlışlığa görə üzr istəyirəm. Bunu görüb diqqətimizə çatdıranlara isə təşəkkür edirəm". 

 






Fikirlər