Dirəniş göstərin... - Fazil Mustafa Azərbaycandakı dindar qadınlara SƏSLƏNDİ...

"İranda baş verənləri hansısa milli və ya azadlıq hərəkatı kimi əsaslandımaq əsassızdır. İranda gərgin sosial narazılıqlar var. Bunun fonunda da gənc qızın öldürülməsi kimi hadisələr cəmiyyətdə ciddi narazılıq doğurur".
Bu fikirləri Bakupost.az -a İranda baş qaldıran etirazlarla bağlı danışarkən millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili hesab edir ki, İranda baş verən etirazlar daha çox sosial gərginliklə bağlıdır:
"Öldürülən Məhsa Əmini kürd qızıdır. Bu hadisələr daha çox Kürdüstan bölgəsində başladı, daha sonra fars qadınları da buna qoşuldu. Əslində İranda rejimin bütün cəhalətinin çirkabını daşıyanların böyük əksəriyyəti bizimkilərdir. Orada çox az sayda milli düşüncəyə sahib, milli azadlıq yanğısını daşıyan insanlarımız var. Diqqət etsəz, dövlət strukturunda rejimin bütün qoruyuculuğunda da əsasən, bizim soydaşlarımız önəmli rol alıblar. Yəni, iranlıdan daha çox iranlı mövqeyi sərgiləyirlər. Əlbəttə, orada millətini, Vətənini sevən azərbaycanlılar da var. Amma onlar hələ təşkilatlanmış formada üzə çıxa bilmir. Bütövlükdə isə baş verənlər İranda sosial gərginliklə bağlı məsələdir. Orada bir çox bölgələr var ki, ciddi su problemi var. Digər tərəfdən, sanksiyalar nəticəsində gəlir səviyyəsi çox aşağı düşüb. Hətta İranda iqtisadi parametrlərə baxsaq görərik ki, normal yaşayış şərtləri yoxdur. Üstəlik, sərt əxlaq qaydaları tətbiq edən mollaların özləri əxlaqsız yaşayanda təbii ki, insanlar buna etiraz edirlər. Yəni, özləri əxlaqsız yaşayır, hər cür ləyaqətsiz davranışlara yol verir, amma əhalini "saçın, ayağın niyə göründü" deyə sorğulayırlar".
Deputat qeyd edib ki, İranda qadınlara qarşı olduqca ləyaqətsiz davranış var. Onların hüquqları tamamilə pozulur:
"Eyni zamanda İranda ayağa qalxanlar əsasən, əzilməkdən bezmiş, təhqirlərdən yorulmuş, zorla əyninə müəyyən uydurma paltarlar geydirilmiş cəmiyyətin insanlarıdır. İnsanlar seçim azadlığına malikdir. İstər hicab, istərsə də modern qaydada geyinə bilərlər. Bunu zorakılıqla etmək olmaz. İslamda da zor tətbiq etmək yoxdur. İslam adı altında zor tətbiq edəndə, artıq o İslam olmur, vəhşilik, qatillik olur. İslamı vəhşi və qatil dininə çevirənlər əslində onu nə qədər gözdən saldıqlarının fərqində deyillər. Diqqət edirsinizsə, İranda bu qədər başıboş, cahil, nadan tapmaq da mümkün deyil, nəinki bizdəki qədər. Bizdə bir qrup qadınlar özlərini qatı irançı kimi aparmaqdan zövq alır. Amma bilmirlər ki, oradakı rejimin birinci zərbəsi qadınlara dəyir. Ona görə də müasir, dininə, imanına bağlı iffətli qadınlarımız buna daha çox müqavimət göstərməlidir".
F.Mustafa vurğulayıb ki, Azərbaycan cəmiyyətinin İranda baş verənlərdən çıxaracağı dərslər var:
"İranın təbliğatçıları, tör-töküntüləri, zir-zibillərinə qarşı Azərbaycan qadını daha həssas mübarizə aparmalıdır. Çevrəsində, yaxınında olan elə insanlara qarşı dirəniş göstərməlidir. Çünki onlar burada İrandakı vəziyyətin yaranmasını istəyirlər. İranda qadın xoşbəxt olsaydı, küçələrə niyə tökülürdü? Niyə mübarizə aparırdılar? İranda qadının bütün qürurunu tapdalayıblar. Ona görə də bu məsələdə Azərbaycan cəmiyyətinin çıxaracağı dərslər var. Bunu da obyektiv təhlil etməliyik. Elə etməliyik ki, savadsız insanlar orada baş verən hadisələri burada yanlış istiqamətə yönəltməsinlər. Dərhal burada "Milli Azadlıq Hərəkatı başlayır", "Təbriz qalxsa, nə olacaq?" kimi suallar verirlər. Rəştə Təbriz mane olmasa, İranda çoxdan insan haqları, azadlıq və başqa məsələlərin həlli mümkün ola bilərdi. Çünki mühafizəkarların böyük əksəriyyəti təəssüf ki, bizim soydaşlarımızın içindən çıxır. Orada da vicdanlı, qeyrətli, Vətənini sevən, milli dəyərlərə önəm verən azərbaycanlıların səsini boğan bu şarlatanlardır".






Fikirlər