Xüsusi mesaj ötürüldü - Seçkidən dərhal sonra dəhşətli müharibə başlayır?

İsrail ABŞ-İran razılaşmasına qarşıdır

ABŞ hökumətinin İranı İsrailə qarşı növbəti hücuma dair xəbərdar etdiyi ilə bağlı məlumat yayılıb. Mesajın Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürüldüyü bildirilir.

İddialara görə, Ağ Ev İranın İsrailin son hücumuna cavab verəcəyi təqdirdə, yəhudi dövlətini cilovlaya bilməyəcəyini deyib. Hətta zərbələrin İraq ərazisindən endiriləcəyi halda belə Təl-Əvivin əks-hücumunun şiddətli olacağı qeyd edilib.

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, hazırkı perspektivdə Tehranla Təl-Əviv arasında tez-tez dilə gətirilən dəhşətli müharibənin yaşanması real görünmür:

“Ümumiyyətlə, belə bir müharibə olacaqsa, sadəcə iki ölkənin deyil, onların dəstəkçilərinin, müttəfiqlərinin də qatılacağı qlobal miqyaslı qarşıdurmaya çevriləcək. Bunun baş verməsini isə nəinki ABŞ, heç İranı dəstəkləyən ölkələr də istəməz.

İsrail təkbaşına İranla müharibə edə bilməz. Təl-Əvivin texniki imkanları olsa da, insan resursu baxımdan Tehrandan çox zəifdir. İran isə həm texniki, həm də hava qüvvələri baxımından İsraildən geri qalır. Doğrudur, raketləri var, lakin təcrübə göstərir ki, bu kimi hücumların effekti elə də çox olmur. Hər iki dövlət mövcud potensialını yaxşı bilir, buna görə də müttəfiqləri olmadan riskli həmlələr etməzlər. Yəni İsrail ABŞ olmadan İrana hücum etməyi gözə almaz”.

Vaqif Hüseyn

Politoloqun sözlərinə görə, vəziyyət hələ bir müddət gərgin olaraq qalacaq:

“Tərəflər arasında kiçikçaplı hücumlar olsa da, total müharibə ehtimalı yoxdur. Ümumiyyətlə, yanvar ayına qədər belə bir şeyin olacağını düşünmürəm.

ABŞ-da Donald Tramp prezident seçilərsə, yanvar ayından sonra dəyişikliklər olacaq. Xüsusilə İran-İsrail gərginliyində bunu müşahidə edəcəyik. Tramp İsraili hər mənada müdafiə edir, yəni bu məsələdə də onu qoruyacaq”.






Fikirlər