Müsavat Partiyasının QƏRARGAHI əlindən alına bilər

“Mübahisə varsa bu, icarədarla, icarəçi arasında qarşılıqlı razılıq əsasında həll oluna bilər”

Əmlak Məsələləri Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib. Bu barədə partiyanın funksionerləri məlumat yayıblar. Məlumata görə, Komitə sədrinin müavini Rafiq Cəlilovun imzaladığı xəbərdarlıq məktubu partiyaya dekabrın 14-də təqdim olunub.

Məktubda söhbət əmlakın “icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən 2-ci əldən (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verilməsindən” gedir və bu halda müqaviləyə xitam veriləcəyi qeyd edilir.

Partiya  rəhbərliyi deyir ki, xəbərdarlığa səbəb Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılacaq partiyanın təsis qurultayının Müsavatda keçirilməsi qərarıdır.

Partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli isə BBC Azərbaycancaya bildirib ki, partiya rəhbərliyi bu məsələni müzakirə etmək üçün toplaşıb:

“Müxtəlif illərdə bizim qərargahımızdan müxtəlif partiya və siyasi birliklər toplaşmaq üçün istifadə edib. AXCP-dən tutmuş, İctimai Palata, Milli Şura, "NİDA" hərəkatına qədər".

Image result for Azər Qasımlı

REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı “Yeni Müsavat”a bildirib ki, onlar qurultay keçirmək qərarını dəyişməyiblər:

“Bizim planlarımızda hər hansı bir dəyişiklik yoxdur. Məsələdən xəbərdarıq. Müsavat Partiyası da göndərilən xəbərdarlığa münasibətini bildirib. Orada digər siyasi təşkilatlar və partiyalar da öz tədbirlərini keçiriblər. Niyə onlara olar, REAL-a olmaz. Bu mövqeyi Müsavat Partiyası ifadə edib. İqtidar tərəfinin isə mövqeyi hələ tam bəlli deyil. Ona görə də bizim mövcud planlarımız qüvvəsində qalır. Ayın 17-də qurultay keçirməklə bağlı qərarımızı dəyişməmişik”.

Bu vəziyyətdə əmlak icarədar tərəfindən geri alına bilərmi?

“Yeni Müsavat”a danışan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, bu, müqavilənin şərtlərindən asılı olan bir məsələdir:

“İcarə müqaviləsində şərtlər müəyyən edilir. Bu, icarəyə götürülən əmlakdan istifadə və ya onun yenidən icarəyə verilməməsi ilə bağlı olur. Bilmirəm ki, onların icarə müqaviləsində bu şərtlər nəzərdə tutulub, yoxsa yox. Qanunverciliyə görə icarədar yeni bir situasiya yaranırsa, bunu, əlbəttə ki, icarəyə verənlə  razılaşdırmalıdır. Ancaq qeyd etdiyim kimi bu halda icarə müqaviləsində yazılanlardan xəbərdar olub, sonra şərh vermək olar. Ən doğrusunu Müsavat Partiyasının müvafiq strukturları bilirlər. Təbii ki, dövlət əmlakının icarəyə verilməsinin icarədarı Əmlak Məsələləri Dövlət Komitəsidir. Anlaşılmazlıqlar da onlarla müzakirə edilməlidir. Bütün hallarda icarə müqavilələrində belə bir şərt də daimi nəzərdə tutulur ki, yaranan mübahisələr qarşılıqlı razılaşma ilə həll oluna bilər. İndiki halda da mübahisə varsa bu, icarədarla, icarəçi arasında qarşılıqlı razılıq əsasında həll oluna bilər”.

Image result for Əliməmməd Nuriyev

Qeyd edək ki, REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənirdi. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə qəbul edilmişdi. Həmin qərardan sonra Təşəbbüs Qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.Ancaq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması xahişi ilə müraciətinə müsbət cavab verməmişdi. Cavabda onların məktubda qeyd etdikləri məkanda tədbirin keçirilməsi mümkün sayılmamışdı. Hərəkat ikinci müraciətlə də istəyinə nail ola bilməmişdi.






Fikirlər