Qarabağ əlili “Azəriqaz”dan nazirə şikayət etdi

Qarabağ əlili “Azəriqaz”dan nazirə şikayət etdiQarabağ Əlilləri və Veteranları Cəmiyyətinin Nəsimi rayon təşkilatının sədri, II qrup Qarabağ əlili Əhməd Rəhmanov “Azəriqaz” İstehsalat Birliyinin “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələblərinə uyğun cərimələnməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayıb.

Bu barədə virtualaz.org saytına Əhməd Rəhmanov məlumat verib.

Ə.Rəhmanovun sözlərinə görə, “Azəriqaz” həmin qanunun 25-ci maddəsinin tələblərini yerinə yetirməkdən imtina edib: “1996-cı ildən Nəsimi rayon qaz idarəsində fəhlə işləyirdim. Ötən ilin iyununda isə ixtisara salınmışam. Xətai Rayon Məhkəməsi işə bərpa olunmağım və dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı iddiamı təmin etdi. Apelyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Lakin “Azəriqaz” məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir”.

Ə.Rəhmanov deyir ki, “Azəriqaz”ın cərimə olunması tələbi ilə bağlı nazirliyə ünvanladığı ərizə Abşeron Məşgulluq Mərkəzinə göndərilib: “Abşeron Məşğulluq Mərkəzindən tələbə baxıldığını dedilər. İdarədən bildirdilər ki, cərimə tələbi haqlıdır. Lakin onların “Azəriqaz”ı cərimələmək səlahiyyəti yoxdur. Buna görə təkrar müraciət edilməlidir. Mən nə məhkəmənin qərarı ilə bərpa olunduğum işimə qaytarılmıram, nə də əlillərin işlə təminatına dair kvotanı yerinə yetirməyən istehsalat birliyi cərimələnmir”.

Qarabağ əlili “Azəriqaz”ın cərimələnməsi tələbi ilə məhkəməyə müraciət edəcək.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən isə virtualaz.org saytına bildirildi ki, Nazirlər Kabinetinin 2005-ci il, 22 noyabr tarixli, 213 nömrəli qərarı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası” təsdiq edilib. Həmin qərara əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota üzrə iş yeri ayrılmalıdır.

Ötən il 1036 nəfər kvota üzrə iş yerləri ilə təmin olunub. Kvota üzrə məşğulluğu təmin edilənlərin 249 nəfərini əlilliyi olan şəxslər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 224 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 42 nəfərini müharibə veteranları, 36 nəfərini şəhid ailəsi üzvləri təşkil edib. Habelə 25 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin, 34 nəfər sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynin, 159 nəfər 20 yaşadək gəncin, 52 nəfər pensiya yaşına 2 ildən az qalmış vətəndaşın kvota əsasında məşğulluğu təmin olunub.






Fikirlər