BAŞ REDAKTORLAR Əflatun Amaşovun hər iki təklifini DƏSTƏKLƏDİLƏR

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən mətbuata dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması məsələsinə toxunub. O qeyd edib ki, “onlayn” mətbuata da 1 milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticə hiss olunacaq. Deputat həmçinin,  Azərbaycanda informasiya ombudsmanının yaradılması təklifi ilə çıxış edib.

Modern.az saytı bununla bağlı bir neçə media nümayəndəsinin fikrini öyrənib.
“Teleqraf Media Qrupu”nun rəhbəri  Aynur Camal bildirib ki, “onlayn” mediaya hətta 1 milyon manatdan da çox maddi vəsait ayrılmalıdır:

“Təbii ki, hörmətli Əflatun Amaşovun bu fikirləri Milli Məclisin iclasında və büdcə müzakirələrində səsləndirməsi media üçün çox önəmli məsələdir. Həmkarımız tərəfindən mediaya olan diqqət və qayğının göstəricisidir. Düşünürəm ki, əslində “onlayn” mediaya Əflatun müəllimin dediyi qədər, hətta ondan da çox maddi vəsait ayrılmalıdır. Çünki  reklam bazarı bizim arzu etdiyimiz səviyyədə  inkişaf etməyib, media reklamdan lazimi dərəcədə gəlir götürə  bilmir. Bu səbəbdən dövlətin dəstəyi olmadan  bizim fəaliyyət göstərməyimiz, ortaya yaxşı nəticələr qoymağımız mümkün deyil. “Onlayn” medianın imkanlarını bir az da yüksək qiymətləndirmək lazımdır. Bəzən klassik mediaya daha çox üstünlük verilir. Bilirsiniz, ölkəmizdə çap mediasına da maliyyə yardımları göstərilir. Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondu yaradılıb və qurum tərəfindən hər il müsabiqələr keçirilir,  mətbuata mümkün qədər köməkliklər edilir. Bundan da artıq dərəcədə “onlayn” mediaya qayğı olmalıdır.

Çünki Azərbaycanda “onlayn” media, sosial şəbəkələr demək olar ki, klassik medianı küncə sıxışdırıb.  Bu yalnız bizdə deyil, bütün dünyada belədir. İnsanların hər səhər qəzet oxumaq, günün xeyli hissəsini televiziya qarşısında keçirmək kimi vərdişləri azalıb. Dünya bizim ovucumuzun içində cəmləşib, hər kəsin əlində telefon var və biz bu cihaz vasitəsilə baş verən hadisələrdən anında xəbər tuta bilirik. Bu da “onlayn” medianın bizim həyatımıza nə qədər daxil olduğunu göstərir. Sosial şəbəkələrin də “onlayn” medianın axırına çıxmaması üçün  maddi dəstək çox vacibdir. Milli Məclis bu yöndə Azərbaycan mediasına dəstək verən qərarlar qəbul etsə, bu, sevindirici hal olar”.
A.Camal informasiya ombudsmanı barədəki təklifdən də söz açıb:

“Əslində Azərbaycanda media-xalq münasibətləri elə bir vəziyyətdədir ki, informasiya ombudsmanının ayrıca fəaliyyət göstərməsi daha xeyirli olardı. Baxmayaraq ki, Əflatun müəllimin də dediyi  kimi, informasiya ombudsmanının səlahiyyətləri Ombudsman aparatına verilib. Amma heç bir nəticə  yoxdur. Düşünürəm ki, informasiya ombudsmanının ayrılıqda fəaliyyəti medianın inkişafına çox yardım edəcək. Əgər bu mümkün deyilsə, ən azı Ombudsman aparatında informasiya ombudsmanının işi hiss ediləcək səviyyədə olmalı, ştat ayrılmalı, işçilər olmalıdır. Biz də kiminlə əlaqə saxlaya biləcəyimizi, kimə müraciət etməli olduğumuzu bilək. Hazırkı informasiya ombudsmanının fəaliyyəti barədə tamamilə məlumatsızam.

Bizim informasiya ombudsmanından gözləntilərimiz kifayət qədər çoxdur. Mediaya dövlətin dəstəyi var, amma hüquqi müstəvidə  bəzi məsələlər məhz informasiya ombudsmanı olarsa, həll edilə bilər. Yalnız bu zaman media inkişafının şahidi ola bilərik. Yəni informasiya ombudsmanının  ayrı və ya aparatın tərkibində olmasının fərqi yoxdur, əsas odur, fəaliyyətini hiss edə bilək. Hər kəsə məlumdur ki, jurnalistlər informasiya əldə etməklə bağlı  bir çox hallarda sıxıntılar çəkir. İnformasiya əldə etmək hüququmuz bəzi hallarda məhdudlaşdırılır. Düşünürəm ki, informasiya ombudsmanının mövcudluğu bu problemlərin həllində də bizə dəstək ola bilər”.
Musavat.com-un baş redaktoru Xalid Kazımlı qeyd edib ki,“onlayn”maddi yardıminformasiya savaşı aparan ölkələr üçün çox vacibdir:

