ATV-də vitse-prezidentik MÜƏMMASI

Vaqif Aydınoğlu vitse-prezident təyin edildiyini dedi, kanalın rəhbəri Azər Xəlilov təkzib etdi

Sentyabrın 27-də günün ən müəmmalı gəlişmələrindən biri də ATV kanalının rəhbərliyi ilə bağlı oldu. Belə ki, günorta saatlarında media və sosial şəbəkələrdə “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olduğu xəbəri yayıldı. Məlum oldu ki, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

“Yeni Müsavat” xəbəri dəqiqləşdirmək üçün V.Aydınoğlu ilə əlaqə saxladı. Həmkarımız xəbəri təsdiqləsə də, bundan artıq hər hansı informasiya vermək səlahiyyətinin olmadığını dedi.

Image result for Azər Xəlilov

Bir qədər sonra isə fərqli xəbər yayıldı.

“Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır”.

Bunu “Report”a açıqlamasında şirkətin prezidenti, əməkdar jurnalist Azər Xəlilov deyib. O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: “Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir. Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır”.

A.Xəlilov eyni zamanda deyib ki, CBC kanalına da rəhbərliyi hələlik özü edir.  O deyib ki, ATV-də üç nəfərdən başqa ərizə yazaraq işdən çıxmaq istəyən olmayıb. A.Xəlilov onu da qeyd edib ki, iki verilişdən (“Yoxlama” və “ATV səhər”) başqa, hansısa proqramın bağlanması barədə heç bir qərar qəbul olunmayıb: “Hazırda gərgin iş rejimi olduğundan yaxın gələcəkdə ATV üçün hansısa dəyişikliklərin edilməsi barədə danışmaq tezdir”.

“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”.

A.Xəlilov açıqlamasında bunu deyib. O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.

Bu arada mediada ATV-dən 32 nəfərin uşaqlaşdırılması ilə bağlı xəbər yayılsa da, dünən əldə etdiyimiz məlumatda bu, təkzib edildi. Məlum  oldu ki, kanaldan ümumən 3 nəfər çıxıb və bunlardan biri də V.Qaradağlıdır. Onun işdən çıxarılma səbəbləri rəsmi olaraq açıqlanmır. Amma indən belə kanalda əyləncəli verilişlərin azaldılacağı, xəbər siyasətinin dəyişdiriləcəyi ilə bağlı xəbərlər dolaşır.

Xatırladaq ki,  sentyabrın 26-da “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib. A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.






Fikirlər