RƏSULZADƏnin adı yenidən BDU-ya QAYTARILA BİLƏR

Bir neçə gün bundan öncə ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, gələn il Azərbaycan Cümhuriyyətinin də 100 illik yubileyi qeyd olunacaq. Şanlı dövlətin yadigarı olan Bakı Dövlət Universitetinin də 100 illik yubileyinin keçirilməsi təqdirəlayiq hadisədir.

Xatırladaq ki, Azərbaycan Cümhuriyyətinin 1919-cu il 1 sentyabr tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya və tibb fakültələri, 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski idi.

Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olublar. Həmin dövrlərdə rəhbərliyin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər.

Böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə ilk illərdə burada Şərq xalqları ədəbiyyatından dərs deyib.

Elə Rəsulzadə demişkən, universitetin yaranmasında onun da böyük xidmətləri olub. Çünki yeni qurulan, maliyyə vəsaiti olmayan gənc bir dövlət üçün universitet açmaq və onun maddi təminatını ödəmək o qədər də asan deyildi. Bəzi solyönümlü fraksiyalar AXC parlamentində buna qarşı çıxırdılar. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli və Rəşid bəy Qaplanov üçlüyü sonadək öz prinsipiallığını qorudular və nəticədə universitetin təməli qoyuldu.
Bu xidmətlərinin müqabilində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Bakı Dövlət Universiteti bir müddət elə Rəsulzadənin adını daşıdı. Hazırda universitetin həyətində Rəsulzadənin heykəlinin qoyulacağı haqqında bildiriş lövhəsi də var.

Amma sonra BDU-dan Rəsulzadənin adı götürüldü. Bəzi məlumatlara görə, 100 illik yubiley ərəfəsində Məhəmməd Əmin Rəsulzadnin adı yenidən BDU-ya qaytarıla bilər. 

Bəs ziyalıların bu barədə fikirləri nədir? 
Universitetin professoru, media eksperti Qulu Məhərrəmli və BDU-nun məzunu, “Şərq” qəzetinin baş redaktoru, media tarixçisi Akif Aşırlı bu məsələylə bağlı fikirlərini Modern.az-la bölüşüblər.

 Qulu Məhərrəmli – “Vaxtilə belə bir qərar verildi ki, şəxs adları ali məktəblərin üzərindən götürülsün. Bilmirəm, bu nəyin nəticəsi idi?! Ümumiyyətlə, Rəsulzadəyə qısqanc yanaşmağın özü tarixi səhdir. O, bu dövləti quran ən böyük şəxsiyyətlərdən biridir. Həyatı ilə, fəaliyyəti, elmi, biliyi ilə Azərbaycan adını yaşadan bir adamdır. Azərbaycan adına siyasi rəng verən bir adamdı. Azərbaycanda o vaxtlar - XX əsrin əvvəllərində müsbət enerjini dövlət qulluğuna yönəltmiş şəxsdi. Universitetin ilk rektoru Razumovskinin də xatirələrində var ki, parlamentdə bu məsələ müzakirə ediləndə buna ən çox qayğı, diqqət göstərən Rəsulzadə olub. Bu səbəbdən belə hesab edirəm ki, adının universitetin üzərində olması Rəsulzadənin mənəvi haqqıdır. Necə ola bilər ki, uzun illər Kirovun adına ola bilir, amma universitetin yaranmasına iştirak edən Rəsulzadənin yox?! Belə bir addım atılsa, minlərlə insanın ürəyini oxşamış bir qərar olar. Məsələn konservatoriyadan  Üzeyir bəyin adı götürülmüşdü. Amma bunun özü də bir formal idi. Çünki hamı bilirdi ki, konservatoriya uzun illər Üzeyir bəyin adına olub. Biz də sənədlərə baxanda görürük ki, BDU uzun illər Rəsulzadənin adına olub. Cümhuriyyətin 100 illiyi ərəfəsində belə bir addımın atılması vaxtında verilən və insanların könlünü oxşayan bir qərar olar”.

 Akif Aşırlı – “Əgər həmin sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsində BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması məsələsi reallaşarsa, bu, çox müsbət addım olar. Rəsulzadənin haqqının tanınması olar. BDU-nun əsasının qoyulması uzun prosesin nəticəsi idi. Rəsulzadənin siyasi rolunun burada çox böyük əhəmiyyəti olub. Sizə deyim ki, Bakıda ali məktəbin açılması əleyhinə parlamentdə fikirlər səsləndirənlər var idi. Onlar bundan ötrü müəyyən səbəblər irəli sürürdülər: Guya Azərbaycan hökuməti yeni qurulduğu üçün büdcəsi tam formalaşmayıb, buna görə də belə bir ali məktəbi qurmaq mümkün olmayacaq. Başqa bir əsasları isə müəllim kadrları ilə bağlıydı. Onlar deyirdilər ki, “universitetdə dərs deyəcək ali məktəb müəllimlərimiz yoxdu. Xaricdən də gətirdiyimiz professorlar nə dərəcədə Azərbaycan mühitinə uyğunlaşacaq və dövlət üçün lazımı kadrların yetişməsini necə həyata keçirə biləcəklər?”. Bu barədə Qarabəy Qarabəyovun, müxtəlif fraksiyaların, deputatların fikirləri var. 

Amma Rəsulzadə bunların hamısına qarşı gedərək, Bakıda universitetin açılmasının vacibliyini müəyyən səbəblərlə açıqlayıb. Öz arqumentini irəli sürüb və bir neçə iclasda bunu müdafiə edib. Özü də universitet açılandan sonra Şərq xalqlarının ədəbiyyat və tarixindən dərs deyib. 
Universitetə Rəsulzadənin adının verilməsi çox gözəl addım olardı. Amma bir məsələ də var ki, bütün ali təhsil ocaqlarından şəxs adları götürülüb. Səhv etmirəmsə, belə bir sərəncam da verilmişdi.

Amma bu Rəsulzadənin haqqıdır. Hələ universitet yaranan zaman çox böyük xidmətləri olub. Universitetin həyətində Rəsulzadənin heykəlinin qoyulacağını bildirən lövhə də var”.






Fikirlər