63 yaşlı Fəxrəddin Manafov: “Ad günündən yox, gözəl qadından təəssürat ola bilər”

Xalq artisti, məşhur teatr və kino aktyoru, çoxlarının  “Zaur”  obrazı ilə tanıdığı Fəxrəddin Manafovun 63 yaşı tamam olub. Aktyorun doğum tarixi 2 avqusta - Milli Kino Gününə təsadüf edir.

Modern.az-ın məlumatına görə, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Fəxrəddin Manafov “Təhminə”, “Ölsəm bağışla”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Silah” və digər filmlərlə məşhurlaşıb.

Modern.az-ın əməkdaşı Fəxrəddin Manafovla əlaqə yaradıb, 63 yaşın tamamındakı təəssüratlarını öyrənməyə çalışıb. Uzun-uzadı danışmağı sevməyən xalq artistinin cavabı da qısa və konkret olub:

Açığı, bu gün uzun yoldan gəlmişəm. Yorğunam,  üstünüzə sağlıq, bir az da nasazam, soyuq dəyib. Artıq 63 ildir ki, yaşımı qeyd edirəm. Lakin yaş qeyd etmək təəssürat tələb etməz. Sənətdən, incəsənətdən, gözəl kitabdan, mahnıdan, filmdən, gözəl qadından, insandan təəssürat ola bilər.

Yaşam elə şeydir ki, sadəcə yaşayırsan və arxana dönüb nəyi düz etdiyinə, nəyi yanlış etdiyinə baxırsan. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə”.

 

 

 






Fikirlər