Bakıda QHT sədrinin qızını maşın vurub öldürdü - FOTO (Yenilənib)
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb. AzerTaym.az "teleqraf.com"-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib. Z.İsmayılovanın 3 övladı var. Faktla bağlı araşdırma aparılır. *** Bakıda iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisələrdən biri ötən gün saat 05 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb. Belə ki, Ənvər Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə İlhamə Əliyar qızı Ağayevanı vurub. Ağır xəsarətlər alan qadın vəfat edib. Oxşar hadisə dünən saat 12 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba şosesində qeydə alınıb. Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.