Keçmiş MTN-çilər TÜRMƏdə necə yaşayır?

Əvəz Zeynallı: “Onlar pul müqabilində ürəkləri istəyən şəraiti yarada bilərlər”; Tural Abbaslı: “”MTN işi"nə görə həbsə düşənlər çox güman ki, içəridə özlərinə “yeni həyat” qurublar"

 

Hazırda Azərbaycan həbsxanalarında xeyli sayda keçmiş MTN əməkdaşları var. Onlar 17 oktyabr 2015-ci ildə başlanan “MTN işi” ilə bağlı həbs ediliblər və barələrində müxtəlif maddələrlə cinayət işi açılıb.
 
Həmin şəxslər arasında ləğv edilmiş MTN-də yüksək vəzifələr tutan generallar belə var. İndi hər kəsi həbs edilən keçmiş MTN-çilərin törətdikləri cinayətlərlə yanaşı, onların həbsxana həyatı da maraqlandırır. Çünki uzun illər nazirlikdə müxtəlif vəzifələr tutan bu şəxslər xeyli sayda insanı sorğu-sual edib, haqlı və ya haqsız şəkildə onların həbsxana yolunu tutmasına səbəb olublar. 
Onlar bahalı kostyumlar, parıltılı ayaqqabılar geyinib, mühafizəçilərlə bahalı maşınlarda gəzib, lüks həyat tərzi keçirib, dəbdəbəli kabinetlərdə oturublar. İndi kiçik həbsxana kameralarında onlar üçün hansı şərait yaradılır? Onların həbsxanada xüsusi imtiyazlar əldə etməsi mümkündürmü? Düzdür, keçmiş MTN-çilərin vəkilləri müvəkkillərinin digər dustaqlardan fərqli şəraitdə saxlanmadığını, onlara xüsusi münasibət göstərilmədiyini deyir. Lakin məhkumluq həyatı yaşayanlar həbsxana şəraitinin və “şərtlərinin” fərqli olduğunu deyir.
Mövzu ilə bağlı məhbusluq həyatı yaşamış şəxslərin fikirlərini təqdim etməmişdən əvvəl onu qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs olunarkən onlar digər dustaqlardan məsafəli şəkildə və ayrı kameralarda saxlanılır. Həbsxana termini ilə həbs olunan bu şəxslər “paqon” adlanır. “Paqon”lar təhlükəsizlik baxımından digər dustaqlardan ayrı saxlanılır. Çünki dustaqlardan hansısa birinin həbsində həmin “paqon” işçisi iştirak edə və ya aralarında keçmişdən qalan konflikt ola bilər.
 
 
Məhkumluq həyatı yaşamış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının fikrincə, həbsdə olan keçmiş MTN-çilər maddi imkanlardan istifadə edərək özləri üçün həbsxanada mümkün ola biləcək yaxşı şərait yarada bilərlər: “Əvvəlcə onu qeyd edim ki, keçmiş MTN-çilər ”paqon" işçiləri olduğundan normal dustaqlardan ayrı saxlanılır. Qanunda da bu nəzərdə tutulur. “Paqon” işçiləri əsasən 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılırlar. 
İmtiyazlara gəlincə isə, qanunda nəzərdə tutulmur ki, dustağın əvvəl işlədiyi yerə görə, məsələn, MTN-də çalışdığına görə ona hansısa bir xüsusi diqqət və ya güzəştlər edilsin. İndiki Azərbaycan reallığında həbsxanalarda pul əsas rol oynayır. Kimin pulu varsa, onun imtiyazları var".
 
