“7 oğul istərəm” filminin qəhrəmanları İLLƏR SONRA: “Rejissor dedi ki, istəyirsən öləsən filmim yarımçıq qalsın?”-FOTO+ÖZƏL
Tofiq Tağızadənin 1970-ci ildə lentə aldığı “7 oğul istərəm” filmi bu gün də sevilərək izlənilir. Film xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında çəkilib və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf edilib. Moderator.az əməkdaşı filmin həyatda qalan qəhrəmanları-xalq artistləri Rafiq Əzimov, Əbdül Mahmudbəyov və Ənvər Həsənovla həmsöhbət olub. Onlar filmlə bağlı indiyə qədər danışılmayan məqamlara toxunublar.

Filmdə Şahsuvar rolunu oynayan xalq artisti Rafiq Əzimov:
“Bu gün də tamaşaçılarımız bu filmi dönə-dönə izləyir. Həqiqətən də bu film zamanında çox qitələri fəth edib. Xəyyam Mirzəzadə deyirdi ki, “mən Amerikada gəzirdim, gördüm ki, “7 oğul istərəm” filminin afişası asılıb, sevincdən gözlərim yaşardı”. Biz gənc ikən xarici ölkələrdə, dünyanın çox qitələrində tanınıb sevindik. Bu filmi 178 ölkə alıb, izləyib. “7 oğul istərəm” filmi və Şahsuvar rolu mənim kino sahəsində çəkildiyim ilk filmim, ilk obrazımdır. “Tarqovıy” küçəsində gəzəndə deyirdilər ki, möhtəşəm yeddilik gəlir. Tofiq Tağızadə Moskvada filmi təhvil verəndə ona mane olurdular. Deyirdilər ki, bəzi epizodları çıxarın. Ən əsas da Gəray bəyin özü-özünü güllələmə səhnəsini qəbul etmirdilər. Tofiq Tağızadə də onlara deyib ki, “bizim bəylər bəy olublar, gədə-güdə əlində ölməyiblər”. Tofiq Tağızadə sözünün üstünə durub və deyib ki, filmi necə çəkmişəmsə, o cür də ekranda göstəriləcək” deyə xalq artisti deyib.
Rafiq Əzimov həmçinin filmlə bağlı bir neçə faktı da açıqlayıb.
“Eldəniz Zeynalov Mirpaşa roluna demək olar ki, təsdiq olunmuşdu. Amma at çapa bilmirdi. Məşqlərdə özüm buna şahid olmuşdum. Tofiq müəllim gəlib dedi ki, “sən niyə oturmusan, çap da”. Dedi ki, “Tofiq müəllim, mən çəkilişdə çaparam”. Sən demə qorxurdu. Mirpaşa roluna sonradan Elçin Məmmədov təsdiqləndi. Bütün günü məşq edirdik. İndiyə qədər yadımdadır, biz yeddimiz də atın belində cıdır meydançasından kinostudiyaya gəlmişdik” deyə sənətkar bildirib.

Xalq artisti, Cəlal rolunun ifaçısı Ənvər Həsənov filmin çəkilişləri zamanı yaşadığı təhlükəli hadisələrdən danışıb.
“Bu film vasitəsilə biz adət ən-ənəmizi, milliyimizi ekran vasitəsilə tamaşaçılara çatdıra bilmişik. Filmdə iki təhlükəli hadisə ilə rastlaşmışdım. Gəray bəyin məni öldürmə səhnəsində yerə yıxılanda bütün yaradıcı heyətdən bir dənə ah-nalə çıxdı ki, gəl görəsən. Qaçdılar yanıma. Tofiq Tağızadə gəlib tez məni qucağına götürdü. Çəkilişləri Qobustanda lentə alırdılar. Sən demə yerdə ucu sivri daş olub. Gicgahımla o daşın arasında milli metr məsafə olmasaydı, həmin daş gicgahıma batacaqdı. İkinci təhlükəli səhnə isə atla bağlı idi. Əlimi ayağımı bağlayıb atın üstündə otuzdurmuşdular. At sürətlə götürülüb getdi. Qabaqda da sıldırım qaya və dərə var idi. Allah göstərməsin, dərədən yuvarlanıb düşsəydim tikəm ələ gəlməzdi. Bizdə Akif adında işıqçı işləyirdi. Səs-küydən eşidib ki, at məni götürüb qaçır. Özünü atın qabağına ataraq məni təhlükədən xilas etmişdi. Bir az istirahət edəndən sonra dedim ki, Tofiq müəllim, çəkilişlərə başlayaq?! Dedi ki, başına bu qədər təhlükəli hadisələr gəldi, yenə sənə dərs olmadı?! İstəyirsən öləsən filmimiz yarımçıq qalsın?! (gülür)” deyə sənətkar bildirib.
Xalq artisti, Qasım rolunun ifaçısı Əbdül Mahmudbəyov:
“Mən kənddə böyümüşdüm. Həmişə də at çapmışam. Cıdır atları bizim mindiyimiz kənd atlarından tamamilə fərqlənirdi. Elə bilirdim ki, asandır, minib çapacam. Hamımızın dublyoru olsa da, böyük əksəriyyətimiz özümüz çəkilirdik. Biz 3 ay sərasər cıdır meydançasında at çapmağı öyrəndik. Evdə kişmiş, qənd qalmamışdı onlar üçün aparmayaq. Filmin bir səhnəsində yıxıldım, qıçım və qabırğam sındı. Atlar çox bahalı idi. Hətta atlara görə onların sahibinə bizdən də çox qonorar verirdilər. Atın çox böyük hissiyatı var. Çox həssas heyvan idi. Filmdə çəkilən aktyor heyəti üçün burnumun ucu göynəyir. Bəzən düşünürəm ki, o aktyorlar indi hanı? Yaşadığıma görə bəzən utanıram ki, 50-60 il bir arada olduğum insanlar bu gün niyə yoxdur ki? O insanlar bizim sənətimizdə çatışmır. Bu filmin ərsəyə gəlməsində yaradıcı heyətdən tutmuş, texniki heyətə qədər hamı böyük can-fəşanlıqla çalışırdı. Allah onların hər birinə rəhmət, qalanlara isə can sağlığı versin” deyə sənətkar deyib.




