Bir nalayiq hərəkətin rezonansı – Pırpızbaş uşaq ortalığı necə qarışdırdı...

O pırpızbaş yeniyetmənin xoşagəlməz hərəkəti ilə bağlı söz-söhbətin bu qədər uzanması onun məşhur və imkanlı ailə olması üzündəndir.

Cəlilov soyadı daşıyan uşaq (bəli, uşaq) bir kasıb balası olsaydı, bu məsələyə çoxdan nöqtə qoyulmuş olardı. Onu da, onun atasını da polis bölməsinə dəvət edər, qulaqburması verər, üzr videosu çəkdirərdilər, məsələ bitərdi.

Hətta ola bilərdi ki, ictimai qruplar polis bölməsində məzəmmət edilmiş yeniyetmənin müdafiəsinə qalxsın, desin ki, bir damcı uşaqdır, bilməyib, bir qələt edib, bundan ötrü onu niyə sındırırsınız, psixoloji travma yaşadırsız, filan-bəsməkan.

Amma harınlıq, qudurğanlıq edən şəxs imkanlı və tanınmış ailədən olunca durum və yanaşma dəyişir. Total qənaət belə olur ki, onları pul qudurdub, ona görə də belə yeniyetmə və gənclər ciddi cəzalandırılmalıdır.

Bu meyar paytaxtın küçələrində avtoxuliqanlıq edən və ilişən, müşahidə kameralarına düşən gənclərin məxsus olduğu zümrələrə münasibətdə də keçərlidir. Avtoxuliqanlıq edən gənc kasıb ailədəndirsə və xuliqanlığını ucuz sovet maşınında edibsə, bu söhbət uzağı bir gün çəkər, yox, o, varlı ailədəndirsə, xoşagəlməz hərəkətləri də lüks avtomobil də edibsə, söhbət uzanacaq və sonda belə rəy yaranacaq ki, o gənc özü də, vəzifədə olan atası da ciddi cəzaya layiqdir.

Yəni eyni nalayiq hərəkətə biz sosial zümrə prizmasından və ikili standartla yanaşırıq. Halbuki avtoxuliqanlıq və ya pırpızbaş yeniyetmənin yol verdiyi nalayiq hərəkətin qiyməti eyni cür verilməlidir. Biz onu edənin varlı-kasıb olmasına diqqət etməməliyik.

Burada bir incə məqam odur ki, adətən, belə durumlarda varlı ailənin övladlarını məsuliyyətdən yayındırmaq halları müşahidə olunur. Kasıba nə var, yaxalanan kimi başından basıb “Fiat”a mindirir, çabalasa, qapazlayaraq, sakitləşdirirlər. Varlı ailənin züryətini isə lazımi yerlərə dəvət edirlər, o da bir dəfə gəlmir, ikinci dəfə mühafizə xidmətiylə, vəkillərin müşayiəti ilə gəlir, uzun çəkməyən bir protokollaşdırma prosedurundan sonra sərbəst buraxılır.

Bax, ictimaiyyəti narazı salan, onu tərəf tutmağa, eyni qəbahətə ikili standartla yanaşmağa vadar edən əsl səbəb budur.

Ona görə də yaşlı qarını qucağına alıb havaya qaldıran, irişə-irişə bu ədəbsiz hərəkətini lentə alıb paylaşan yeniyetmənin söhbəti bu qədər uzun çəkdi.

Sosial şəbəkəni izləyənlər bilir, həmin videonu və ya epizoddan bir görüntünü paylaşan şəxslərin qeydlərinin altına çox dəhşətli, nifrət dolu şərhlər yazırlar. Biri yazır ki, o, mənim nənəmə qarşı elə hərəkət etsəydi, axtarıb, tapıb, başını kəsərdim. Başqa biri eləsinə rast olacağı təqdirdə onu döyüb yarımcan edəcəyini vəd edir. Yeniyetməni bu hərəkətinə görə maşının arxasına bağlanıb küçədə itsürütməsi etməyi lazım bilənlər də var.

Amma bu da onun etdiyi qəbahətin uyğun cəzası deyil axı. Uşaqdır, bir yekəbaşlıq edib, cəzası da qulağının burulması, tənbeh edilməsi ola bilər. Nə baş kəsmək, nə şikəst etmək, nə sürümək?

Ağır cəzaya qarşı olanlara da, adətən, deyirlər, yaxşı, bəs sənin nənəni elə etsələr, nə edərsən. Əgər yeniyetmə ilə yumşaq davranılmasını istəyən şəxs “hər şey qanun çərçivəsində olmalıdır” desə, damğası qeyrətsiz olacaq, yox, o, “mən də layiq olduğu cəzanı verərdim” desə, cavab yenə hazırdır: “Bax, görürsən? Ona görə də özünə rəva görmədiyin şeyi başqasına da görmə”.

Təkcə 3 gündən bəridir ictimaiyyət arasında gedən bu söz-söhbətlər sübut edir ki, o yeniyetmə nə boyda qəbahət bir iş tutub, insanların incə damarına toxunub. O, bu hərəkəti öz nənəsinə qarşı etsə də, qınanılacaqdı.

Çünki bu ölkədə ağsaqqala, ağbirçəyə qarşı yol verilən istənilən nalayiq hərəkət qınanılır. Bu, ənənəvi “yaşlı nəsil-gənc nəsil” intriqasının təzahürü kimi görünür və yeni nəsillərin mənəvi deqradasiyaya daha çox məruz qalmasının göstəricisi sayılır. “Böyüyə hörmət, sayğı qalmayıb” kimi yüz illərdir dilə gətirlən replika öz təsdiqini tapmış kimi görünür.

Uzun sözün kəsəsi, uşaqlara ciddi tərbiyə vermək lazımdır. Onlar ictimai yerlərdə özlərini ədəb qaydaları çərçivəsində aparmalıdırlar, bilməlidirlər ki, hansı hərəkət qəbahətdir, hansı yaxşı şeydir, nəyi etmək olar, nəyi etmək olmaz.

Ancaq “indiki gənclərin tərbiyəsi” məsələsindən çox da bədgüman olmağa dəyməz. Xuliqanlar həmişə olub və olacaqlar, eyni zamanda ictimai nəqliyyatda ahıllara yer verən, yol keçən yaşlılara “nənə (baba), kömək lazımdırmı” deyən, həyətdə ağır torbalar daşıyan qonşularına “xala (əmi), verin, evə qədər mən daşıyım” deyən yeniyetmələr həmişə olub və həmişə də olacaqlar, inşallah.






Fikirlər