Pulu olan şəxslərin həbsxanada hansı imtiyazlar əldə edə biləcəyinə gəlincə isə, Ə.Zeynallı məhbusluq dönəmində gördüklərinə əsasən bunları deyir: “1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanlar təbii ki, maddi imkanlarından yararlanaraq özlərinə müəyyən şərait yarada bilərlər. Çox güman ki, yaradıblar da. İndi keçmiş MTN-çilərin saxlanıldığı kameralardakı şərait digər dustaqların qaldığı kameraların şəraitindən tamamilə fərqlənir. Məsələn, indi qışdır və normal dustağın saxlanıldığı kameraya qızdırıcı soba qoymaq üçün 800-1000 manat pul tələb olunur. Əksər dustaqların kamerasında bu sobalar yoxdur, amma yəqin ki, keçmiş MTN əməkdaşlarının kameralarında həmin cihazlardan var. Mobil telefonlardan istifadə edirlər. Bunun da qiyməti 5-7 min manat arasında dəyişir. Həbsxana elə bir yerdir ki, orada pulla özünə şərait yaratmaq imkanları olur. İndi həbsdə olan keçmiş MTN-çilərin əksəriyyəti pul xərcləyib, özlərinə normal şərait yaradıblar”.  
“AG blok”un təsisçisi, keçmiş vicdan məhbusu Tural Abbaslı yaşadığı məhbusluq dönəmini xatırlayaraq həbsxanalarda vəzifəli və imkanlı şəxslərin əldə edə biləcəkləri imtiyazlardan və onlara göstərilən xüsusi münasibətlər haqda fikirlərini bildirdi. 
Həbs olunan keçmiş MTN-çilərə xüsusi münasibətin olduğunu əminliklə söyləyən T.Abbaslı qeyd edir ki, onlar maddi imkanlarından yararlanaraq özlərinə “yeni həyat” qura bilirlər: “Həbsxanalarda vəzifəli şəxslərə və güc strukturlarının nümayəndələrinə münasibətlər fərqli ola bilir. 
İndi keçmiş MTN-çilərin saxlanıldığı Bakı İstintaq Təcridxanasında kameraların quruluşu 2, 4 və 6 nəfərlikdir. Adətən eyni cinayət işi üzrə tutulanlar bir kamerada saxlanılmır. “MTN işi”nə görə həbs olunanlar 2 nəfərlik kameralarda ya tək saxlanılır, ya da onların kamera yoldaşı “elitar cinayətlər”ə görə həbs edilənlər olur. Məsələn, dələduzluğa, rüşvətə görə və s. MTN-çilər hazırda narkoman, qətl törədən şəxslərlə eyni kamerada saxlanılmırlar. Bakı İstintaq Təcridxanasında qeyri-rəsmi belə bir bölgü də var ki, həbs olunanlar ilk dəfə həbs olunan, bir neçə dəfə həbs olunanlar kimi də ayrılaraq kameralara yerləşdirilir. Və təbii ki, “MTN işi”nə görə həbs olunanlara xüsusi münasibət var. Dustaqların onlara çıxışı minimumdur və ya yoxdur. Türmə rəhbərliyinin də münasibəti fərqli olur. Onlara bir çox güzəştlər edilir. “MTN işi”nə görə həbs olunanların azadlıqdan məhrum edilmədən başqa hansısa bir əziyyət çəkəcəyinə inanmıram".
Onun sözlərinə görə, dustaqların özünə şərait yarada bilən digər dustaq haqda nəsə danışması və ya kimisə şikayət etməsi türmə qanunlarına görə doğru deyil: “Nəzərə alsaq ki, bu şəxslərin çöldə külli miqdarda vəsaitləri var. Nə qədər inkar edilsə də həmin pullar həbsdə olanların içəridə ”yeni həyat" qurmasına xərclənir. Kimlərləsə görüşmək üçün, onlara gələn sovqatları almaq üçün və s. Biz də həbsdə olarkən müəyyən şəxslər bu cür imkanlardan yararlanırdı. Amma onu da qeyd edək ki, həbsxanalarda belə bir yazılmamış qanun var ki, kimsə türmədə özünə şərait yarada bilibsə, başqasının bu haqda danışması, dilə gətirməsi, şikayətçi olması qəbul edilmir". 






Fikirlər