İnfeksionistdən ŞOK AÇIQLAMA: “Əgər ”Omicron“ ölkəmizdə yayılsa...“

İnfeksionistdən ŞOK AÇIQLAMA: “Əgər ”Omicron“ ölkəmizdə yayılsa...“

Omicron” ştammı dünyada minlərlə aviareysin ləğvinə səbəb olub. Fransada xəstələrin sayı 100 mini keçib. Fransada pandemiyanın başlanmasından bəri ilk dəfə olaraq gündə 100 mindən çox insanın koronavirusa yoluxması qeydə alınıb. Bütün dünya boyu aviaşirkətlər çi çatışmazlığı səbəbindən reysləri ləğv edir, Avropa ölkələri isə karantin məhdudiyyətlərini bərpa edir. Koronavirusa yeni yoluxma hallarının gündəlik sayına görə indi dünyada öndə gedən ölkələr ABŞ, Britaniya, Fransa və İtaliyadır.

 

Vəziyyət o yerə çatıb ki, İngiltərə Premyer Liqasında dekabrın 28-də keçiriləcək 20-ci turun daha bir oyunu da koronavirusa görə təxirə salınıb.

ABŞ-da isə gündə yeni yoluxma halları 184 minə çatıb, Britaniyada 120 mini keçib, Fransada - 104 min təşkil edib, İtaliyada isə təxminən 55 minə çatıb.

Fransada “Omicron” variantının yayılmasının qarşısının alınması istiqamətində görülən bütün səylərə və tətbiq olunmuş məhdudiyyətlərə baxmayaraq, yeni yoluxma hallarının sayı 100 mini ötüb.

John Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 279 milyondan çox insan yoluxub, 5,4 milyon xəstə ölüb. Ekipaj üzvləri koronavirusa yoluxduğundan aviaşirkətlər təyyarələrin idarə edilməsi üçün uçuş heyətlərinin işçi çatışmazlığı ilə üzləşdiyini bildirir. Ümumilikdə, son iki gün ərzində altı minə yaxın reys ləğv edilib, onlardan 900-dən çoxu ABŞ-da və ya bu ölkə ilə bağlı uçuşların payına düşüb.

Avropa və Amerika qitələrini yenidən ağuşuna alan koronavirus bu dəfə Azərbaycanda azalmaq üzrədir. Gündəlik yoluxma sayı 500 üzərindədir. Bəs 10 minlik yoluxmalar bizə də gələ bilərmi? Avropada tüğyan edən bu yoluxmanın səbəbləri nədir?

Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik. İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, pandemiya məhdudiyyətlərinin aradan qaldırılması fonunda Avropada koronavirus infeksiyası yenidən tüğyan etməyə başladı: “Bunun bir neçə səbəbi var. Əsas səbəb burada “Omikron" variantı ilə bağlıdır. Çünki əgər “Omikron” variantı  bu qədər yoluxdurucu olmasaydı, Avropada yenidən alovlanmalar da olmayacaqdı. Bir neçə ay bundan qabaq “Delta” ştammı dalğası baş verdi. Həmin vaxt da yoluxma sürətlə artmağa başladı, amma bu qədər sürətli deyildi. Düzdür, “Delta” variantı yoluxucu idi. Amma “Omikron” variantı “Delta” variantından da bir neçə dəfə daha yoluxucudur və bu da yenidən yoluxma sayının artmasına təbii olaraq gətirib çıxarır. Bunun ilk növbədə Avropada daha çox yayılmasının səbəbi budur ki, Avropada gediş-gəliş çoxdur və bütün dünya ölkələri ilə orada daha çox miqrasiya var. Afrikadan da Avropaya gedənlərin sayı yenə də çox olduğu üçün oradan Avropaya yayıldı və Avropada da öz əhalisi arasında yenidən çoxalmağa başladı. Bizdə hələ ki yoluxma sayı azdır. Artıq bu say 500-ə düşüb.  Görünən odur ki, hə, bizdə “Omikron” variantı hələ yoxdur. O cümlədən Türkiyədə də hələ yoluxma sayında artım qeydə alınmır. Onlarda da yavaş-yavaş azalma var. “Omikron” variantı əgər bizim ölkəmizə də  gələrsə, Avropadakı kimi yoluxma sürətlə axmağa başlayacaq. Bunun üçün ciddi tədbirlər görmək lazımdır. Xaricdən gələnlərə və gedənlərə nəzarət etmək mütləqdir ki, bizdə də bu yeni virus variantı sürətlə artmasın. Bunun qarşısını almaq da çətindir. Amma bizim xeyrimizə olan iş odur ki, artıq üzü yaya gedirik. Hələ qış olmasına baxmayaraq, yanvar, fevral və mart aylarında, hətta aprel ayına qədər də çox ciddi yoluxmağa əlverişli şərait var. Əgər “Omikron”un ölkəmizdə yayılmasının qarşısını ala bilsək, üzü yaya düşərsə, ən azı vəziyyəti bizim xeyrimizə dəyişmək olar. Yəni zərəri minimuma endirmək olar".

İnfeksionist Nicat Əzimli də qəzetimizə mövzu barədə fikirlərini bildirib: “”Omikron" variantı 9 noyabr 2021-ci il tarixində Cənubi Afrikada aşkarlanıb, 3 dominant variantdan birinə çevrilib. Yoluxma xüsusiyyətinin “Delta” variantından yüksək olduğu dəqiqdir. Digər xüsusiyyətlər, məsələn, xəstəliyin klinik gedişatında dəyişiklik, eləcə də öncəki variantlardan yaranmış immunitetə rezistentlik xüsusiyyəti isə araşdırılır. Vaksin istehsalı ilə məşğul olan şirkətlər təcili şəkildə bu varianta uyğun təkmilləşdirmə işlərinə başlayıb. Bəzi dünya ölkələri xarici ölkələrlə sərhədlərini bağlayıb. Bütün bunların səbəbi qeyd etdiyimiz kimi, bu variantın çox sürətlə dünyada yayılma dinamikasıdır. Azərbaycanda isə bu varianta hələ ki rast gəlinməyib. Qapanmalarla bağlı sualı rəsmi qurumların nümayəndələri cavablaya bilər. Mən isə bir infeksionist olaraq, sadəcə, şərh edərək deyə bilərəm ki, buna ehtiyac yoxdur. Vaksinasiya hər bir halda epidemik vəziyyəti nəzarət altında saxlamağa imkan verir".

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 20 989 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 047, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 554, buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 388 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 224 584, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 157 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 662 012, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 404 618 təşkil edir.






Fikirlər