Xanəndələrin ölümü ilə bağlı YENİ FAKTLAR

Miryusif Mirizadənin dostu Novruz Hüseynovu öz evində öldürüb sonra iz azdırmaq üçün qəza görüntüsü yaratdığı, daha sonra affekt vəziyyətində intihar etdiyi iddia olunur

Avqustun 1-də gənc xanəndələr  Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı.

Sonradan isə məlum oldu ki, baş verənlərin yol nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. İlkin xəbərdə qeyd edildi ki, Novruz Hüseynov öz xanəndə dostu Miryusif Mirizadəni çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra idarə etdiyi avtomobili qəzaya uğradıb. Sonra isə Qarabağ kanalına gələrək, intihar edib.

Azvision.az saytının xəbərinə görə, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evində qonaq olub.

İlkin araşdırma zamanı N. Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib.

Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə həmkarının olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihardan öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək “Ay Allah, mən nə etdim?” deyərək qışqırıb.

Novruz Hüseynovun qardaşı Azər Hüseynov isə qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsinə inanmadığını bildirib. Qardaşının Miryusifi ondan çox istədiyini deyən Azər Hüseynov bu işdə müəmmaların olduğunu bildirib.

Mahmud Hacıyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, əslində bu hadisədə qaranlıq məqamlar elə də çox deyil: “Hadisənin təfsilatına varanda görürsən ki, burada dalana dirənən hər hansı bir məqam yoxdur. Ona görə də hesab edirəm ki, yaxın günlərdə bütün detallar ictimaiyyətə açıqlanacaq. Əslində indiki halda hüquq-mühafizə orqanlarının susması normaldır. Çünki ilkin istintaq zamanı bu cür hadisələrlə bağlı məlumatlar adətən ictimaiyyətə dərhal açıqlanmır. Müəyyən bir prosedur getməlidir ki, detallar əldə olunsun və tam şəkildə məsələ ilə bağlı məlumat yaymaq mümkün olsun. İndiki məqamda isə  ilkin araşdırma tədbirləri görüldüyü üçün bunu mətbuata, ictimaiyyətə açıqlamaq doğru olmaz. Əməliyyat işlərinin müəyyən sirri olur. Hər ikisi ilə bağlı məlumat toplanacaq. Şəxsiyyət araşdırılan zaman müəyyən ip ucları ortaya çıxır. Özlərinin son həyat tərzlərini, bir-biriləri ilə tanışlıq məqamlarını araşdıran kimi ortaya lazımi faktlar çıxacaq. Hər halda, bunlar yaxın dost olublar və nəyinsə üstündə biri emosiyaya qapılıb, affekt vəziyyətinə düşərək digərini vurub. Sonra da görünür ki, vurduğu üçün peşman olub. Yəni affekt vəziyyətindən ayıldıqdan sonra nə etdiyini anlayıb və özünü də öldürüb. Hər halda, 10 günə qədər tamamilə detallar bəlli olacaq”.

Ekspert bildirib ki, belə məqamda ölənin ətrafında əməliyyat işi aparılır:

Kimlərəsə təəccüblü gələ bilər ki, ölənin ətrafında nə əməliyyat işi aparılacaq. Ancaq məsələ burasındadır ki, ilk olaraq məhz ölənin ətrafında iş aparılmalıdır. Bu hadisədə isə hər iki şəxslə bağlı əməliyyat işi  başlanmalıdır. O dəqiqə şübhəli şəxslərin üstünə getmək lazım deyil. Vuran şəxs dostuna 14 bıçaq zərbəsi vurubsa, bu, xüsusi amansızlıqla kimisə qətlə yetirməkdir və Cinayət Məcəlləsində ayrıca maddədir. Niyə bu vəziyyətə düşsün? Niyə yaxınını xüsusi amansızlıqla qətlə yetirsin? Aydın məsələdir ki, burada psixoloji durum məsələsi də var”.






Fikirlər