Bakının böyük şəhər BƏLƏDİYYƏSİ yaradılacaq

Paytaxt yerli özünüidarə sisteminə keçidə hazırdırmı; ekspertlərə  görə, bələdiyyə o zaman effektiv olacaq ki, ona real səlahiyyətlər verilsin

Aprel ayında keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanda bir sıra istiqamətlərdə mühüm addımların atılacağı gözlənilir. Bu addımlardan biri isə Bakı şəhərində vahid bələdiyyə institutunun yaradılması olacaq.

Bununla bağlı “Yeni Müsavat”a verilən məlumata görə, seçkilərdən sonra paytaxt meriyasının formalaşdırılması istiqamətində fəaliyyətlərə başlanacaq. Bakı bələdiyyəsinə seçkilərin qısa müddət ərzində keçirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. O vaxtdan bəri dəfələrlə bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonu üzrə ayrılıqda yaradılıb.

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü-idarəetmə ilə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyələrdə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini təklif edir.

Hazırda Bakı şəhərində icra hakimiyyətinin mülkiyyətində olan əmlakın icarəsindən alınan vergilər, avtomobil dayancaqlarına görə ödənişlər, bəzi növ reklam ödənişləri, icra hakimiyyətinə daxil olan ayrı-ayrı müəssisələrin təsərrüfat hesablı gəlirindən ayırmalar, hüquq və fiziki şəxslərin könüllü yardım və ianələri Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə toplanır. Bu qurumun ictimai hesabatlılığı çox cüzi  səviyyədədir. Belə ki, BŞİH-in büdcəsinin bütün gəlir və xərcləri barədə ən adi məlumatları belə əldə etmək mümkün deyil.

Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir.

“Yeni Müsavat”a danışan Bələdiyyə Alyansının koordinatoru Abel Bayramov deyir ki, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur: “Bakı şəhərində çoxsaylı bələdiyyələr fəaliyyət göstərir. Halbuki Bakı özü vahid bir orqanizmdir, burada infrastruktur vahidliyi mövcuddur. Bu infrastrukturun idarə olunması Bakıda böyük şəhər bələdiyyəsini yaradılmasını zəruri edir”.

Ekspert deyir ki, Bakıda böyük şəhər bələdiyyəsi yaradılarkən müxtəlif variantlardan istifadə oluna bilər: “Belə ola bilər ki, Bakı böyük şəhər bələdiyyəsi də yaradılsın, yerli rayon bələdiyyələri də qalsın. Bu şərtlə ki, hər birinin dəqiq səlahiyyətləri müəyyənləşdirilsin. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti də saxlana bilər, bu halda yerli ictimai xidmətlərlə bağlı fəaliyyətlər bələdiyyəyə verilməlidir. Yəni bu sahədə hansısa yeni dünya kəşf etməyə ehtiyac yoxdur, kifayət qədər uğurlu təcrübələr var. Yetər ki, istək olsun, uyğun variant tapmaq asandır”.

A.Bayramovun fikrincə, Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması bütövlükdə Azərbaycanda bələdiyyə institutunun inkişafına mühüm töhfə verə bilər: “Biz bir neçə dəfə təklif etmişdik ki, çoxsaylı xırda bələdiyyələrdənsə, iri bələdiyyələrə keçilməsi daha əlverişlidir. Daha sonra xeyli sayda bələdiyyələr birləşdirildi. Lakin zaman göstərdi ki, birləşmə ilə yanaşı, bələdiyyələrə öz fəaliyyətlərini təmin etmək üçün əlavə səlahiyyətlərin də verilməsi zəruridir. Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması o zaman effektiv olacaq ki, ona real səlahiyyətlər, status verilsin”.

Mütəxəssis bildirir ki, Bakı şəhərinin bələdiyyəsi yaradılan zaman normal səlahiyyətlər verilərsə, onun özünü təmin etmək imkanları geniş olacaq: “Hazırkı məhdud səlahiyyətlər çərçivəsində belə şəhər bələdiyyələrinin özünü təmin etmək imkanları kənd bələdiyyələrindən daha yüksəkdir. Bakının potensialı elədir ki, hətta bu səlahiyyətlərlə belə yaradılacaq bələdiyyə maliyyə imkanları yetərincə olacaq. Böyük Bakı bələdiyyəsinə hansı səlahiyyətlərin veriləcəyi ciddi müzakirə olunmalıdır, bizim də bununla bağlı bir neçə dəfə təkliflərimiz olub. Əsas odur ki, işlərə başlansın”..

Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədov da hesab edir ki, Bakıda vahid bələdiyyə institutunun yaradılmasına ehtiyac var: “Ümumiyyətlə, Azərbaycanda bələdiyyələrin inkişafı üçün müəyyən işlər görülməlidir, səlahiyyətlərin dəqiqləşməsi və sair. Bakıya gəlincə, bura turizm mərkəzinə çevrilib, turist axını artıb. Paytaxt kimi bələdiyyəsinin olması da vacibdir. Ola bilsin, Prezident Administrasiyasında da bu barədə fikirlər var, amma bu kimi məsələlər cənab prezidentin səlahiyyətində olan məsələlərdir”.

Millət vəkili deyir ki, bələdiyyə seçkili orqan olduğu üçün Bakı bələdiyyəsinə cəmiyyətdə tanınan, nüfuzlu şəxslərin seçilməsi vacib şərtlərdəndir.“Yeni Müsavat

 
 






Fikirlər