“Bütün diqqəti onlayn mediaya ayırmaq lazımdır”

“Elektron medianın bir təmsilçisi kimi mən də Əflatun Amaşovun Milli Məclisdə onlayn mediaya dövlət dəstəyinin vacibliyi ilə bağlı fikirlərini dəstəkləyirəm”.

Bunu Moderator.az-a açıqlamasında Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı bildirib.

Aynur Camalqızı deyib ki, Azərbaycan dövləti və xüsusilə də Azərbaycan prezidenti mediaya həmişə ayrıca diqqət, qayğı göstərib, həssaslıqla yanaşıb: “Sevindirici haldır ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Dövlətin dəstəyi bu qurum vasitəsilə çap mediasına çatdırılır. Əlbəttə bu, çox müsbət haldır. Ölkədə medianın inkişafı, insanların normal şəkildə informasiya alması üçün dövlətin dəstəyi çox önəmli məsələdir. Amma çox təəssüflər olsun ki, bütün dünyada, o cümlədən Azərbaycanda print media öz effektliyini itirməyə başlayıb, populyarlığı azalıb. Artıq hər evdə, hər idarədə, ofisdə kompyuter, internet var. Hətta kompyuteri bir kənara qoyaq, hər kəsdə artıq müasir telefonlar var, bu telefonlar vasitəsilə dünyanın harasında oluruqsa olaq, istənilən informasiyanı ala bilirik. Dünya artıq bizim borcumuzdur. Belə olan halda onlayn mediaya dövlət dəstəyi çox vacib və önəmlidir”.

Aynur Camalqızı deyib ki, onlayn media ilə bağlı KİV haqqında qanuna yenidən baxmaq lazımdır: “Elektron media ilə bağlı ora çox vacib müddəalar əlavə olunmalıdır. Düşünürəm ki, onlayn medianın daha da inkişafı, normal fəaliyyət göstərməsi üçün mediada olan saytlarla qəzetlər arasında fərqləndirmə aradan qaldırılmalıdır. Hansı bir tərəfə mütləq üstünlük vermək lazımdırsa, mən düşünürəm ki, üstünlüyü artıq onlayn mediaya vermək lazımdır. Çünki zaman bunu tələb edir. Çox təəssüflər olsun ki, klassik media bütün dünyada populyarlığını itirib. Azərbaycanda da insanların mütaliə qabiliyyəti, qəzet oxuması onsuz da yaxşı durumda deyildi. İnternetin həyatımızı bu qədər daxil olmasından sonra isə klassik medianın əvvəlki şöhrətini qaytarmaq heç cür mümkün olmayacaq. Ona görə də bütün diqqəti onlayn mediaya ayırmaq lazımdır. Dövlət bizim yanımızda olacaqsa, bundan həm dövlət, həm media, həm də cəmiyyət qazanacaq”.






Fikirlər