“Gerçəkdən də “onlayn” mediaya ciddi dövlət dəstəyi lazımdır. İnformasiya savaşı aparan ölkələr üçün bu, çox vacibdir. Biz ölkəmizdə baş verənləri, xüsusilə də dünyaya çıxarılması vacib olan həqiqətlərə dair informasiyaları yaymaqla vaxtilə məruz qaldığımız informasiya blokadasını yarmalı, təşəbbüsü ələ almalıyıq. Bundan ötrü dinamik çalışan, hər dəqiqə yeni xəbərlər yayan agentliklər, saytlar və portalların olması vacibdir. Maddiyyatla yanaşı, o media qurumlarına geniş azadlıq da verilməlidir ki, sərbəst fəaliyyət göstərsinlər. Hər dəqiqə yuxarı instansiyaların ağzına baxmasınlar ki, onlar hansısa informasiyanın yayılmasına icazə verirlər, ya yox. Elə informasiya ombudsmanı da bu xüsusda yaranacaq konfliktləri həll etmək, jurnalistikanı siyasi basqılardan qorumaq üçün lazımdır. Bu baxımdan Əflatun Amaşovun hər iki təklifini təqdirəlayiq hesab edirəm”.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət  düşünür ki, "onlayn” mediayaayrılan məbləğ normal fəaliyyət göstərmək üçün yetərli olmalıdır:

“Əflatun Amaşov bu təkliflə davamlı olaraq çıxış edir. Mən də hesab edirəm ki, doğrudan da, Azərbaycanda “onlayn” medianın dəstəyə ehtiyacı var. Reklam bazarının hələ formalaşmaması, “onlayn” medianın fərqli gəlir imkanının olmaması bu dəstəyi zəruri edir. Azərbaycan kimi kiçik ölkələrdə dövlətin mediaya dəstəyi həm də dövlət təhlükəsizliyi baxımından mütləqdir. Əks təqdirdə, kənar qüvvələrin rolu artacaq, medianı öz təsirlərinə salmağa çalışacaqlar.

Amma həm ayrılan məbləğ normal fəaliyyət göstərmək üçün yetərli olmalı, həm də medianın azadlığını süni şəkildə məhdudlaşdırmağa hesablanmamalıdır. Azərbaycanda son 10 ildə ciddi şəkildə oturuşan, özünü, fəaliyyət prinsiplərini sübut etmiş kifayət qədər “onlayn” media var, dövlət onlara etibar edə və təmənnasız dəstək ola bilər. Yox, sonucda formal bir siyahı hazırlanıb, 5-6 normal saytın yanına 20 dənə də xalaoğlunun-bibiqızının saytı əlavə ediləcəksə, onda bu, mediaya yox, kimlərəsə dəstək xarakteri daşıyacaq. Hərçənd işin bu tərəfi daha çox narahatlıq yaradır.

Media ombudsmanı məsələsində də eyni şəkildə bir narahatçılığım var. Hesab edirəm ki, bu məsələnin daha geniş və açıq müzakirələrə ehtiyacı var. Bizim bu qurumdan gözlntilərimiz nədir? Bu qurum özü bizə nə vəd edir? Formal bir xakter daşımayacaq ki? Rəhbəri nə qədər müstəqil bir şəxs olacaq? Məncə, bu suallar açıq qalıb və müzakirə edilməlidir”.
“Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirib ki, dövlət dəstəyi internet medianın işini gücləndirəcək və jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq:

“İnternet media resurslarına maliyyə yardımının ayrılması ilə bağlı irəli sürülən təklif təqdirəlayiqdir. Mətbuat Şurası sədrinin təklifi hökumət üzvləri qarşısında qaldırdığı zaman kifayət qədər əsaslandırdığını düşünürəm. İnternet media ölkə həqiqətlərinin ictimailəşdirilməsində yazılı mediadan daha çox aktivlik nümayiş etdirir, dövlətin həm informasiya siyasətinə dəstək verir, həm də onu qeyri-dəqiq informasiyalardan qoruyur. Məhz bu və ya digər səbəblər internet mediaya dövlət dəstəyinin göstərilməsini zərurətə çevirir. Dövlət dəstəyi həm internet medianın işini gücləndirəcək, həm də jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, bu sahədə əlavə iş yerlərinin yaranmasına gətirib çıxaracaq. Ümid edirəm ki, bir neçə ildir müzakirəsi aparılan internet mediaya dövlət dəstəyi layihəsi reallaşacaq.

Media ombudusmanı ilə bağlı qaldırılan məsələ də müsbət həll olunmalıdır. Etiraf edim ki, insan hüquqları üzrə müvəkkilin tərkibində yaradılan bu qurumun hansı işlə məşğul olduğu şəxsən mənə bəlli deyil”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi